İşsiz qalan şou əhlinin Müqəddəs Qurban bayramı - "Qurban kəsmək qadağandır"

İşsiz qalan şou əhlinin Müqəddəs Qurban bayramı -
ŞOU-BİZNES

30 iyul 2020, 13:52

Mətn ölçüsü

Müqəddəs Qurban bayramı islam aləmində ən möhtəşəm və vacib bayramlardan biri hesab olunur. Hər il bu təqvim xüsusi özəlliklə ölkəmizdə qeyd olunur. Lakin bu il pandemiya səbəbindən Qurban bayramı ölkəmizdə müəyyən şərtlərlə keçiriləcək.

Maraqlıdır bəs görəsən şou-biznes əhli bu bayramı necə keçirəcəklər?

"Eurovision" qalibi, gənc müğənni Eldar Qasımov News24.az-a açıqlamasında bildirib ki, qurban kəsməyəcək: "Bu il üçün ümumiyyətlə heç nə planlaşdırmıram. Ailə bayramlarımızı ancaq evdə, sıx əhatə ilə qeyd edirik. Heç vaxt qurban kəsməmişəm, amma ailəm edib. Hər kəsin özünəməxsus qurbanı və niyyəti olur. Mən qurbanımı başqa yolla verirəm".

Rəqqasə Oksana Rəsulova isə əksinə, hər il olduğu kimi bu dəfə də qurban kəsəcək: "Qurban payımı artıq sifariş eləmişəm. Məncə qurbanı hər hansısa bir arzuya və niyyətə görə kəsməzlər. Hər bir müsəlman imkan daxilində qurban kəsməlidir. Hətta bunu özümə borc sayıram. Niyyətin, arzun varsa, onu özün həll eləməlisən, onun həyata keçməsi üçün dua etməlisən. Buna görə qurban kəsməməlisən. Əfsüslar olsun ki, pandemiya səbəbindən bayramı qeyd edə bilmirik. Sabah ailə üzvlərimlə bir yerdə olacağam. Kiminləsə görüşüb oturmaq niyyətində deyiləm. Düşünürəm ki, qurban bayramı əsl ailə bayramıdır".

Əməkdar artist Vasif Məhərrəmlinin reaksiyası isə bizi xeyli təəcüübləndirib: "Bu il qurban kəsmək qadağandır. Qurban kəsmirəmsə, bayramı qeyd edə bilmərəm".

Müğənni Aynur Dadaşova
bu il qurban kəsəcək məşhurların sırasındadır: "Anam artıq qurbanlıq qoyunu alıb. Allah bizə daim imkan versin ki, biz o qurbanı kəsə bilək. Hər kəs üçün dua edirəm. Təkcə özüm üçün heç nəyi istəmirəm. Heç vaxt qurbanı tək kəsməmişəm, daim ətrafımda olan insanları da bu addıma cəlb etmişəm. Qurbanımı kəsəcəyəm və əsas niyyətim, istəyim pandemiyanın tez bitməsidir. Çünki vəziyyət çox pisdir. Əfsuslar olsun ki, bu il Həcc Ziyarəti də təxirə salındı. Mənim də ən böyük arzum Həccə gedib orda qurban kəsməkdir. Bayram günü canlı efirdə olacağam, axşam isə bütün ailə üzvlərimizlə birlikdə bayram masası arxasında oturacağıq".

Müğənni Kərim Abasov da, bu il qurban kəsəcək: "Qurbanımız artıq qapımızdadır. Əsas niyyətim hər bir azərbaycanlı kimi Qarabağın geri qayıtmasıdır. Artıq şəhid görmək istəmirik. Daha sonra pandemiyanın bitməsini dörd gözlə gözləyirik. Torpaqlarımız alınsın, koronavirus bitsin qurban kəsəcəyəm. Çünki, vəziyyətim çox pisdir. Artıq altı aydır işsizəm. Bu ailəni dolandıran şəxs üçün çox çətindir. Heç kim də qapımı döyüb soruşmur ki, acam, ya sususam? Belə getsə depressiya məni öldürəcək".

Sevda Bayramova