"Ay qız, səni ona görə bloklamışam ki..." - FAİQDƏN RÖYAYA  - VİDEO
    • 4-02-2020, 15:09
    • 1 365

"Ay qız, səni ona görə bloklamışam ki..." - FAİQDƏN RÖYAYA - VİDEO

"Yeni mahnımı təqdim eləmişəm. Əsl adı "Şur təsnifi"dir. Bildiyiniz kimi, mən zaman-zaman köhnə mahnılara müraciət edirəm. Və bu mahnı da onlardandır. 60-ci ilərdə onu Nazim Ağayev ifa eləmişdi. İllər sonra bu mahnıya yeni nəfəs verdim. Çox şadam ki, kim mahnıya qulaq asırsa, rəqs edir".

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Faiq Ağayev deyib. O, bildirib ki, yazda sözügedən mahnıya klip çəkdirəcək: "Havaların isinməsini gözləyirik, çünki mahnıda güldən, çiçəkdən söhbət gedir. Amma bununla yanaşı daha bir yeni mahnımı sevənlərimə təqdim edəcəm. Sözləri Leyla Əliyeva, musiqisi isə Nadir Nəğd Pula aiddir. Mahnının adı "Qoruyun"dur. Pozitiv, məhəbbət dolu mahnıdır. Ona da klip çəkdirəcəyik. Çalışırıq, iş çoxdur. Təxminən 9 mahnımız hazırdır. Yəni iki il rahat istirahət edə bilərəm. Biz Nadir Nəğd Pulla tam fərqli Faiq Ağayev kəşf etdik".

Xalq artisti bəzi həmkarlarının efirə tək çıxma şərtləri haqda da danışıb: "Əslində hər bir insanın rahat olacağı bir yer olmalıdır, amma baxır sən o şərti harda qoyursan. Mən efirə gedəndə, öncədən qonaqların adını soruşuram. Uzlaşma görmürəmsə, o verilişə getmirəm. Amma indiyədək qatıldığım proqramlarda qonaqlarla bağlı heç bir problem yaşamamışam".

F. Ağayev Xalq artisti Röya Ayxanla münasibətlərindən söz açıb:
"Bizim Röya ilə heç bir problemimiz yoxdur. Ara-sıra görüşürük. Hətta Azad Şabanovun toyunda həm onu, həm də Miri Yusifi gördüm, fəxri ad alması münasibətilə onları təbrik elədim. Röya bəzən mənim "Uşaq kimi" mahnımı paylaşır. O gün mənə dedi ki, bu mahnını mən oxumalıydım (gülür) O ki, qaldı onun danışdığı blok məsələsinə, Röyanın komandası "İnstagram" hesabını işlədirdi və səhifəsini sıfırlamışdı. Sonra tədbirlərin birində üz-üzə gəldik, soruşdum ki, "Ay qız, sən niyə məni instaqramda dostluğundan çıxarmısan?" Dedi ki, səhifəni mən idarə etmirəm. Bir həftə gözlədim, gördüm dəyişiklik yoxdur, mən də onu blokladım (gülür)".

Ağayev sosial şəbəkədə aktiv fəaliyyətindən də bəhs edib: "Mən heç vaxt səhifəmi sıfırlamaram, ancaq bəzi günlərində təmizlik işləri görürəm. Məsələn, elə insan var ki, 2010-ci ildən "Facebookda" dostluğumdadır. Görürəm, heç bir reaksiya yoxdur, ancaq ad olsun ki, Faiq Ağayevin dostluğundayam. Onda o şəxsə yazıram ki, bu səbəbə görə yollarımızı ayırıram".

Sevda Bayramova