Xanəndə, idmançı,  həm də polis... - VİDEO
    • 23-04-2019, 14:47
    • 6 726

Xanəndə, idmançı, həm də polis... - VİDEO

Pərviz Qasimov indi də hüquq-mühafizə orqanlarında işləmək eşqinə düşüb

“Muğam televiziya müsabiqəsi-2017”nin birincisi, “Beynəlxalq Muğam Müsabiqəsi”nin qalibi, Azərbaycan Dövlət Televiziyasının solisti, prezident təqaüdçüsü, gənc xanənədə Pərviz Qasımov son zamanlar gündəmi zəbt edən mahnılardan söz açıb.

News24.az xəbər verir ki, ifaçı bayağı mahnılardan danışarkən günahın dinləyicilərin özündə olduğunu bildirib: “Mən istəmədiyim mahnıya qulaq asmıram. Məndən soruşsanız ki, sözügedən mahnılardan hansını bilirəm, cavabım  “bilmirəm” olacaq. Çünki zövqümü, qulağımı həmin mahnılarla korlaya bilmərəm. İnsan ruhunu dincəltmək istəyirsə, Rəşid Behbudova, Bülbülə qulaq asmalıdır. Mən Xan Şuşinskini, Səxavət Məmmədovu, Elçin Cəlilovu dinləyirəm. İnsan yaxşıların yanında doğulursa, yaxşı olacaq. Yox, əgər pislərin yanındadırsa, elə onlar kimi də yetişəcək”.

P.Qasımov bayağı mahnıların yayılmasında bəzi televiziyaları günahlandırıb: “Həmin mahnıların yayılmasınının günahkarı bəzi telekanallardır. Onları efirə buraxırlar, tamaşaçıya sevdirirlər. Bizim zövqü olmayan tamaşaçılarımız da bir-biri ilə bəhsə düşüb “onun toyunda filankəs oxumuşdu, mən də onu çağırım” deyib bayağı mahnıları narkotik kimi insanların beyninə yeridirlər”.

Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan Pərviz Qasımov həm də peşəkar idmanla məşğul olduğunu da deyib: “Sambo-cüdo üzrə gənclər arasında Avropa çempionuyam. Həm də “Bodybuilding”lə məşğul oluram. Universitetdəki təhsilimi bitirdikdən sonra hüquq-mühafizə orqanlarında işləməyi arzulayıram. Qarabağlı olduğuma görə, idmana və xanəndəliyə marağım olub. Nənəm, babam, atam da çox gözəl xanəndə olublar.

Oxumaq idamandan çətindir. Çünki muğamı hər adam ifa edə bilməz. Böyük qəzəlləri, fəlsəfi sözləri hazırlamaq və muğamda ozumaq çox böyüş şücayət tələb edir. Buna görə də muğam mənim üçün idmandan daha çətindir”.

Teymur MƏMMƏDOV
Video: Fərid ŞABANOV