Tüstülü kulis, şərtli üç sual, jurnalistləri itələyən mühafizəçilər... - TEOMANIN BAKI KONSERTİ - VİDEO
    • 15-02-2020, 11:29
    • 1 437

Tüstülü kulis, şərtli üç sual, jurnalistləri itələyən mühafizəçilər... - TEOMANIN BAKI KONSERTİ - VİDEO

Ötən gecə Türkiyənin məşhur rok-ifaçısısı Teoman Bakıya gəlib.
 
News24.az xəbər verir ki, buna səbəb sənətçinin 14 fevral "Sevgililər Günü"nə həsr olunmuş konsert proqramı idi. Lakin təşkilatçıların tədbiri qeyri-peşəkar düzənləmələri gecəni fiaskoya uğradıb.

Günorta saatlarında Bakıya çatan sənətçi əvvəlcədən təyin olunmuş mətbuat konfransına bir saat qalmış jurnalistlərlə görüşdən imtina edib. Bəhanə olaraq isə ifaçının yorğun olması göstərilib. Bununla yanaşı, Teoman səhnəyə 20:00-da çıxmaq əvəzinə konsertə nə az, nə çox, düz saat yarım gecikib. 

Bu müddət ərzində dinləyicilərin başını gah Dilarə Kazımovanın ifaları, gah da "diskoteka" ilə qatıblar. Gözləməkdən sözün əls mənasında bezən qonaqlar etirazlarını qışqırmaqla bildiriblər.
 
Elə bu məqamda Teoman konsertin keçiriləcəyi məkana daxil olub. İki saat qapıda gözlətdiyi mətbuat nümayəndələrinin qarşılarına çıxsa da, ifaçının meneceri onlara şərt qoyub. 

Bildirib ki, Teomana cəmi üç sual ünvanla bilər. Həmin sualları da onların müəyyənləşdirdiyi şəxslər verəcək.

Mətbuat konfransını iki dəqiqəlik açıqlama ilə yola verən sənətçinin və təşkilatçıların sayğısızlığı yetmirmiş kimi, mühafizəçilər kobudluq da elədilər.

Sənətçi ilə şəkil çəkdirmək istəyən bəzi media nümayəndələrini itələyərək həmin məkandan bayıra çıxardılar.
Daha sonra ifaçı qaranlıq, tüstüdən göz-gözü görməyən kulisdən səhnəyə çıxdı.

Kulisdə baş verən uğursuzluq və kobudluqdan inciyən media nümayəndələrinin həmin məkanda yalnız bircə məqam - Teomanın ürəklə ifası saxladı. İnsaf naminə deyək ki, onun peşəkarca səsləndirdiyi bütün ifaları çoşğuyla qarşılandı. Biletləri bir neçə gün öncədən satılıb qurtaran konsert boyu hər kəs Teomanı sonadək alqışladı.  

Qeyd edək ki, Teomanın konsertinin təşkilatçısı "Socialhub" şirkətidir.

Sevda Bayramova