"Sən hansı ağılla Röyaya söz atırsan?" - AMİNA - VİDEOMÜSAHİBƏ - FOTOLAR
    • 22-05-2020, 11:33
    • 3 966

"Sən hansı ağılla Röyaya söz atırsan?" - AMİNA - VİDEOMÜSAHİBƏ - FOTOLAR

"Nələr gördüm, ədalət görmədim"ində elə bir etiraz, elə bir giley var ki, qulaq asan istənilən kəsi təsirləndirir... Bunlar bəlkə yaşadıqları, bəlkə də yaşamaq istəyib də həyata keçirə bilmədiklərinin üsyanıdır.  Amma "Yaz ayları"nın ovqatı tamam başqadır. Bu mahnı onun məxməri günlərinin ifadəsidir. Bir sözlə, o, oxuduğu hər mahnını yaşayır. Daha doğrusu, repertuarını ruhuna, qəlbindəkilərin ifadəsinə uyğun seçir... 

Söhbət müğənni Amina Şirinqızıdan gedir.

Müğənninin News24.az-a müsahibəsini təqdim edirik:


- Mahnılarınızda üsyankarlıq var. Bu, nədən irəli gəlir? 

- Mahnılarımızda gördüklərimizdən, hiss etdiklərimizdən və hiss etdirmək istədiklərimizdən danışırıq. Bütün bunlar yığılır-yığılır nəticədə belə üsyanlar yaranır. Sənə münasibətdə səhv edən insanları görəndə çalışırsan ki, nəyisə başa salasan, izah edəsən və sonda yorulursan. Mən demirəm ki, səhvim yoxdur, xeyr. Mənim də  hansısa insanın yanında səhvlərim olub. Hər kəs durduğu nöqtədən nəyəsə baxanda özünü haqlı hesab edir, amma bir anlıq özünü qarşısındaki insanın yerinə qoyanda anlayırsan ki, nəyisə yalnış  eləmisən. Fikirləşirsən ki, burda nöqtə qoyulmalıydı, amma vergül qoymuşam. İnsanlara məhz bunu başa salmağa çalışırsan, nəticədə də bu izahatlardan yorulursan. Düşünürsən ki, ən yaxşısı, heç nə demədən mahnı oxumaqdır. Başa düşən bundan öz payını götürəcək.  

- “Nələr gördüm” oxuyursuz. Əminə bunu oxuyacaq qədər nələr görüb? 

- Nələr görmədim ki... Gələn dəfə nələr görmədim oxuyacam (gülür). Yaxşını da pisi də gördüm. Yaxşılar təbii ki, öz yerindədir, amma həyatımda gördüyüm pislər ö səhv seçimimin nəticəsidir. İstər dos, istər həyatımı paylaşdığım insan olsun. Amma mənim bir müsbət cəhətim var. Heç vaxt başıma gələn xoşagəlməzliklərə görə həyatı sorğulamıram. Demirəm “niyə”? Düşünürəm ki, yaxşı oldu mən o insanı seçdim və bu nəticə ilə qarşılaşdım. Çünki her şey yaxşı olsa, həyat maraqsız keçər.  

- Yəni, keçmişlə yaşamırsınız? 

- Yox qətiyyən. Düzdür, bəzi məqamlarda keçmişi xatırlayıram, amma olub keçənləri, pis məqamları bu günümə gətirmirəm. O, ağırlığı ürəyimdə daşımıram. İçimə kin, küdürət yığılsa, yaxşı insan ola bilmərəm. Hamının həyatında elə məqamlar olur ki, qəlbini sındırırlar, ona münasibətdə səhv addım atırlar. Belə şeylərin hamısını ürəyində saxlasan, yaşamaq çətin olar. Həyatına daxil olan hər insandan şübhələnəcəksən. Amma mən bundan sonra da inanacağam, sevəcəm, güvənəcəm.  


 - Qadın kimi özünüzü xoşbəxt hiss edirsiniz? 

- İnsan kimi özümü xoşbəxt hiss edirəm, amma qadın kimi... Qadın kimi yox. Ümumiyyətlə əgər, hər hansısa bir insan sizə desə ki, mən 100 faiz xoşbəxtəm, deməli o, hansısa psixoloqun pasiyentidir. Çünki yüzdə-yüz xoşbəxt olmaq mümkün deyil. Allah bir tərəfdən verəndə, digər tərəfdən alır. Allahın mənə verdiklərindən mən razıyam.  
 
- Hazırda həyatınızda ruhunuza toxuna biləcək bir şəxs varmı? 

- Çox vaxt belə olur. Həyatına bir insan daxil olur və düşünürsən ki, bu odur, yoxsa o deyil? Və bu sualların arasında o qədər get-gələ düşürsən ki, nəticədə hər şeyi zamanın axarına buraxırsan. Olanda olacaq, olmayanda da olmayacaq.  

- Bəs, ikinci dəfə ailə həyatı qurmağı düşünürsünüzmü? 

- Yox. Çünki mənim səkkiz yaşında qızım var və onun gələcəyini düşünürəm. Amma heç vaxt, “heç vaxt” demək olmaz. Bəlkə elə nə vaxtsa ruhuma toxunan, ürəyimcə olan bir bəy çıxar qarşıma, evlənmə təklifi edər və mən də “hə” deyərəm. Bilmək olmaz. Amma hələ ki, bu haqda düşünmürəm.  


- Qızınızdan danışdınız... Deyəsən, ona çox bağlısız? 

- Qızım daha çox anama bağlıdır. Hətta yatanda da nənəsi ilə bir yerdə yatır. Mən başqa otaqda, onlar başqa. Qızım yuxudan oyanıb onu yanında görməyəndə, çox narahat olur. O, gərək, daim anamın qoxusunu hiss eləsin. Bu dərəcədə onların arasında bağlılıq var və bu məni çox sevindirir. 

- Atası ilə görüşməsinə icazə verirsiniz? 

- Ata, ana olmaq şərt deyil. Sən övladını hiss etməlisən. Həyatda bütün insanlar bir missiya daşıyır. Sən üstündəki borcun yükünü hiss etməlisən. Maddiyyat baxımından demirəm. Demirəm, gəl, uşağına bir şey al. Amma insanlara sevgi verməlisən. Məncə, insanlara sevgi verə bilməyənlər dünyanın bədbəxtləridir.  

- Sizi meyxana ilə nə bağlayır? 

- Tərzimə və keçdiyim Vaqif Gərayzadə məktəbinə görə hamı kənardan məni meyxanadan uzaq biri kimi görür, amma əslində bu, əksinədir. Biri var, meyxananı bayağı formada təqdim edəsən, biri də var, peşəkar deyişəsən. Bəziləri həqiqətən də meyxananı bayağılaşdırır. Halbuki meyxana istedaddır. Bu hər kəsə ilahidən verilə bilməz. İki dəqiqənin içində hikmətli sözləri qafiyəyə düzmək hər adamın işi deyil. Bu, həqiqətən də vergidir. Məncə, meyxana çox gözəl, əsl söz sənətidir. Bu heç vaxt pis ola bilməz. Gözəl şairimiz Elçinin sözlərindən stat gətirmək istəyirəm. Sözlər canlıdır, onların xətrinə dəyməkdən qorxun. Əgər, qarşındaki insan nadandırsa, sən o sözləri ona deyib israfçılıq etmiş olursan. Bununla sözlərə zülm etmiş olursan. Ona görə də düşünürəm ki, söz sənəti çox müqəddəsdir. Mən isə şairəliklə məşğulam. 


- Bəs, qadınların meyxana deməsinə necə baxırsınız? Bizdə bu sırada ancaq qadınlardan Samirə Yusifqızının adını çəkmək olar. 

- Samirə xanımın xətrini çox istəyirəm, çünki anamla da çox gözəl əlaqələri var. Əgər, insan bunu bacarırsa, niyə də yox? Məndə elə istedad olsa da, deyişə bilmərəm, utanaram. 

- Amma siz bir başqa cür deyişdiniz. Xalq artisti Röya Ayxanla duet oxudunuz. Çoxları da dedi ki, Əminəni məhz bu mahnıdan sonra tanıdıq, halbuki siz çoxdan bu sahədəsiniz... 

- Məni musiqi cameəsi tanıyırdı. Tanıyanlar da hər zaman deyirdilər ki, sən “W-TRIO”, “Aypara”, Vaqif Gərayzadə məktəbini keçmisən, amma üzdə yoxsan. Hamı haqqımda “sən yaxşı müğənnisən, səhnələrə çıxıb bunu sübüt eləməlisən” deyirdilər. Ona görə də bu deyilən fikirləri haqlı sayıram. Mən o duetdən sonra tanındım. Məni Ənvər Sadıqov və Vaqif Gərayzadə səhnəyə gətirdi, Röya Ayxan ilə Muxtar Abseynov isə tanıtdırdı.  

- Bəs, niyə fəaliyyətinizə bu qədər ara verdınız? 

- Get-gedə elə tərzlər sevilməyə başladı ki, mən ya oxumamalıydım, ya da o tərzdə ifa eləməliydim. Öz janrımda oxumaq istəsəydim, mənə böyük yerdən dəstək gəlməliydi. Çünki təkbaşıma bunu edə bilməzdim. Ona görə bir müddət səhnədə az-az göründüm. Amma sonra yaxşı yerdən dəstək gəldiyinə görə, yavaş-yavaş öz tərzimi isbatlamağa çalışdım. 

 
- İllər öncə “Aypara” qrupunun üzvü idiniz. O, qrup niyə dağıldı? 

- O, qrupu dağıdan Samir Piriyev oldu. Onun sözündən sonra biz Vaqif müəllimlə vidalaşdıq. Sonra başa düşdüm ki, heç düzgün hərəkət etmədik. Onda 20 yaşım var idi və həyatı indiki kimi dərk etmirdim. Lazımsız insanların məsləhətlərinin badına getdim, Vaqif müəllimdən ayrıldım. Elə o, ərəfədə də ailə qurdum və həyatımın ən çətin dönəminə girdim. Çünki mən daim dəstəyi valideynlərimdən almışam. Sənətçilərin əksəriyyəti övladına məhz sənətinin çörəyini yedizdirir, amma mən indiyə qədər qızıma mikrafon pulu yedizdirməmişəm. Çünki ona anam, atam baxıb. Uşağımın səkkiz yaşı var. Mən nə qazanırdım ki, ailəmə də baxım? Nə olubsa, o duetdən sonra olub.  

- İndi Vaqif Gərayzadə ilə əlaqəniz var? 

- Bəli. Çox gözəl münasibətimiz var. Mütəmadi olaraq onunla telefonla danışıb hal-əhvalını soruşuram. Çıxdığım bütün verilişləri izləyir, bu isə mənim üçün fəxrdir. Düzdür, bəyənmədiyi məqamlar da olur. Bilirəm ki, o mənə hər zaman düzgün yol göstərir. Təki mənə xoş olsun deyə tərifləmir, düzünü deyir. Bir dəfə canlı efirə qonaq qismində dəvət olunmuşdum, yaradıcı heyət də Vaqif müəllimlə əlaqə saxlamışdı. Onda demişdi ki, bu qızı az danışdırıb, çox oxutdurun. Bunu eşidəndə birtəhər olmuşdum. Hətta zəng edib dedim ki, Vaqif müəllim niyə elə dediniz? Camaat fikirləşəcək ki, mən danışığımı bilmirəm. Vaqif müəllim də qayıdıb mənə dedi ki, o sözü sənin yaxşılığın üçün demişəm. Sonradan anladım ki, mən bu insandan hələ çox şeylər öyrənəcəyəm. 

- Deyirdillər, Vaqif Gərayzadə qrupundakı qızları şou-proqramlara, toylara getməyə. Bu, doğrudur? 

- Mən elə o dövrdən şou-proqramlarda, toylarda iştirak edirəm. Bu, bizim qazanc yerimizdir. Vaqif müəllim bizi toya qoymurdu deyə bir şey yox idi, sadəcə, o dəvətləri araşdırırdı. Bizə qalmaqallı verilişlərə, özümüzü tamaşaçıya sıramağa icazə vermirdi. Çoxları deyir ki, mənə bu sənətdə filankəs filan şeyi öyrədib, amma mənə Vaqif müəllimdən başqa heç kim, heç nə öyrətməyib. 
 
- “W-TRIO” yoxsa “Aypara”? 

- Bir az çətin sualdır. Çünki hər ikisi mənim pak, saf günlərimin əziz xatirəsidir, amma seçim etməli olsam, “Aypara”nı seçərdim. Çünki orda mənim üçün daha maraqlıydı. 

- Bir müddət öncə Xalq artisti Röya Ayxanla Natavan Həbibi arasında “parik” qalmaqalı oldu. Siz bu məsələdə kimi haqlı sayırsız? 

- Məncə, hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olardı. Yoxsa mən özümdən qat-qat yüksəkdə olan insana söz atım, belə olmaz. Bu bilirsiniz nəyə bənzəyir? Balaca bir uşağın öz topunu darvazanın o tayına atmasına. Neynəsə də bunu edə bilmir, çünki o, yüksəkdədir. Adama deyərlər ki, get, qıraqda öz topunla oyna. (gülür) Özündən qat-qat yüksəkdə olana söz atmaqla heç nə edə bilməyəcəksən. Danışılacaqsan, baxış sayın artacaq, amma bunların heç biri sənin xeyrinə olmayacaq. Adam gərək düşünsün ki, haqqımda nələr danışılacaq, müzakirə olunacaq? Sən hansı ağılla Röya Ayxana söz atırsan? Camaat nə deyəcək, bravo?! Xeyr. Xalqın gözü tərəzidir. İnsanlar kimi daha çox sevir, Röya kimin artistidir? Bunu hər kəs çox gözəl bilir. Bilirsiniz, insan xoşbəxt olanda, həyatı normal gedəndə düşünmür ki, kiməsə söz atsın. 

 
- Son olaraq dinləyicilərinizə nə demək istəyərdiniz? 

- Demək istəyirəm ki, mən heç vaxt "bağ belə, bostan belə, mən birincilərin birincisiyəm və yaxud da olacağam" deyə vəd vermirəm. Hər kəsin öz auditoriyası var. Mən zövqlü qulaqlar üçün çalışıram və çalışıram ki, keyfiyyətli musiqi təqdim edim.

Sonda Amina Şirinqızı məlahətli səsi ilə dinləyicilərimiz və oxucularımız üçün canlı ifalar nümayı etdirdi.

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov