AzTV Xuraman Şuşalının iddialarına cavab verdi
    • 24-01-2020, 00:47
    • 923

AzTV Xuraman Şuşalının iddialarına cavab verdi "..hicablı olduğu üçün efirə buraxılmır"

“Bu gün bəzi saytlarda müğənni Xuraman Şuşalının AzTV barədə mənbəyi göstərilməyən ittiham dolu açıqlaması dərc olunub. Müğənni məntiqsiz, mənbəsiz və məsuliyyəti unudaraq iddia edir ki, guya hicablı olduğu üçün efirə buraxılmır. AZTV-nin verilişlərinə diqqətlə baxsanız, görərsiniz ki, hicablı qonaqlar və ekspertlər, tamaşaçılar verilişlərdə iştirak, çıxış edir.
News24.az “Report”a istinadən xəbər verir ki, bu barədə AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsindən müğənni Xuraman Şuşalının iddialarına cavabda bildirilib.
Qeyd edilir ki, Xuraman Şuşalının iddaları əsassızdır:
“Ayrıca olaraq Mədəniyyət telekanalında İslam dininin dəyərləri ilə bağlı veriliş hazırlanır. Odur ki, əsassız və məntiqsiz yanaşmanın kim tərəfindən və nə üçün ortaya atılması bizə də maraqlıdır.
O ki qaldı müğənnilərə, biz dəfələrlə demişik, bu gün də deyirik ki, AzTV-nin xüsusən musiqi siyasətini Bədii Şura müəyyən edir. Yaşından, səsindən, cinsindən və geyimindən asılı olmayaraq, hər bir müğənninin AzTV, Mədəniyyət və İdman telekanallarında çıxışı yalnız Bədii Şuranın müzakirəsindən və sonda keçirilən səsvermənin nəticəsindən asılıdır.
Konkret olaraq, Xuraman Şuşalıya gəlincə, müğənni yalnız indi deyil, illərdir AzTV-nin efirində çıxış etməyib. AzTV-nin bu adda solisti yoxdur. Hər halda bunun səbəbi biz deyilik. AzTV hər zaman efir səviyyəsini qoruyub, bu gün də qoruyur. Bu səbəbdən hər müğənninin AzTV-nin efirində görünməsi mümkün deyil”.
Xatırladaq ki, Xuraman Şuşalı News24.az-a müsahibəsində  "AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir. Halbuki, mən  o televiziyada böyümüşəm. “Bənovşə” uşaq xorunda oxumuşam, AzTV-nin solisti olmuşam, “Qızıl Fond”da ifalarım var"-, deyə səsləndirmişdi.