"Yaşar Nuridən bir daha olmayacaq" - SƏNƏTKARIN HƏYAT YOLDAŞI DANIŞDI

"Yaşar Nuridən bir daha olmayacaq" - SƏNƏTKARIN HƏYAT YOLDAŞI DANIŞDI
ŞOU-BİZNES / MƏDƏNİYYƏT

03 sentyabr 2020, 17:07

Mətn ölçüsü

Azərbaycanın Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, aktyor Yaşar Nuri yaşasaydı bu gün 69 yaşını qeyd edəcəkdi.

Sevilən sənətkarımızın anadan olmasının 69-cu ildönümündə onun həyat yoldaşı Rəhimə Nuriyeva ilə həmsöhbət olduq.

O, bu günlə bağlı News24.az-a açıqlamalar verib: "Zəng edənlər oldu, amma yaxın dostlarından səs-səmir gəlmədi. Yəni, gözlədiklərim zəng etmədi. Firəngiz Mütəllimova da zəng etməyib. Onun ad gününü biz hər zaman yad edirik. Axşama qədər gözləyəcəyəm. Əgər zəng etməsə, özüm yığacağam. Bu gün Rüfət, Nicatla qəbir üstünə getdik, gül dəstəsi qoyduq. Həyat yoldaşı kimi öz borcumu yerinə yetirdim. Göz yaşlarımı saxlaya bilmədim. Yaşar heç vaxt doğum günlərini xüsusi qeyd etməzdi. Heç bir ad günündə dəbdəbəli masalar açılmırdı, kənar qonaqların gəlməsini sevməzdi. Ancaq dostları ilə birlikdə olurdu. Hər zaman onun səhhətinə görə narahat qalırdım, ona görə də harda və kiminlə doğum gününü qeyd etməsinə qarışmırdım. Yaradıcı insanlara azadlıq vermək lazımdır".

R. Nuriyeva bir müddət öncə müğənni Rüfət Axundovla bağlı yaranan soyuqluğa da münasibət bildirib: "Rüfət və Nicatla aramız yaxşıdır, çünki biz qohumuq. Hər bir ailədə kiçik problemlər yarana bilər. Uman yerdən küsərlər. Rüfətə ərkim çatır ona görə də inciyə bilərəm, amma hazırda hər şey normaldır. Çünki Yaşarın xatirəsini daim qorumuşam və qoruyacağam da. İcazə vermərəm ki, söz-söhbət yaransın".

Yaşar Nurinin ömür-gün yoldaşı onu da əlavə edib ki, hazırda Azərbaycan kino və teatr sahəsində onun kimi aktyor yoxdur: "Yeni Yaşar Nuri yetişməyəcək. Çünki onları ortada görmürəm. Hər kəsdə nəsə var, amma tam o deyil. Üç, beş ilə nəsə dəyişəcəyinə də inanmıram. Səbəbini də bilmirəm. Yəqin gənclərə Yaşar, Telman kimi müəllim lazımdır ki, onlara hər şeyi öyrətsin. Bilirsiniz, aktyor yetişmir, əsl aktyor doğulur. Hər halda təcrübə başqa bir şeydir. Filmə, seriala çəkilməklə aktyor olmursan. Heç onlara baxmıram, tanımıram da. On serialdansa, bir tarixi filmin çəkilməsi daha məqsədəuyğun olar. Sponsorlar da pullarının hara getdiyini bilər. Çox heyif... Onu da deyim ki, əgər, Yaşar Nuri haqda film çəkilsə, onu canlandıra bilən iki aktyor var. Adlarını çəkə bilmərəm. Amma oğlum olsaydı, o, rahatlıqla Yaşarı canlandıra bilərdi. Qızlarım atalarına çox bənzəyirlər".

Sevda Bayramova