"Azərbaycandan da SMS gələcəyinə söz vermişdilər, amma..."- Pərviz
    • 16-04-2020, 19:10
    • 4 169

"Azərbaycandan da SMS gələcəyinə söz vermişdilər, amma..."- Pərviz "Survivor"un gizlinlərini açdı - MÜSAHİBƏ

Türkiyənin ən reytinqli yarışmalarından biri hesab olunan "Survivor"un eks iştirakçısı, həmyerlimiz, "Kobra" ləqəbli kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev News24.az-ın suallarını cavablandırıb.

- Salam, xoş gördük sizi, necəsiniz? 

- Təşəkkürlər yaxşıyam. İndi özümü əla hiss edirəm. Doqquz gündür ki, yarışdan ayrılmışam. Doyunca yemək yedim. Önəmli olan da budur.  

- Qeyd etdiyiniz kimi, artıq doqquz gündür yarışmadan ayrılmısınız. Təəssüratınız necədir? 

- Yarışdan ayrılan gündən bu yana ancaq xoş mesajlar alıram. Təqribi 500.000 SMS gəlib. Hər kəs sosial şəbəkədən sevgisini, istəyini bildirir. Bəzi SMS-ləri oxuyanda hətta gözlərim dolmuşdu. Uşaqdan - böyüyə hər kəsin rəğbətini qazanmaq mənim üçün qalibiyyətlərin ən gözəlidir. Çünki mən yarışmanı tərk edəndən sonra bir çox insanlar TV8 kanalını silib bloklayıblar.

- “Survivor” sizi bir başqa cür tanıtdı... 

- Bu yarışmada izləyicilər mənim xarakterimi bildilər, məni daha yaxından tanıdılar. Düzdür, fiziki baxımından güclü olduğumu bilirdilər, amma bir insan kimi mənə bələd deyildilər. Mənə ünvanlanan əksər mesajlar da oyundakı davranışlarım, özümü aparmağımla bağlıdır. Sağ olsunlar, dəyərləndirdilər, xoş sözlər yazdılar. Yarışdan getməyimə görə də hər kəs çox üzüldü. TV8 kanalında yayımlanan “Panorama” verilişində hələ də haqqımda danışırlar.  Amma “Survivor” macərası bura qədərmiş, amma düşünürəm ki, “All star”da iştirak edəcəyəm. Orda da özümü daha güclü göstərməyə çalışacağam. Mən həyatım boyu hədəfçil insan olmuşam. Əgər, qarşıma bir məqsəd qoydumsa, ona doğru gedəcəyəm.  

- “All star” dediniz, bununla bağlı təklif varmı? 

- Bir neçə gün öncə Acun Ilıcalı “İnstagram”da izləyicilərin suallarınını cavabladı. İzləyicilər mənim “All star”da iştirak edib - etməyəcəyimi soruşdular. Acun abi də dedi, niyə də olmasın? Yəqin ki, gələn il, ya iki il sonra “All star” olsa, məni də dəvət edəcək. Bu yaxınlarda onunla görüşüb bu məsələləri müzakirə edəcəyik. 

- Acun Ilıcalıyla şəxsi münasibətiniz “Survivor” zamanı yaranıb?  

- 2019-ci ildən tanışıq. O zamanlar Türkiyə-Yunanıstan “Survivor” yarışması gedirdi. Mən elə ilk dəfə o vaxt bu yarışmaya müraciət eləmişdim və Acun Ilıcalıyla görüşmüşdük. Acun abi o zaman mənə 2020-ci il üçün təkrar müraciət etməyimi təklif elədi. Seçimlərə qatıldım və qəbul olundum. O, çox gözəl insandır. İştirakçılara ən çox o psixoloji yardım göstərirdi. Onunla yarım saat söhbət etdikdən sonra insan rahatlaşır.  

- Deyirlər, Acun Ilıcalı işbirliyinizi davam etdirmək üçün sizinlə beş illik müqavilə imzalayıb. Bu doğrudur? 

- Xeyr, elə bir şey yoxdur. Müqavilə ancaq “Survivor” üçün nəzərdə tutulmuşdu. Dediyim kimi, bu yaxınlarda görüşümüz olacaq və yəqin ki, danışığımız daha çox “All star”ın üzərində qurulacaq, amma gələcək üçün hələ ki, xüsusi bir planımız yoxdur. 

- Sizcə, azərbaycanlı izləyicilərin SMS yollamasına icazə verilməliydi? 

- Əlbəttə, icazə verilsəydi, mənim üçün çox yaxşı olardı. Ən azından finala qədər gedərdim. Düzdür, Türkiyədən də mənə dəstək var idi, amma azərbaycanlılar mesaj yollasaydı, daha çox xal qazanardım. Amma neynəmək olar, layihənin qaydaları belədir.  Düzünü desəm ki, ilk günlərdə mənə Azərbaycandan SMS-lərin açılacağını demişdilər, amma sonra vaz keçdilər. Acun Ilıcalı mənə izah elədi ki, əgər, bu addımı atsaq, mənə ciddi şəkildə böyük dəstək gələr. Amma belə olarsa, oyunun qaydalarnı pozmuş olarıq. Bu da o biri iştirakçılara haqsızlıqdır. Çıxandan sonra SMS nəticələrinə baxanda gördüm ki, ilk üç həftədə mənə böyük dəstək gəlib. Oyunda məni xanımlar tələyə saldılar. Mən səhv elədim, gərək, sonuncu oyunu özüm oynayardım. Uduzandan sonra bilirdim ki, adımı yazacaqlar. Bütün iştirakçılarla münasibət yaxşı idi, amma qızlarla çox yaxın deyildim. Elifin adımı yazacağı heç ağlımın ucundan belə keçməzdi, amma oldu. Vaxtında desəydi, bəlkə fikirindən yayındıra bilərdim. Bu onların strategiyasıydı. Mənim hədəfim çempion olmaq, onların isə birləşmə partisində əylənmək idi. Yəni hədəflərimiz fərqliydi.  

- Siz yarışmada iştirak edən yeganə azərbaycanlı idiniz. Ümumiyyətlə, iştirakçıların sizə münasibəti necə idi? 

- Düzdür, ara-sıra münasibətlərimizi çox siyasətləşdirirdilər, amma ümumilikdə yaxşıydı. Çünki mən hər zaman Azərbaycanla Türkiyənin qardaş ölkə olduğunu qeyd edirdim. Hətta bəzilərini artıq Bakıya da dəvət elədim, gələcəklər.  

- Yarışma içtirakçılarının belə uzun müddət ac qalması çoxlarında şübhə doğurur...

- Mən “Survivor”u tam çılpaq şəkildə danışacağam. İnanın ki, hər şey efirdən göründüyündən də çətindir. Mən iki aya 12 kilo əzələmi itirdim. Yeməkdən başqa heç nəyi düşünmürdük. İştirakçılara deyirdim ki, burdan çıxaq, sizi “İçərişəhər”ə nahara aparacağam (gülür). Çox çətin şəraitdə yaşayırdıq, hətta ayaqyolumuz belə yox idi. İlk bir-iki həftədə üstümüzə yağış yağırdı, quru taxtanın üstündə yatırdıq. Yarışmada olduğum ilk iki həftədən sonra belimdə ciddi ağrılar yarandı, hətta oynaya bilmədiyim vaxtlar oldu. Gecə yatdığımız yerdə başımızın üstündə ilanlar, kərtənkələr, həşaratlar gəzirdi.  

- Kikboks üzrə 6 qat dünya çempionusunuz. Bu qədər qalibiyyətə imza atan idmançı üçün bu məğlubiyyəti qəbul etmək asan deyil, yəqin.. 

- Mən desəm ki, çox üzüldüm, yalan olar. Əsas odur ki, orada iştirakimla adımı tarixə yazdırdım. Çünki performans baxımından çox güclü və üstün idim. Orda məndən zəif olanlar var, hansılar ki, məhz onlar yarışı tərk etməli idilər. Bəlkə də finala qədər gedəcəkdim, hətta qalib adını da qazanacaqdım, amma indi gördüyüm sevgi və rəğbət olmayacaqdı. Mənim ən böyük qazancım hər kəsin ürəyində “Çempion Pərviz” adı qazanmağımdır.  

- Uşaqlarınızla danışdığınız səhnə hər kəsi ağlatdı. İndiyədək övladlarınızdan bu qədər ayrı düşmüşdünüzmü? 

- Düzdür, yarışlarıma görə onlardan ayrı qalmışam, amma ilk dəfəydi ki, onlarla əlaqəm bu qədər kəsilmişdi. Üç aya yaxındır ki, onların yanında deyiləm. Düşünürdüm ki, övladlarımı görəndə ağlamaram. Amma onların şəkillərini görəndən sonra özümü saxlaya bilmədim, kövrəldim. Uşaq oyununda ən yaxşı nəticəni mən göstərdim. Orda hətta operatorlar belə mənimlə ağladılar. Sağ olsun, Acun abi mənə müəyyən güzəştlər edirdi. 

- Özünüzdən sonra Azərbaycandan  kimi “Survivor”da görmək istərdiniz? 

- İnanın, burda ancaq fiziki güc rol oynamır. Burda əsas psixoloji baxımından güclü olmalısan. Bir çox iştirakçılar sağlamlığı ilə bağlı böyük problemlər yaşadılar, eyniilə də mən. Son oyunların birində ayağımı zədələdim. Orda olmaq çox çətindir. Ona görə də kiminsə adıı çəkə bilmərəm.  

- Azərbaycana gələndən sonra ilk planınız nə olacaq? 

- Hələ ki, sağ salamat Bakıya qayıtmaq istəyirəm. Ailəm, dostlarım üçün çox darıxmışam. Onlarla vaxt keçirmək arzusundayam. Daha sonra isə sevənlərimlə bir görüşümüz olacaq. Bu planlarımdan sonra artıq “All star”a hazırlaşacağam, amma hələ ki, Dominikandayam. Siz də bilirsiniz, karantinlə əlaqədar yollar bağlıdır. Bu məsələ həll olunsun, Türkiyəyə gedəcəm. Orada 14 gün karantində qalmalıyam. İstanbulda da görüşlərim, işlərimiz var. Amma İstanbul-Bakı reysinin olmasını çox istəyərdim. Yəni heç olmasa, karantin müddətimi evimdə, vətənimdə keçirim.

Sevda Bayramova