“Bələdiyyə sədri mənə təklif elədi ki...”- trans Ayandan ŞOK FAKTLAR -VİDEOMÜSAHİBƏ
    • 24-01-2020, 15:53
    • 8 105

“Bələdiyyə sədri mənə təklif elədi ki...”- trans Ayandan ŞOK FAKTLAR -VİDEOMÜSAHİBƏ

Gey, trans, cinsi azlıq kimi tanınanların cəmiyyətə qaynayıb-qarışmaq cəhdi insanların içində narahatlıq yaradıb. Canımıza “Birdən mənim övladım da belə olar” qorxusu salıb.
Ona görə də onları görməzdən gəlməyə çalışırıq. Yerlərinə xəcalət çəkirik. Qulağımızı çəkib “Allah uzaq eləsin” deyirik. “Üzdəniraq”lar deyə çıxdaş eləməyə çalışırıq. 
Amma qəbul eləsək də, eləməsək də, onlar ətrafımızdadırlar. Bizimlə eyni cəmiyyətdə yaşayırlar. Onları hər kəs kimi qəbul eləmələri üçün əllərindən gələni eləyirlər. 


News24.az-a danışan trans Ayan kimi. O, müsahibəsində həyatındakı bilinməyən, deyilməyən məqamlara aydınlıq gətirməklə trans olmağının səbəblərini hər kəsə çatdırmağa çalışıb.   

- Əvvəlki adını bilmək olar?   

 - Əvvəlki adım hələ ki, gizli qalsın.  
 
- Səbəbi? 

 - Psixoloji durumumla bağlıdır. Mən ümumiyyətlə oğlan adımı, oğlan həyatımı bitirmişəm. Yeni həyatıma  Ayan adı ilə başlamışam. Ona görə də o adı həyatımdan birdəfəlik  çıxarmışam.  

- Neçə yaşından qadın paltarı geyinirsən?  

 - 11 yaşından özümü tanımışam, bir bədənin, başqa ruhun daşıyıcısıyam. 16 yaşımdan hisslərim bədənimi başqa səmtə yönləndirir.  
 
“Məktəbdə “qızbibi-qızbibi” deyə çağırırdılar”
 
 - Deyirsən, məktəbdə oxuyandan özündə bunu hiss etmisən, bəs ətrafındakılar sənə necə yanaşırdılar? 
 
 - Yəqin ki, İstər-istəməz hamı hiss edib, çünki qız tipli insan idim. Hərəkətlərim, danışığım, sinifdə özümü aparmağım bunu hiss etdirirdi. Hətta məhəllə içində məni “qızbibi-qızbibi” deyə çağırırdılar. O ad artıq beynimdə ikili fikir yaratmışdı. Özümü dərk etmirdim, anlaya bilmirdim ki, mən kiməm, niyə beləyəm. Sadəcə, psixologiyam, düşüncələrim yavaş-yavaş öz işini görürdü. Zaman ötdükcə anladım ki, mən transseksualam. 

““Nazpəri” deyə-deyə trans oldum”
 
 - Məktəbdə sənin kimi oriyentasiyada olan var idi?  
 
 - Yox. Məktəb vaxtı hər kəs məni görəndə “Nazpəri gəlir” deyə qışqırırdılar. Xalq artistimiz Nazpəri Dostəliyevanın fanatı idim, hər kəs məni görəndə onu xatırlayırdı. Məktəbdə elə ad çıxarmışdım ki, artıq məni görəndə, dərsə gələn kimi hamı əl çalırdı. Beləcə, Nazpəri xanıma pərəstiş eləyə-eləyə trans oldum. 

 - Sənə “qızbibi” demələrinə ailən necə münasibət bəsləyirdi? 

- Məni belə çağırmalarından evdəkilərin xəbəri olmurdu. Lap desələr də, bir uşağın sözünə kim inanacaqdı ki... 

Sən özün də demirdin evdə?

 - Yox, yalnız 6 il əvvəl dedim. Artıq gizlədə bilmədim bunu. 

Necə qəbul etdilər?  

Pis. Düzdür, məni evdən çıxmağa məcbur eləmədilər. Amma dedim ki, pulum yoxdur ki, gedim əməliyyat olunum və sizin yanınızda qadın kimi qalım. İcazə verin, belə qalım, işimə gedib-gəlim, öz həyatımı yaşayım. Ona da razı olmadılar, qəbul etmədilər.  


- Harda böyümüsən? 

Bakıda. 

Ailədə tək uşaqsan?

-Yox, bir qardaşım da var.

Ailən sənə görə utanırdı? 

- Trans olduğumu açıqlayandan iki ay sonra evdən çıxdım. Ona zaman qalmadı. 

“Psixoloq anama dedi ki...”
 
 - Səni dəyişməyə çalışdılarmı?   

 - Əlbəttə, psixoloq yanına apardılar. Müxtəlif həkimlərin yoxlamalarından keçirdilər. Amma tibbin edə bilməyəcəyi şeyi nə valideyn sevgisi, nə də başqa bir şey dəyişə bilər. Bu, qismətdir, Allahın etdiyi bir şeyi valideyn necə dəyişə bilər? 
 
 - Qismət deyirsən, axı sən də digər həmcinslərin kimi yaranmısan... 

 - Mənim transseksual olmağım anadangəlmədir. Qanımda 99 faiz qadın testeronu aşkarlanıb, bir faiz kişi. Müalicə olunub, normal bədənimi özümə qaytarmaq üçün külli miqdarda pullar da tökmüşəm.  Tibb belə qarşımda aciz qalıb. Psixoloq anama dedi ki, artıq bizim edəcəyimiz bir şey yoxdur. Onda anam başa düşdü ki, məni geri qaytarmaq mümkünsüzdür. 

 - Təhsilin var?

-  Orta təhsilliyiəm. 

Cinsiyyətini dəyişmisən?  

 - Yox, amma buna hazırlaşıram. Bunu müalicəsiz etmək mümkün deyil. Hazırda hormonal müalicə alıram. 2020-ci ilin sonu əməliyyat olunacam.   

 - Əməliyyat üçün nə qədər pul lazımdır?  
 
- Ölkəyə görə qiymətlər dəyişir, məsələn, Moskvada 4700 dollardı. Türkiyədə isə bu, 11 min manata başa gəlir. 

 - Sevgilin var? 

- Mən sevgiyə inanmayan adamam. Sevgilim yox, amma görüşdüyüm insanlar olub.  

 - Kimlərlə görüşürdün?  

 - Aralarında adi insanlar da olub, amma  təbəqənin yüksəyinə getməmişəm heç vaxt.  

 -Aralarında tanınmışlardan kimsə vardı? 

 - Bir dəfə olub, eks bələdiyyə sədri, amma mən hər zaman elə insanlardan qaçmışam. Heç bir zaman özümü elə adamların çevrəsində görməmişəm. İşlədiyim yerlərdə də belə insanlar olub, amma mən onların ovu olmamışam. 

 - Bəs, qadınlar arasında heç vaxt xoşuna gələn olmayıb? 

 - Xeyr, yalnız məktəb vaxtı qızlarla dostluq edirdim, oğlanlara qoşulub futbol oynamaqdansa, qızlarla “evcik-evcik” oynamağa üstünlük vermişəm. Amma o, uşaqlıqda qalıb. Hazırda ətrafımda qız yoxdur.  

 - Küçəyə, insanlar arasına çıxanda trans olduğunu anlayırlar?  

 - Adi həyatda makiyaj eləmirəm. Yalnız tədbirlərə gedəndə belə bəzənirəm. Kimlərinsə mənə trans kimi baxması mənimçün önəmli deyil.  

 - Yanaşmaları necədir?  
 
 - Məni yaxından tanımayana qədər qınaq obyekti ola bilərəm. Amma tanıdıqdan sonra insanların münasibəti dəyişir. Trans kimi tanıyır, başqa gözlə baxıb hörmət edirlər.  

 - Axırıncı dəfə nə vaxt kişi geyimində olmusan? 

 - Üç il öncə təzə-təzə başlayanda. Artıq ailəmdən uzaq idim, rəfiqələrimlə qalırdım, qonşular bilməsin deyə  qaldığımız evdən çıxanda dəyişirdik. Çox vaxt da maşında bəzənib, altdan geyindiyimiz qız paltarlarını üstə çıxarırdıq.  
 
 - İndi işləyirsən? 

Rəqqasəlik edirəm. Əvəllər də bir çox sahələrdə işləmişəm. Stilist kimi çalışmışam,  məşhurlarla işləmişəm. Özümü incəsənətə yaxın bilmişəm. Uşaqlıqdan arzum olub ki, musiqiçilərin mühitində olum. Aparıcı olmaq istəyirdim, danışığımda qüsur olduğuna görə icazə vermədilər. 

Nə qədər maaş alırsan

- Maaş qarşı tərəfin verəcəyinə baxır. Əvvəldən məbləğ deyirəm, razıdırsa, gedirəm. 

 - Transların çoxunun bədənini satdığını deyirlər. Sən necə?  

 - Yox, buna qarşıyam. Etiraf edim ki, nə zamansa olub. Türkiyədə olanda, bir meddət də burda olanda bunu eləmişəm. Amma bir müddət. İndisə sənətim var və işimi də çox sevirəm.  
 
 - Ailə qurmaq istəyirsən?  

İnşallah, qismət olsa, əməliyyatdan sağ çıxsam, ailə qurmağı düşünürəm.  

 - Bəs övlad? O haqda da düşünürsən? 

 - Övladım ola bilməz. Yəni bu natural bir bədən deyil ki, analıq hissini yaşayım. Amma bir arzum var, alınsa, kimsəsiz bir uşağa sahib çıxmaq istəyərdim. 

- Övladlığa uşaq götürsən, qız yoxsa oğlan uşağı seçəcəksən? 

Oğlan götürəcəm və bir oğul anası olub onu istədiyim kimi yetişdirmək istəyirəm.  

 - Birdən oğlun da trans oldu, nə edərsən? 

 - İnşallah olmaz. Olsa da, yenə Allahın qisməti deyib susaram.  

-  Bəs, o böyütmək istədiyin oğlan sənə görə bir gün xəcalət çəkərsə?...  
 
 - Arxamca iz buraxmayacam. O yalnız rəqqasəliyimdən xəcalət çəkə bilər. Çünki mediada keçmiş gey, indi də rəqqasə kimi təqdim olunuram.  Zamanı gəlincə o yazılar olmayacaq.  

 - Çölə çıxanda qorxursan?  

- Əvəllər  narahat olurdum. Evdən çıxanda, dükana düşməyə qorxurdum. İndi gündüz vaxtı rahat çıxıram, sərbəst şəkildə gəzirəm. Artıq o zəmanə deyil, Azərbaycanda hər şey öz yerini tapıb. Bəziləri internet vasitəsilə təhqirlər yağdırsa da, biz qəbul edilmişik.   

“Valideynlərim onu-buna lağ elədi, Allah onlara mənimlə dərs verdi”
 
 - Bayaq Allaha sevgidən danışdın. Bilirsən ki, elədiklərin günahdır?  

 - Mənim üçün ən böyük günah bədənimi satmağım olub. Bundan başqa heç bir günahın sahibi deyiləm. Mən Allahın yazdığı yazını yaşayıram. Heç bir ana istəməz övladı belə olsun, heç bir övlad da istəməz ki, 6 il anasının üzünü görməsin. Mən istəməyə-istəməyə bu həyatı yaşadım. Amma taleyimlə barışmışam. Mən özümə bir möcüzə kimi baxıram. Vicdanımla, rəhmli olmağımla, Allaha bağlılığımla. 6 ildi ziyarətə ayaq qoymuram, amma heç bir zaman Allahdan uzaqlaşmamışam. Yaradan yaşatdığını yaşadır. Amma bir məqam da var. Bu gün mən valideynlərimin dediklərinin cəzasını çəkirəm. Onun övladı belə, bunun övladı elə deyə lağ eləyirdilər. Allah mənimlə onlara ibrət dərsi verdi. Burdan demək istəyirəm ki, kimsə kimisə qınamasın. Sabahından xəbərsiz həyat yaşayırıq. Bu gün bizi qınayan bir oğlan, sabah bir transseksualın atası ola bilər.  

 - Şəxsi həyatında geylərlə, yoxsa kişilərlə münasibət qurursan?  

 - Qarşı cinsin özüm kimi olduğunu qəbul edə bilmərəm. Yəni bu mənim həyatıma zidd olan bir şeydi. Kişi kişi olmalıdır. Yumruğunu stolun ustünə vurub, sözünü deməyi bacarmalıdır. Biləndə ki, ünsiyyət qurduğum adam geydi, qəti olaraq onunla münasibətdən imtina edirəm.   

 - Səni əskərliyə çağırıblar? 

 - Anadangəlmə ürək xəstəsi olduğuma görə aparmadılar.  

 - İdmanla məşğul olmaq, məşq eləməklə aran necədir?   
 
 - Bir ara maraq göstərdim. Qadın, yoxsa kişi olmaq seçimində qaldığım vaxtlarım vardı. Psixoloji get-gəllərim. Düşünürdüm, müalicə olunub, kişi olacam,  idmana gedib güclü olacam deyə fikirlər yaranmışdı. Bu, hər bir geyin, transın  yaşadığı bir şeydi. Ancaq onda iki-üç günlük idmana getdim.  

 - Rəqqasəlikdən nə qədər pul qazanısan? 

- Qarşı tərəfin verəcəyi məbləğdən asılıdır. Standart iki rəqsə 150 manata gedirəm.  

 - Dəvətlər çoxdu?  

- Hələ ki, bir o qədər də çox deyil. Yaxınlarımın tədbirlərinə ödəniş olmadan gedirəm, sırf reklam üçün. Amma daha çox instagram üzərindən işləyirəm. Amma belə hallar da çox olub ki, trans olduğumu öyrənəndən sonra imtina ediblər. Azərbaycanda ilk transam ki, rəqqasəlik edirəm, amma münasibət yavaş-yavaş dəyişir. Türkiyənin ən böyük oriental rəqqasə səhifəsi haqqımda yazıb,  EGBT üzvü kimi ilk dəfə, trans olaraq adımı ora yazdırmışam.  

-  Bayram Nurluya münasibətin necədi? 

 - Normal. Onun öz biznesi və adı var. O bizdən fərqlidir. 

Fərqi nədir?  

Onun simasına baxanda bəllidir, mənim adım transdırsa, onun da adı geydir.  

 - Geyləri tanıya bilirsən? 

 - Artıq bədəndən oxunur. Uzaqdan baxanda bilinir ki, bu insan hansı yöndədi. Qan-qanı çəkir deyillər,aaa... Bax, o baş verir.  

 - Tanınmışlardan kimdə hiss eləmisən?  
 
- Efir bəlli məsələdir, şou-biznes adamının əksəriyyəti geydir.  


- Ad çəkə bilərsən? 
 
 - Yox. 

- Qorxursan? 

Qorxsaydım, sizə müsahibə verməzdim. Sadəcə, həmin adamın şəxsi həyatı üçün deyə bilmərəm.  
 
 - Bizdə çox vaxt gey, trans, cinsi azlıq deyirlər, bunların fərqi var? 

- Əslində eyni addır. Biri qıza oxşayan oğlandır ki, qadın hissləri yaşayır, ikincisi də qadın hisslərini kişi bədənində məcbur yaşayanlardır. Trans qadın ruhunu azad yaşayır. Qaldı ki, cinsi azlığa, yeganə bizdə cinsi azlıqları bu qədər aşağı səviyyəyə salıb yazırlar. Amma Türkiyədə yaşadığım müddətdə əlini uzadıb biri də demir ki, transdı. Di gəl, Bakıda günün günorta az qalırlar dayanıb üzümə desinlər ki, “sən transsan” .  

Hazırladı: Afaq Mirayiq