Miri Yusif fanatlarla GÖRÜŞÜB - VİDEO
    • 3-02-2020, 16:22
    • 1 478

Miri Yusif fanatlarla GÖRÜŞÜB - VİDEO

Ötən gün Azərbaycan gəncləri üçün əlamətdar bir gündə, Xalq artisti Miri Yusif “ruh əkizləri” adlandırdığı fanatlarıyla maraqlı görüş keçirib.

News24.az xəbər verir ki, Baku Crystal Hall-da yerləşən Crystal Cafe-də keçirilən görüşə müğənninin 150-dən çox pərəstişkarı toplanıb. Görüş daha çox Rusiya televizayalrında müşahidə etdiyimiz və “kvartirnik” adlandırılan bir konseptdə həyata keçirilib. Bu tərz tədbirlərin mahiyyəti pərəstişkarlarla səmimi, sanki evdəki kimi bir abu-havanın yaradılmasından ibarətdir. Və dünənki görüş, formatın çox düzgün seçildiyini bir daha sübut etdi. Sevimli müğənnilərinin bir addımlığında əyləşən fanatlar Miri Yusifin coşqusunu, enerjisini, səmimiyyətini anındaca hiss edib səsinə-səs verirdilər.

Görüş tərzində keçən mini-konsertin idarəsi populyar radio və video aparıcı DJ Fatehin öhdəsinə düşmüşdü. Elə ilk sualları da Miri Yusifə məhz  o oldu. Əlbəttə, hər kəsi ən çox maraqlandıran 24 may tarixində Baku Crystal Hall-da keçiriləcək konsertin hazırlıqları maraqlandırıdı. Miri Yusif bu hazırlıqların nəinki çoxdan başlandığını və bu gün çox dinamik getdiyini qeyd etdi. Eyni zamanda, vurğuladı ki, əslində 10 illik solo fəaliyyəti elə bütövlükdə bu konsertin hazırlıqları imiş.

Tədbirdə aparıcı ilə birlikdə orada iştirak edən jurnalistlər və fanatların özləri də sualı-suala calayıb, sevimli sənətçiləri ilə söhbətdən doymurdu. Fanatlar çox darıxdıqlarını deyirdilər. Miri Yusif də eyni hissləri keçirdiyini və görüşmədikləri bu müddət ərzində onlara özəl bir sürpriz hazırladığını qeyd etdi. Bu “Ruh əkizləri” klipi idi. Və  “ruh əkizləri” bu sürprizdən çox məmnun qaldılar. Ümumiyyətlə, bu məmnunluq, səmimiyyət və dostluq atmosferi bütün görüşü izlədi. Sonunda Miri Yusif 10 illik solo karyerasında onu bir gün belə tək qoymayan komanda üzvlərinə və “ruh əkizlərinə” minnətdarlığını bildirərək hamını 24 may  Crystal Hall-da keçiriləcək konsertinə dəvət etdi.

Qeyd edək ki, konsert İctimai Televiziya tərəfindən lentə alınıb və yaxın zamanda İTV-də nümayiş olunacaqdır.

Sevda Bayramova