Fidan Hacıyeva ilk dəfə EVİNİ GÖSTƏRDİ - VİDEO
    • 4-05-2020, 12:27
    • 2 769

Fidan Hacıyeva ilk dəfə EVİNİ GÖSTƏRDİ - VİDEO

"Yaranan problem həqiqətən də çox dəhşətlidir. Mənim xaricdə yaşayan çoxlu dostlarım var. Mütəmadi olaraq onlarla danışıram, amma çox təəssüf ki, onların vəziyyəti heç də yaxşı deyil və çox ağırdır. Çox şükürlər olsun ki, Azərbaycan bu müddəti daha az itkilərlə keçirir və hər birimiz evdə oturaraq pandemiyanın bitməsini gözləyirik".

Bu sözləri Xalq artisti Fidan Hacıyeva News24.az-ın "Ülkər Rəşidqızı ilə karantində" layihəsində deyib. 

Xalq artisti karantin günlərindən də danışıb: "Karantin günlərimi çox səmərəli şəkildə keçirirəm, vaxtımın böyük hissəsini övladlarıma həsr edirəm, tələbələrimə onlayn şəkildə dərs keçirəm. Bununla yanaşı, yaradıcılığımla da məşğulam, yeni əsərlər öyrənmişəm, kitablar oxumuşam, müxtəlif şirniyyatlar bişirmişəm. Sən demə, mənim də "bişir-düşürə" istedadım var imiş. Məncə, bu müddət özümüz-özümüzü daha yaxşı tanımağımız üçün lazım idi. İnanın ki, darıxmağa heç vaxtım da olmadı".

F. Hacıyeva "Mədəniyyət" kanalının bu müddət ərzində həyata keçirdiyi layihələrdən, eləcə də kanalın direktoru, əməkdar artist Ramil Qasımovla bağlı fikirlərini də bölüşüb: "Bilirsiniz ki, Ramil çox istedadlı opera ifaçısıdır. Mən çox sevinirəm ki, "Mədəniyyət" kanalının rəhbəri məhz Ramildir. O, musiqini, səhnəni çox gözəl bilir. Pandemiya vaxtı sözügedən televiziya müxtəlif maraqlı layihələrə imza atdı, biz musiqiçilər də orda birləşib iştirak etdik. Yəni, evdə oturaraq, yenə də nəyisə yaradıb kəşf edə bildik".

Sənətçinin sözlərinə görə o, özündə səsinin olmasını 16 yaşında kəşf edib: "Hər bir insanın özünəməxsus səs rəngi var. Amma əgər, insanda güclü səs, musiqi duyumu varsa, bu bir başa səsinin olmasından xəbər verir. Mən 16 yaşıma qədər heç bilmirdim ki, səsim var. Bülbül adına orta ixtisas musiqi məktəbində oxuyarkən müəlliməm Firəngiz Əhmədovanın səsini eşitdim, onun səsinə valeh oldum və başladım onu təqlid etməyə. Qızlar da mənə hər zaman deyirdilər ki, sənin deyəsən opera səsin var. Elə onlar deyə-deyə konservatoriyanın vokal fakültəsinə qəbul oldum. Orda mənə dəyərli insan Hüseyn Əliyev dərs deyib. İndiyə qədər də onun yanına gedirəm. Səs hər zaman formada olmalıdır. Ona görə də Hüseyn müəllimin yanına gedəndə o kənardan məni dinləyib iradını bildirir".

F. Hacıyeva həyat yoldaşı ilə tanışlığından da danışıb: "Qismətə çox inanıram. Hələ məktəbdə oxuyan zaman günlərin bir günü ingilis dili müəlliməm mənə yaxınlaşıb dedi ki, sənin ingilis dilin çox zəifdir, ona görə də sənə yaxşı qiymət yazmayacağam. Ondan sonra çox pis oldum, incidim. Bir müddət keçdi və bizim məktəbə Ukraynada universitet bitirmiş yeni ingilis dili müəlliməsi gəldi. İradə xanımla fərdi şəkildə ingilis dilindən məşğul olmağa başladım və üç ilə bu dili mükəmməlləşdirdim. Hətta bir ara düşünürdüm ki, mən Dillər Universitetinə qəbul olacağam, amma yenə də Konservatoriyaya daxil oldum. Sonra, Tofiq Quliyevin qızı Lalə xanım mənə zəng edib bir tədbirdə çıxış etməyimi söylədi. Getdim o tədbirə, ifa elədim sonra bir ingilis dilli bəy mənə yaxınlaşaraq, söhbət eləməyə başladı. Və bu Filipp idi, yəni mənim həyat yoldaşım. Bilirsiniz, uğur qazanmaq üçün ailənin dəstəyi çox vacibdir. Mənim konsert öncəsi bütün məşqlərimdə, çıxışlarımda həyat yoldaşım mənim yanımda olur. Səsimi, musiqini çox sevir. Ən çox da Habil Əliyevin, Aybəniz Haşımovanın və Zaur Rzayevin ifalarını sevir. Bəlkə də musiqini sevməsəydi, çətin olardı".

Xalq artisti son dövrlər opera yazılmamasıyla bağlı məyusluğunu dilə gətirib: "Bəstəkarlar çoxdur, amma opera yazan yoxdur. Bunu eləmək üçün gərək insanın fitri istedadı olsun. Üzeyir Hacıbəyli kimi bəstəkar dünyaya bir dəfə gəlir. Çox istəyərdim ki, gələcəkdə mənim səsimə uyğun bir opera yazılsın. İndi klassik musiqilərə maraq var, amma pop musiqiyə təlabat daha çoxdur. Məncə, bütün televiziyalar klassik sənətkarlarımızın ifalarını, çıxışlarını öz efirlərində nümayış etdirməlidirlər. Yəni iş yalnız Azərbaycan Dövlət Televiziyası və “Mədəniyyət” kanalı ilə bitməməlidir".

Canlı yayım zamanı Xalq artisti ilk dəfə olaraq evində iş otağını nümayiş etdirib. Eyni zamanda Fidan Hacıyeva pianoda canlı ifa edərək, izləyicilər üçün oxuyub. 

Sevda Bayramova