"Bu şəhərdə"nin 200 minlik "Şabaş"ı - FOTOLAR - VİDEO
    • 6-12-2019, 14:31
    • 2 052

"Bu şəhərdə"nin 200 minlik "Şabaş"ı - FOTOLAR - VİDEO

"Bu Şəhərdə" komandası 11 ildən sonra yeni "Şabaş" adlı filmini təqdim edib.

Yaradıcı heyət filmlə bağlı News24.az-ın suallarını cavablandırıb: "Şabaş" "Bu şəhərdə" prodakşının sayca üçüncü filmidir. Biz filmlər arasında böyük fasilə verdik. Yeni filmin gec ərsəyə gəlməsinin əsas səbəbi konsertlərimizin və səfərlərimizin çox olmasıdır. Yaradıcılıq fabrik, müəssisə deyil ki, İstədiyimiz vaxt nəsə istehsal edək. Bunun üçün münbit mühit, məqam yaranmalıdır. Zənnimizcə, biz gecikməmişik. Əksinə, filmimiz tam vaxtında ışıq üzü görüb. Çəkilişlər altı ay Bakıda aparılıb. Əsasən, yay aylarında çəkmişik. Ümid edirik ki, tamaşaçıların xoşuna gələcək və insanlar ailələri ilə gəlib rahat şəkildə izləyəcəklər. Bu filmdə neqativ heç nə yoxdur. Buradakı aktyorların hamısı peşəkardır. Filmin 200.000 manata başa gəlməsinə gəlincə, bu normaldır. Azərbaycanda 400-500 min büdcəsi olan filmlər var".

Aktyorlar qeyd ediblər ki, ekran işi komediya janrındadır: "Əsas odur ki film "-81"dir, "18+" deyil. Ailə rahatlıqla izləyə bilər. Amma o demək deyil ki, hər addımbaşı orada gülüş var, düşündürücü məqamlar kifayət qədərdir. Mənə elə gəlir ki, tamaşaçılar üçün çox maraqlı olacaq. Deyim ki, bu ssenaristin təxəyyülüdür, yox. Hər bir sahədə belə bir vəziyyətə düşmək olar".

Aktyorlar çəkiliş zamanı üzləşdikləri çətinlikləri dilə gətirdilər: "Həddən artıq çətinliklərlə üzləşdik. Çəkilişlər Ramazan ayına təsadüf etdi. Aktyorların və komandanın yarısından çoxu oruc tuturdular. Çox çətin idi. Hamımız bir yerdə imsakı və iftarı edirdik. Elə olurdu ki, dayanmadan bir sutka çəkilişlər olurdu. Çəkiliş üçün böyük bir temp tələb olunurdu. Sağ olsunlar, hamı böyük bir səbr nümayiş etdirdi. Heç bir anlaşılmazlıq yaşanmadı. Sonda da filmimizi çəkib yekunlaşdıra bildik".

Yaradıcı heyət ənənəvi olaraq qadın obrazlarına görə səslənəcək tənqidlərdən də söz açıb: "Birdəfəlik başa düşsünlər ki, “Bu şəhərdə” teatrının janrı hələlik budur. Bütün səhnəciklər iki aktyorun arasındadır. Nə vaxtsa dəyişilsək, kişi “kişi” rolunu oynayar. Müzakirə edən kimlərdir ki? Böyük əsərlərə imza atmış bir insan (gülür). Müzakirə edən insan 20 min insan deyil ki,12 gün ərzində gəlib konsertimizi izləyir. Tamaşaçılar bizi sevə-sevə gəlib izləyir. Bizim bəlli bir auditoriyamız var. Məsləhət görürəm ki, danışılanlara fikir verməyəsiniz. “Konsertlərimizdə qadın obrazları olmasa, tamaşaçılar üçün bu qədər maraqlı olmayacaq” kimi fikirləri heç düşünmürük. Çünki biz peşəkar aktyorlarıq. Həm də biz konsertlərimizdə tək qadın deyil, kişi obrazlarını da canlandırırıq. Bizim həm də tamaşaçılarımızın arasında hər iki cinsin nümayəndəsi var. Orada hərə özünü görmək istəyir".

Jurnalistlərdən birinin "Bu illər sizin də saçlarınızı və saqqalınızı yaman ağartdı" fikrinə isə Rafael İsgəndərov belə cavab verdi:
"Neyləyim rəngləyim? Lazım olanda saç və saqqalımızın rəngini dəyişirik. Məsələn, filmdə saçlarım qara rəngdədir, amma "stop" deyilən kimi gedib kraskanı yuyurdum. Rəngli saçla evə getmirdim. Getsəydim, yolda vurulardım (gülür)".

Qeyd edək ki, filmdə baş rolları əməkdar artislər Coşqun Rəhimov və Rəfael İsgəndərov canlandırıb. Onlarla yanaşı aktyor Allahverdi Yolçuyev, Əməkdar artist Nahidə Orucova və digərləri rol alıblar.

Sevda Bayramova