Evli ola-ola qızlardan evlilik təklifi alan CİN, KEÇMİŞ QIZLARINDAN DANIŞDI VİDEOMÜSAHİBƏ - FOTOLAR
    • 11-05-2020, 17:39
    • 1 219

Evli ola-ola qızlardan evlilik təklifi alan CİN, KEÇMİŞ QIZLARINDAN DANIŞDI VİDEOMÜSAHİBƏ - FOTOLAR

O, hər zaman deyib-gülməyi, hətta yerindən, ətrafından asılı olmayaraq hər kəslə zarafatlaşmağı sevir. Bir zamanlar şou-biznesə reper kimi qatılan, daha sonra isə “Cin” ləqəbi ilə “Buludlar”da uçan, “Bu gün maaş günü” deyərək xüsusi səs tembri ilə insanların ürəyinə yol tapan, çoxlarının əsil adını bilmədiyi Ceyhun Zeynalovdur müsahibəmiz. Onunla elə maaş günü görüşdük, amma buludlarda yox, şəhərin mərkəzində. 

İfaçının News24.az-a maraqlı müsahibəsini təqdim edirik:



 
- Şou-biznesdə ləqəbli müğənni azlıq təşkil edir, amma “Cin” deyiləndə ağıllara elə siz gəlirsiniz. Bəlkə də sizin həqiqi adınızı bilən azdır...
 
- Doğru vurğuladınız, həqiqətən də belə bir şey var. Sənətə yeni gələndə “Cin” kimi tanınmaq istəyirdim, amma sonra yavaş-yavaş öz adıma keçəndə heç kim məni tanımadı (gülür). Verilişdə aparıcı məni Ceyhun deyə təqdim edəndə, çoxları məni başqa müğənni ilə səhv salırdı, amma “Buludlar” deyiləndə dərhal mən yada düşürəm. Yerigəlmişkən, söhbət “Buludlar”dan düşmüşkən. İnanın ki, mən o mahnının bu qədər səs-küy gətirəcəyinə inanmırdım, amma günün bu günündə belə o mahnı sevilir. Birinci dəfə studiyaya girib bu mahnını oxuyandan sonra yaradıcı heyət mənə dedi ki, “Buludlar” sənin ən tutarlı hitin, hətta vizit kartın olacaq. Buna inanmadım. Hətta bu mahnıyla ilk tədbirlərə, toylara, şənliklərə gedəndə yumruğumu sıxa-sıxa oxumuşam. Düşünürdüm ki, bax, indi kimsə yanıma yaxınlaşıb deyəcək “Əəəə nə danışırsan sən? Keçmiş qız nədir eey”, mən də cavabımda o adamı vuracağam. “Buludlar” mahnısını qorxaraq, hətta əsə-əsə oxumuşam, amma mahnı dinləyicilər tərəfindən çox sevildi. Sən demə biz “Buludlar”la insanların qəlbini oxşamışıq. Buludlardan keçmiş qızlarına salam deyəcək nə qədər çox insan var imiş. Əhalinin 98%-i bu hissləri yaşayıb, 2%-i isə yəqin görməyib.  

- Replə vidalaşmağınıza nə səbəb oldu?  

- Rep nə qədər də cəsarətli janr olsa da məni tamamlamırdı. O dövrlər repdən ayrılma səbəbim daha böyük auditoriyaya səsimi çatdırmaq istəyim idi. Mən replə məşğul olduğum zamanlarda, hər kəs bu janrı başa düşmürdü. Xüsusilə də yaşlı nəslə rep çatmırdı. O vaxt blakada daha çox idi. Hazırda trep musiqi janrı daha çox səslənir. Rep inkişaf edir, bu isə sevindirici məqamdır. Rep nə qədər cəsarətli janr olsa da, gərək danışığına fikir verəsən, ağzına gələni deməyəsən. Azərbaycanda repi ifa edən istedadlı gənclər var, mən vaxtaşırı onları dinləyirəm. Bilirsiniz, gərək, sənətçi bir janrda ilişib qalmasın.  


- Bəs batl təklifi alsanız, onu dəyərləndirərsinizmi? 

- Batl üçün çox yaşlıyam. Düzünü desəm, beyin, enerji əvvəlki qədər  deyil. Hazırda özümü tamamilə başqacür hiss edirəm. 

- Rep deyəndə ağıllara ilk olaraq mərhum Anar Nağılbaz, Hüseyn Dərya və Elşad Xose gəlir. Onlarla münasibətiniz olubmu və hazırda necə varmı? 

- Bəli. Necə deyərlər, bir qazanda qaynamışıq. Qazanın daha çox yağ hissəsindəydik. Müxtəlif səpkili işbirliyimiz olub. Gözəl bir tarix idi. Çox təəssüf ki, mərhum reperlər haqda çox danışıblar, amma bu düzgün deyil. Mənim fikirimdə bunu ancaq qəddarlar edə bilərlər. Ölünün arxasınca pis danışmazlar. Allah onları rəhmət eləsin, günahlarından keçsin. Anarı, Hüseyni qınayanların ailəsinə baxsanız, bəlkə də ordan heç normal insan belə çıxmaz. Bilirsiniz, musiqi ruhun qidasıdır. Biz toxunduğumuz hər şeyi pulla ala bilərik, amma musiqiyə toxunmaq olmur, amma ona da pul veririk.  Mərhum Hüseyn Dəryanın bir mahnısında belə bir sözlər var idi: “Nə qədər getsə qiybətim, bir o qədər artar hörmətim”. Çox mənalı sözlərdir. Sən mənə dostunu göstər, deyim sən kimsən. Ya da dinlədiyin musiqini göstər, deyim kimsən.  

- Mütəmadi olaraq sizi filmlərdə də görürük. Könlünüzdən aktyorluq keçir? 

- Buna, aktyorluq deməzdim, çünki çəkildiyim ekran işlərində ancaq epizodik rollar oynamışam. Gələcəkdə də böyük rola çəkilsəm, ancaq komik obrazda olmağı istəyərdim. Çünki, ciddi rollar mənlik deyil. Müxtəlif təkliflər almışam, hətta neqativ rol belə təklif edənlər olub, amma qəbul etməmişəm. 

 
- Şou-biznes nümayəndələrini zövqlü hesab edirsiniz? 

- Zamiq Hüseynovu, Abbas Bağırovu, Xəyyam Nisanovu zövqlü sayıram. O ki, qaldı mənə, geyimlərimi özüm seçirəm. İnanın ki, siz məni gerçək həyatda görsəniz heç tanıya bilmərsiniz. Əlimə nə gəldi, onu da geyinirəm, yəni elə bir fərqi yoxdur.  

- Yeri gəlmişkən Abbas Bağırovla Zamiq Hüseynov barışıb…

- İnanın ki, heç onların nə vaxt dalaşıb barışdığından xəbərsizəm. Bütün günü maqazin proqramlarına, telekanallara baxmıram. İnformasiyanı ancaq sosial şəbəkə vasitəsilə alıram.  

- Şou-biznesdə baş verən hadisələrə reaksiya bildirmirsiniz. Bu da sizin siyasətinizdir? 

- Xeyr, bu mənim xaraktetimdir.  

- Amma illər öncə Rəqsanə İsmayılovayla qalmaqalınız oldu… 

- “Bivəfa” mahnısını oxumamışdan əvvəl mahnının söz yazarına, daha sonra isə Rəqsanəyə zəng elədim, amma o “odboy” verdi. Mən xəbər vermək üçün bu addımı atdım ki, sonra pis olmasın. Mahnını oxudum, sevildi, sonra isə söz-söhbətlər başladı. Xanım olduğuna görə, həm də dəxlisiz qalmaqala girməmək üçün söhbətin üstündən keçdim. O hadisədən sonra bir-iki tədbirdə bu mahnını istədilər, oxudum, amma verilişlərdə yox.

 
- Müsahibələrinizin birində demişdiniz ki, xanım fanatlarım evli olduğumu bilə-bilə mənə evlənmə təklif edirlər. Bu doğrudurmu? 

- O qədər sevgi etirafı, evlilik təklifi edən olub ki… Müsəlmana dörd dəfə evlənmək qəbuldur, ona görə də axtarışdayam (gülür) Təbii ki, bu bir zarafatdır, amma yazanların çoxu elə xanım pərəstişkarlarımızdır.  

- Evinizə şou-biznes nümayəndələrindən gedib-gələn var?

- Xeyr. Bizə ancaq mənimlə birgə çalışan komandanın üzvləri, dostlarım gələ bilər.  

- Dostluqdan söz düşmüşkən, Xalq artisti Röya Ayxanla sıx əlaqəniz var. Bəzi kişi müğənniləri Röya xanımı bölüşə bilməməkdən gileylənir. Siz də? 

- Röya yaxşı, istiqanlı, dostunu darda qoymayan, əlindən gələni edən qızdır. Qısqanclıq nə deməkdir? Məsələn, kimsə məndən mahnı istəyəndə, qısqanclıq hissim oyanır. Öz mahnımı heç kiminlə bölüşə bilmərəm. Düzdür, vaxtilə mahnı yazırdım, amma indi bunu edə bilmərəm. Onsuz da ildə bir mahnı yazıram, onu da kiməsə də verə bilmərəm. Siz düşünün ki, mən bir mahnını ərsəyə gətirənə qədər nə qədər əziyyət çəkirəm. İki ay gecə-gündüz studiyada yatıram, mahnının hər yerini muncuq kimi düzürəm. Sonra bir nəfər gəlir, pulunu verir, girir studiyaya mahnımı oxuyur və məşhur olur. Sonra da dinləyicilər “gördün, filankəs nə gözəl mahnı oxudu” deyirlər, amma deyən yoxdur ki, “gördün, filankəs necə gözəl mahnı yazdı”. Buna biz öz aramızda qədir bilməz sahə deyirik.  


- Toylara dəvət edilirsiniz? 

- Əlbəttə ki, amma müəyyən repertuar və vaxtla. Ən çox yarım saatlıq gedirəm. Qonorarım qane edir, amma məbləği deyə bilmərəm.  

- Trendə inanırsınız? 

- Süni trendə yox. Bizdə də bu yola əl atan kifayət qədər müğənni var, yəni kor-kor gör-gördur. Baxın, mən illərlə səhnədəyəm, amma hələ indi-indi “Youtube” səhifəmi formalaşdırıram. Əgər, köhnə videolarıma baxsanız, dəli olarsınız. Maykada oturub mahnı oxumuşam, bir sözlə dəlixanadır (gülür).  

- Sözügedən siyahıda tez-tez adıçəkilən Damla və Şəbnəm Tovuzlunu tanıyırsınız? 

- Bəli, tanıyıram. Hətta Damla xanımla ilə bir dəfə qarşılaşmışam. Çox normal xanımdır. Öz janrı, kütləsinə, sevənlərinə görə oxuyur. Bu qədər insan onu dinləyir, necə buna pis deyə bilərəm? Bu pis deyil, sadəcə mənə görə deyil.  


- Sizcə onların ifa etdiyi musiqi bayağıdır? 

- Bayağı dedikçə daha da bayağı ifa ortaya çıxır.  

- Müğənnilikdən başqa nəyi bacarırsınız? 

- Ovu, balıq tutmağı, yemək bişirməyi bacarıram. Hətta son üç ildə öz-özümə düşünürəm ki, vaxtında aşbaz olmalıydım. Dostlarım başqa-başqa nömrələrdən məni yığıb zarafat edirlər (gülür). Bir dəfə dostlarımdan biri mənə yığdı  ki, “filan tarixdə toyumuz olacaq, bununla bağlı sizi orda görmək istəyirik”. Təəccübləndim ki, niyə köməkçimə yox, mənə yığırlar? Sən demə, məni toya müğənni kimi yox şef aşbaz kimi çağırmaq istəyirlərmiş (gülür).  

Sevda Bayramova 
FOTO: VİDEO - Fərid Şabanov