"Üç gündən sonra hər şeyin üstü açılacaq, biabır olacam" - RƏQSANƏ - MÜSAHİBƏ
    • 18-05-2020, 17:22
    • 963

"Üç gündən sonra hər şeyin üstü açılacaq, biabır olacam" - RƏQSANƏ - MÜSAHİBƏ

Karantin dövründə daha çox etdiyi yardımlarla gündəmə gələn Rəqsanə İsmayılova ilə söhbətləşdik bu dəfə. Söhbət əsnasında Rəqsanə İsmayılova bu günlərdə işçisinin koronaviursdan həyatını itirməsindən, qızı Aysunun onun sənətini davam etdirməsindən, eləcə də əkizlərindən danışıb. 

Rusiyada yaşayan həmyerlimiz, müğənni Rəqsanə İsmayılovanın News24.az-a verdiyi müsahibəsini təqdim edirik. 

- Karantin günləriniz necə keçir? 

- Bütün dünyada olduğu kimi hazırda Moskvada da karantin müddəti davam edir, amma xırda mağazalar artıq açılıb, işlər başlayıb, insanlar çalışırlar. Amma böyük ticarət mərkəzləri, restoranlar hələ ki, fəaliyyət göstərmir. Ona görə də vəziyyət çətindir. Yorulsaq da əlimizdən gələni edib camaata yardım əlimizi uzadırıq. Yəqin ki, bu da müvəqqəti bir çətinlik idi. Bu problem dünyanın hər bir yerindədir. Elə bir hallar baş verir ki, mən də artıq yoruluram, çünki təkəm. İki aydır demək olar ki, evimdə tapılmıram. Biri var Azərbaycanda olasan, biri də var qərib ölkədə. İnanın ki, mən heç təsəvvür belə edə bilməzdim ki, Rusiyada bu qədər köməyə ehtiyacı olan insan var. Bu gün yanımda olan, dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Məncə, bu hər bir vətəndaşın borcudur. Yaxşı gündə hər kəs, hər kəsin yanında ola bilər. Əsas odur ki, biz çətin günlərdə insanlarımızın yanında olaq, onlara yardım əlimizi uzadaq. Hansı ölkələrdə bu qədər bir-birinə yardım edən xalq gördük? Heç yerdə. İki ay müddətində hər kəs bir-birinin əlindən tutdu.  


- Bu günlərdə çıxışlarınızın birində “artıq mənim də pulum qurtarıb” demisiniz. Bu işdə Sizə dəstək olan heç kim yoxdur? 

- Mən pulumun bitdiyini deməmişəm. Ən azından yanımda həyat yoldaşım var. O, hər zaman maddi baxımdan mənə dəstəkdir. Amma mən milyarder deyiləm. Moskva şəhərində 10.000, Sankt-Peterbqurda 500, Nijniy Novqorodda 250, Dərbənddə isə 500 insana kömək etdik. Əlimdə bununla bağlı sübütla siyahılar var. Hazırda Çeçenistanın Qroznı şəhəri üçün yardım yığırıq, sadəcə olaraq sənəd işləri baxımdan hələ ki, ora getmək alınmır. 520 nəfər ordan qeydiyyatdan keçib. Mən də ancaq bir dəfə kiməsə ağız aça bilərəm. Bu günə qədər də heç kimdən 1 qəpik pul götürməmişəm. Baxın, bu yaxınlarda bizim ərzağımız bitmişdi, yenə də həyat yoldaşım sağ olsun. Bizə kömək elədi, ərzaqla təmin etdi. Burdakı insanlar artıq məni ümid yeri bilirlər. Ruslar bizimkilər kimi deyillər axı. Bir gün kirayə pulu ödəyə bilməyəcəksən, səni çıxardıb atacaqlar bayıra. Mayın 31-nə qədər bacardığım qədər insanlara kömək edəcəyəm. Hərdən öz həmyerlilərimizə deyirəm ki, “Niyə gedib Azərbaycanda oturmursunuz? 30.000 rubl maaş alırsınız. Bununla qeydiyyat, kirayə, qida pulunu ödəyirsiniz. Ay bədbəxtin uşağı gedin öz torpağınızda əkinçiliklə məşğul olun da”.  

- Bu qədər yaxşılıqlar edirsiniz, amma haqqınızda şaiyələr bitmək-tükənmək bilmir. Deyirlər, siz yardımı pul müqabilində edirsiniz. Bu nə dərəcədə düzgündür? 

- Xəstələrin pulu var ki, onlardan pul alım ya onlarla özümü reklam edim? Hər danışan adamın sözünə qulaq asıb, cavab versək dəli olarıq. İndi kiminləsə dalaşmaq, sözləşmək vaxtı deyil. Mən Rəqsanə olaraq necəyəmsə, eləyəm. Maskalanmağı, dondan-dona girməyi bacarmıram. Eləsəm də üç gündən sonra hər şeyin üstü açılacaq, nəticədə biabır olacağam. Mən xəstələr olanda göz yaşı tökmüşəm, çünki miqrantlar Rusiyada xəstəxanada müalicə oluna bilmirlər. O, müalicənin də qiyməti 300.000-700.000 arasındadır. Ramin adlı bir cavan oğlan var idi koronavirus xəstəsi idi. Məcbur olub onu xəstəxanaya çatdırdım, çünki təcili tibbi yardım onunla məşğul olmurdu, amma inanın ki, az qala bizi xəstəxanadan qovdular. Deyirlər, siz dəli olmsunuz, onu bura gətirmisiniz? Bura infeksion xəstəxanasıdır. Necə həyatınızı təhlükəyə salırsınız? O, 10 gündən çox reanimasiyada qaldı, indi palataya köçürdüblər. Bu gün zəng elədi məndən pul yardımı istədi, göndərdim. Heç kim deyə bilməz ki, Rəqsanə indiyə qədər kimdənsə pul alıb. Ancaq bir dəfə Tolikin canlı yayımında 6 xəstə üçün müraciət etdim. Onda da Zenfira İbrahimovanın bir dostu 100.000 rubl göndərdi. Daha sonra isə hesab nömrəsi yerləşdirdik, onda da 40.000 rubl yığıldı vəssalam. Yəni, mənim heçkimin pulunda gözüm yoxdur.  

- Bu yaxınlarda işçiniz koronavirusdan vəfat etdi. Bu sizi qorxutdumu? 

- İnanın ki, biz hələ də o qadının öldüyünə inana bilmirik. O, bizim restoranda aşbaz vəzifəsində çalışırdı. Mən də martın 28-dən restoranı bağladığıma görə o bir müddət işə gəlmədi. Aprelin dördü gəldi, yanıma dedi ki, özümü yaxşı hiss etmirəm, mənə dərman pulu ver. Uşaqları göndərdim, bütün dərmanlarını aldırdım, bir gün də restoranda qaldı və çıxdı getdi. Sadəcə olaraq biz onun kirayə qaldığı evin şəraitini görməmişik. Mən bütün işçilərin qaldığı evi yoxlayası deyiləm ki. Sonra mən Sankt-Peterburqa getdim. Qayıdandan sonra bacım ağlaya-ağlaya zəng edib dedi ki, işçin rəhmətə gedib. Üç gün xəstəxanada yatıb. Xəbərim yox idi, ancaq vəfat edən gün bizə zəng elədilər. Onun cənazəsini Azərbaycana göndərdik. Biz aprelin beşi bütün işçi heyəti olaraq müxtəlif testlər elətdirdik. Sözügedən xanım da həmçinin və hər birimiz də sağ-sağalamat çıxdıq. Nə olubsa o öz evinə gedəndən sonra olub. Düzdür, ailədə hamımız qrip olduq, amma sonra müalicə olunduq və sağaldıq. Bir-ara həyat yoldaşımın koronavirusa yoluxması ilə bağlı xəbərlər yayıldı, amma bunların heç biri doğru deyil.  

- Mart ayında sizi Azərbaycanda gözləyirdik, amma gəlməyiniz alınmadı. Bu planınız hələ də qüvvədədir? 

- Martın 15-nə bilet almışdıq, amma çox təəssüf ki, alınmadı. Mən artıq burda dura bilmirəm, qayıtmaq istəyirəm. Anam, qızım, evim, işim ordadır. Hamı məni sevə bilməz, amma millətim üçün çox darıxmışam. Əslində, hazırda əsas gəlirim Rusiya toylarından gəlir, həyat yoldaşım buranın vətəndaşıdır, amma qazandığımı da öz millətimə xərcləyirəm. Heç vaxt rusları sevməmişəm. Atasız qalmağımın əsas səbəbi elə ruslardır. Yazıq anam bizi əziyyətlə, zülmlə böyüdüb. Öz millətiminin pisinə də qurban olum. Həmişəlik qayıdacağam. Ac qalım, susuz olum, amma Vətənimdə olum. Heyif deyil Azərbaycan. Düzdür, bəlkə bu sözlərimə görə deportasiya olundum, amma yenə də dedim. (gülür) 

- Bu illər ərzində şou-biznesdə Rəqsanə İsmayılovanın yerini tutan oldumu? 

- Mən müğənni kimi çox xoşbəxtəm. Çünki, heç vaxt gündəmdən düşməmişəm. İllərlə televiziyada olmasam belə adım dillərdədir. Səsim gələndə deyirlər oxuyan Rəqsanədir. Düzdür, çox sayda gənclər çıxıb oxuyurlar. Məncə, hər kəsin öz yeri var. Müəyyən bir zaman sonra biz qırağa çəkilib gənclərə imkan verməliyik. Rəqsanə ömrünün axırına qədər oxuyası deyil ki? 

- Vaxt var idi deyirdiniz ki, qoymaram Aysun müğənni olsun... Bəs, sonra nə oldu? 

- Düzdür, inanın heç indi də istəmirəm. Çünki bizim sənət çox əziyyətli və çətindir. İstəmirəm qızım da bu əziyyətləri çəksin. Bizim sənətimizi hər kişi qəbul etmir. Müğənnilərin də pulu toydan gəlir. Aysun yetkinlik yaşına çatdığına görə qərarlarına çox da qarışa bilmərəm. Amma məsələn toylara ancaq mənimlə gedir, tək qoymuram. Aysun ailə həyatı qurandan sonra bu sənəti davam etdirməyəcək. Müğənnilik həm yaxşı, həm də pis sənətdir. Yaxşısı ondadır ki, səni hər kəs tanıyır, sevir, mahnılarına qulaq asır. Pis nöqtəsi isə müzakirə olunmağındır. Müğənninin başına bir iş gələndə hər yerdə ondan yazırlar.  

- Rəqsanə İsmayılova necə bir kürəkən arzulayır? 

- Mənim pulda, varda, dövlətdə gözüm yoxdur. Əsas odur ki, mədəni, tərbiyəli olsun və ailəsini öz gücü ilə saxlaya bilsin. Mənə lazım deyil ki, qızımı villalarda saxlasın, bahalı avtomobillər bağışlasın. Çox pulu olmaq insanı öz yolundan azdırır. Bir də əsas onu xoşbəxt edən kişinin olmasıdır. Bəzən görürük ki, cütlüklər var dövlətin içində üzürlər, amma xoşbəxt deyillər. Neynirəm elə ailəni? Övladım soğan-çörək yesin, amma onu xoşbəxt edən həyat yoldaşı olsun. Yoxsa var, dövlət olsun, amma kişi öz kefində, arvadda evdə əziyyət çəksin. Belə şeyləri istəmirəm. Aysun gələcək həyat yoldaşını özü səçəcək. Bilirsiniz, tez ailə həyatı qurmaq da bir şey deyil. Məncə, qadın üçün ailə həyatının dövrü 25-26 yaşdadır. Çünki məhz bu yaşda insan həyatını dərk edir. Yoxsa indidən uşaqları evləndirək, sonra boşansınlar, ortada da valideynlər qalır.  

- Siz çox uşaqlı anasınız. Bundan sonra yenə övlad istəyirsiniz? 

- Biz ailədə iki uşaq olmuşuq. Düzdür, atamın başqa qadından övladları var, amma mənim anam iki qız uşağı dünyaya gətirib. İnanın ki, bəlkə də müğənni olmasaydım 9-10 uşaq doğardım. (gülür) Bəlkə də bu gündən sonra hələ bir-iki övlad da dünyaya gətirəcəyəm. Çünki buna imkanım çatır. Həyat yoldaşım da çox uşağın olmasını istəyir.  

- Nə vaxta qədər əkizlərinizi gizlədəcəksiniz? 

- Aysunla Yağmur mənim öz ixtiyarımda olduğu üçün onları efirdə göstərmişəm, amma əkizlərin atası hələ ki, buna icazə vermir. Amma az müddətdə əkizlərimizi görəcəksiniz. “Ata, ana və əkizlər” adlı bir klip çəkdirdik. Hara qaça bilərik? Axır, əvvəl Rəqsanənin övladlarını görəcəksiniz.  

- Əkizlərinizlə bağlı müxtəlif şayiələr gəzirdi. Deyirdilər ki, siz onları uşaq evindən götürmüsünüz. Bu doğrudur? 

- Əslində, gələcəkdə uşaq evindən bir övlad götürmək istəyərəm, amma indi yox. Mən iki övlad dünyaya gətirmişəm bunu da hamı görüb. Mən doğa bilirəm, buna da imkanım çatır. Sadəcə olaraq müəyyən sağlamlıq problemlərimin ucbatından uşaqlar erkən doğuldular. Əgər, bu gün öz himayəmə uşaq götürsəm, sabah çıxıb bunu efirdə deyərəm və göstərərəm. Hər kəsin ağzını yuma bilmərik axı. Qoy danışsınlar, əsas odur ki, bilən bilir, tanıyan da tanıyır. 

- Hazırda Azərbaycan şou-biznesini necə dəyərləndirirsiniz? 

- Məncə, indi şou-biznes yoxdur. Hər kəs bu bəlanın bitməyini gözləyir. Məsələn, bu yaxınlarda Röya, Natəvan, Səidə arasında qalmaqal yaşandı. Mən bunu düzgün hesab etmirəm. Hamısının özünəməxsus səsi var, hətta Röya artıq Xalq artistidir. Heç istəməzdim ki, onlar bu gün fotosessiyaya görə qırğına çıxsınlar. Biz bunu edəcək yaşda deyilik. Bu gün fotosessiya çəkdirdin, beş gündən sonra yaddan çıxıb gedəcək. Fotosessiyaya görə dalaşmağa dəyməz, onlara yaraşdırmadım. Nəticədə bu qalmaqal heç kimə lazım deyildi. Bir geyimdən, saçdan hər kəs istifadə edə bilər. Bir şəkil nə idi ki, siz onun davasını edirsiniz? Mən də vaxtıilə açıq-saçıq fotosessiyalar etmişəm, amma indi daha yaxşı başa düşürəm ki, davadan heç bir adama xeyir gəlməz. Yaşadığım qalmaqallara görə çox peşiman olmuşam. Bu gün bütün müğənnilər klip çəkdirib mahnı buraxırlar ki, toya getsinlər. 10 gün heç nə eləməsən, unudulub gedəcəksən. Şəxsən mənim nəsə eləməyə həvəsim yoxdur. İki klip çəkdirdik, amma onu ortalığa çıxartmağa inanın ki, istəyim yoxdur. Bu gün dünyada böyük bizneslər çökür, nəinki şou-biznes. Kimin nəyinə lazımdır bu davalar? Bu ancaq baş qarışdırmaq üçündür. Şou-biznes bu gün heç kimin marağında deyil. İnanın ki, bizim vaxtımızda qalmaqal belə insanlara xoş gəlirdi, amma indi əksinə qıcıqlandırır. Bu qədər yaxşılıq elədim, amma sabah bir açıq-saçıq fotosessiya etdirim, nəticədə yenə də söyüləcəyəm. Tənqid ola bilər, amma təhqir olmaz. Məsələn, bu gün deyirlər ki, Röya niyə belə fotosessiya etdirib? Mən bunu başa düşə bilmirəm. Bu gün o qədər dünya ulduzları bunu edir məgər pisdir? Niyə onları tərifləyirik, bizimkiləri pisləyirik?           

Sevda Bayramova