“Onu ömürlük həyatımdan sildim” - FATİMƏ FƏTƏLİYEVA - VİDEO - FOTOLAR
    • 7-02-2020, 18:49
    • 9 914

“Onu ömürlük həyatımdan sildim” - FATİMƏ FƏTƏLİYEVA - VİDEO - FOTOLAR

Deyir ki, bu sənətdəki yerimi, uğurumu dişimlə - dırnağımla qazanmışam. "Göyçək Fatimə"yə çevrilənə qədər məşhur nağıldakı kimi olmasa da, onun da "əl-ayağı bağlı kəhrizə atmaq", "faytonunu balqabağa çevirməyə" cəhd edənlər olub. Söhbət qarışqa kimi çalışmağı sevən, amma şəxsi həyatından danışmaqdan qaçan tanınmış rəqqasə Fatimə Fətəliyevadan gedir.  

Sənətçinin News24.az-a verdiyi müsahibəsini təqdim edirik. Amma bu dəfə söhbətə onun sənətindən yox, biznesindən başladıq.


- Əslində bizneslə sənəti bir-birinə qarışdırmaq doğru deyil. Əks halda, sənətini sevən insan üçün bu, hörmətsizlikdir. Mənim üçün sənət hər zaman birinci olub. Səhnəyə gəldiyim ilk gündən bu yana büdrəyə-büdrəyə zəhmətimlə addımlayıb bir çox uğura nail olmuşam. Düzdür, indi bir çoxları sənətə ancaq pul qazanmaq xatirinə gəlir, amma məncə, bu, çox yanlış bir şeydir. Düzdür, əvvəllər mən də madiyyat arxasınca qaçmışam. Toylarda rəqs etmişəm, məclisə aş gətirmişəm, bir günün içində 10 şou-proqramda çıxış etmişəm. Amma bunları sənətimlə bağlı layihələrimı həyata keçirmək naminə eləmişəm. Yəni pulu klip çəkdirmək, hansısa yaradıçı işimi gerçəkləşdirmək üçün qazanmağa çalışmışam. Mənim üçün sənətim, təqdimatım, adım hər şeydən vacibdir.  
- Əvvəllər hər bir tənqidə emosional yanaşırdınız, depressiyaya düşürdünüz, hətta göz yaşı belə tökürdünüz... 

- Bilirsiniz, evdə valideyn öz uşağını tənbeh edə-edə, onu danlaya-danlaya böyüdür. Nəticədə isə sağlam düşüncəli övlad yetişir. Eynilə də mən. Tənqidlərə qulaq asa-asa sənətimdə irəlilədim. Azərbaycan rəqslərinin sirrlərini bilmirdim, amma indi özüm fərdi şəkildə xoreoqraf kimi çalışıram. Cavanlıqda kimsə mənə söz deyəndə inciyirdim, amma indi onlara təşəkkürümü bildirirəm. Həyatda uğur qazanmaq üçün bütün çətinliklərdən keçmişəm. Bəlkə də kənardan kimsə mənə baxanda deyəcək ki, “Fatimə xanımın gözu doymur”, amma elə deyil. O ki, qaldı depressiyaya. Belə hallar indi də məndə  olur. Məsələn, iki ay öncə depressiyaya düşmüşdüm, inanın ki, heç nə ilə məşğul olmaq istəmirdim. Amma indi yaxşıyam, içimdə işimə sevgi dolub daşır. Məncə insan özünü olduğu kimi göstərməlidir. Əgər, pisəmsə, deməli pisəm, yaxşıyamsa yaxşıyam.  

- Tez-tez sosial şəbəkələrdə ətrafda baş verən hadisələrə sərt reaksiya verirsiniz... 

- İnanın ki, məni elə ən çox bu depressiyaya salır. Bəzi sənətçilərimiz özlərini çox pis təqdim edirlər. Oturuşları, danışıqları, məclislərdə idarə etmələri çox biabırçıdır. Onları görəndə sənətdən getmək istəyirəm. Amma düşünürəm ki, mən, sən, o getsin, pislər qalsın? Tamaşaçılar bəzən bu cür ab-havadan bezir, yorulur. Çünki bu cür insanları görəndə tamaşaçılar düşünür ki, bu şou adamlarının hamısı eynidir, heç biri özünü normal apara bilmir. Görürsən, oxuyanlardan, ya da rəqqasələrdən hansısa biri məclisdə, yaxud da bir məkanda gah başı üstündə fırlanır, gah masanın üstündə oxuyur, gah çarpayıya yıxılır...   Belələrini görəndə dəhşətə gəlirəm. Qəribəsi odur ki, bu cür adamları nədənsə daha çox reklam edib önə çıxarırlar. Sonra da onlar elə böyük-böyük danışırlar ki.... Baxanda fikirləşirlər ki, bunlar nə ediblər, ümumiyyətlə hər hansısa bacarıqları varmı? Ancaq danışırlar. Düzdür, nədənsə belə iradlar daha çox oriyental oynayan rəqqasələrə ünvanlanır. Amma insafla demək lazımdır, bəzi ifaçılar bu rəqsləri çox möhtəşəm şəkildə təqdim edirlər. Mən belələrini görəndə alqışlayıram.  


- Sosial şəbəkələrdə sizi də az tənqid eləmirlər. Bəzən təhqir də yazan olur... 

- Düzdür yazanlar var, amma çox deyil, bir- iki adam yazır. Onlar da olmalıdır. Hər kəs məni sevə bilməz. Amma heç nə elə-belə olmur. Ola bilsin ki, bu kiminsə sifarişi ilə olub. Bəyəm Fatiməni sevməyən azdır?! Nə yaxşı ki, içimdə kin, nifrət yoxdur. Amma lazım gələndə cavabını da verirəm. Kiminsə mənə söz deməsinə icazə vermərəm. 

- Həmkarınız Oksana Rəsulova onu "rəqqasə" adlandırılmasını istəmir. Siz necə? 

- Mən fəxr edirəm ki, Azərbaycan rəqqasəsiyəm. Mən ancaq milli rəqslərimizi nümayış etdirməyi tərcih edirəm. O yaşda deyiləm ki, atdana - düşə hind rəqsi oynayım. Bu gün mənə ancaq ciddi, ağır milli rəqs eləmək yaraşır. Amma içimdə o çılğınlıq həmişə olacaq. Hər dövrün öz gözəlliyi var.


 - İndi belə deyisiniz, amma vaxtıilə bununla bağlı bəzi həmkarlarınızla rəqabətə girirdiniz... 

- Xeyr. Mən yox, onlar mənimlə rəqabətə girirdilər. Sadəcə, gənclik illərimdə tez özümdən çıxırdım, hər sözə reaksiya bildirirdim, indi elə deyiləm.  

- Zamanında Fatimə - İlham cütlüyü var idi. Hər yerə birgə çıxırdınız. Amma sonra aranızdan “qara pişik” keçdi... 

- Biz bir-birimizə dəstək olurduq. Hətta tərəziyə qoysaq, bəlkə də mən ona daha çox dəstək olmuşam. Amma sonra yollarımız ayrıldı. Çox sevinirəm ki, belə oldu. Xoş günümə sevinməyən adamla necə əlaqəm ola bilər? Bildiyiniz kimi, bu yaxınlarda ailəmdə xoş hadisə oldu. Mən o insandan bir quru təbrik gözləyirdim, amma o, telefonla zəngi belə çox gördü. Yolunu gözləmirdim, amma yenə də ürəyimdə kiçik bir hiss deyirdi ki, “Fatimə, ona inan”. Amma nəticədə öz-özümü aldatmış oldum. Ona görə də İlhamı ömürlük həyatımdan sildim. Halbuki mən onun hər işində -xeyrində, şərində yanında olmuşam.  


- Adətən, Fatimə Fətəliyevanın ətrafında müğənnilər olur. Bəs rəqqasələrlə dostluq eləmirsiniz? 

- Düzünü deyim, bu sahədə heç kimlə dost deyiləm, amma düşmən də deyiləm. Əsas da Novruz bayramlarında Fatimə yadlarına düşür. Amma dəstəyimi heç vaxt əsirgəməmişəm. Hətta danışmadığım insanlarla belə “salam-sağ ol” saxlayıram. Amma təəssüf ki, bunu anlamayıblar. Sadəcə, mən özüm üçün bir məsafə saxlayıram. Şou-biznes əhli ilə bir dəfə görüşsəm, ikinci dəfə artıq bir bəhanə ilə ora getmərəm. Çünki axırı yaxşı bitməyəcək. Orda qeybətlər olacaq, söhbətlərdə adım çəkiləcək. Ona görə də elə getməsəm, daha yaxşıdır. Düzdür, mən şou-biznesdə tanınmışam, amma yavaş-yavaş o ab-havadan uzaqlaşıram.  

- Toylara rəqqasə kimi gedirsiniz? 

- Ancaq özümün təşkil etdiyim xnalarda rəqs edirəm. Fərdi şəkildə rəqqasə kimi toylara getmirəm. Düşünürəm ki, artıq bunu edə bilmərəm. Məsələn, bu yaxınlarda bir qız pərəstişkarım məni toyuna dəvət etdi. Səhnəyə çıxdım çox utandım, özümü itirdim, rəqs edə bilmədim. Elə bilirdim o an hər kəs mənə pis-pis baxır. 

- Xınalarda həm də oxuyursunuz və buna görə çox tənqid olunduz. İlk olaraq dostunuz Ramal İstafilov sizi hədəfə aldı... 

- Əslində, Ramal düzgün danışır, ondan incimək lazım deyil. O mənə bu sözü deyir ki, başqaları oxumasınlar. Ramal çox istedadlıdır, amma tənbəldir. Əgər, müğənni olub indi oxuduğum kimi ifa eləsəm, onda Ramalla qalmaqal edib dalaşardım. Deyərdim ki, “xeyir ola, sən niyə mənim oxumağıma söz deyirsən?”. Amma elələri də var ki, özünə müğənni deyir, amma öz səsini eşitmir. Mən müğənni deyiləm, heç olmaq da istəmirəm. Ancaq məclislərimə şirinlik qatmaq üçün oxuyuram. Bəs, neyniyim?! Bəzi duzsuz aparıcılar kimi əlimə mikrafon alıb üç söz deyim? Belələri üç söz bilirlər, “Allah xoşbəxt eləsin, mübarək olsun, oğullu- qızlı olun”. Mən də bunu edim?! Hələ utanmadan bu üç kəlməni də vərəqdən oxuyurlar. Ancaq geyimlərini göstərirlər. Mən məclislərdən sonra tər-su içində evə qayıdıram. Heç vaxt məclisimdə tənqid, təhqir formasında “hakışta” demirəm. Elə olmaz elə. Gəlinləri, qaynanaları, baldızları alçaltmaq olmaz. Biz məclisləri gəlinlərimizin istəyi ilə təşkil edirik. Mən kiməm ki, orda kiməsə söz atım?! Ümumiyyətlə, çalışmıram, kiməsə özümü bənzədim. Oxşatmağa çalışdım, gördüm ki, heç nə alınmadı. Elə, Fatimə Fətəliyeva kimi qalsam, daha yaxşıdır. 

Sevda Bayramova
VİDEO – FOTO: Fərid Şabanov