"Oğlumun mənə görə utanmasını istəmədiyim üçün..." - YAŞAR YUSUB - MÜSAHİBƏ - FOTOLAR

"Oğlumun mənə görə utanmasını istəmədiyim üçün..." - YAŞAR YUSUB - MÜSAHİBƏ - FOTOLAR
ŞOU-BİZNES / MÜSAHİBƏ

16 sentyabr 2020, 15:43

Mətn ölçüsü

Hər zaman qalmaqallardan, söz-söhbətlərdən qaçan müğənni Yaşar Yusub qonağımızdır. Yaradıcılığından, oğlundan danışan ifaçı müsahibə əsnasında maraqlı məqamlara toxunub.

Yaşar Yusubun News24.az-a müsahibəsini təqdim edirik:


- Salam, xoş gördük. Necəsiniz? 

- Çox sağ olun, yaxşı olasınız.  

- Pandemiyada günləriniz necə keçir? 

- Xüsusilə biz sənətçilər üçün çox çətindir. Çünki biz daima çalışmağa öyrəşmişik. Demək olar ki, heç yerə qatılmadım, çox nadir hallarda  təxirəsalınmaz və vacib işləri həll etmək üçün çölə çıxırdım. Xüsusilə də toyların olmaması bizə çətinlik törədir. Ona görə mən də hər kəs kimi bu bəlanın ölkəmizin başından səbirsizliklə keçməsini gözləyirəm. Pandemiya dövrünün bir müsbət məqamı o oldu ki, yaradıcılığımıza daha çox zaman ayırdıq, yeni işlər üzərində çalışdıq. Fotosessiya və yeni mahnı təqdim etdik. İndi elə dönəmə gəlib çıxmışıq ki, bir mahnı yetərli deyil. Gərək yeniliklər və fərqli layihələr təqdim edəsən. Bir mahnıya sərmayə, vaxt ayırırsan, amma o sevilmir və yadda qalmır. Belə hallar olanda çox məyus oluram. İnsanları da qınamaq olmur, çünki əhval-ruhiyyə o deyil. Sakit, başıaşağı, amma işlərini məsuliyyətlə görən müğənni olmuşam.  

- Nə ilə dolanırsınız? 

- Bu dönəmi hər bir həmkarım fərqli dəyərləndirdi. Biri biznes qurdu, digəri tikinti şirkətinə düzəldi, kimisi də jurnalistika ilə məşğul olmağa başladı. Onları qınamııram, çünki hazırkı vəziyyət çox çətindir. Maddi vəziyyət pisləşdiyindən heç kim onlara irad tuta bilməz. Çünki niyəsini hamımız çox gözəl bilirik. O ki qaldı mənim dolanışığıma, mən də artıq bir biznes qurmağı düşünürəm, hətta bununla bağlı demək olar ki, bütün işlərimi görmüşəm.  


- Fəaliyyətiniz boyunca sizi hər hansısa qalmaqalda görmədik. Hər zaman söz-söhbətdən qaçmısınız. Qalmaqalsız önə getmək çətin deyilmi? 

- Düzdür, insanlara şəxsi həyat, qalmaqal, söz-söhbətlər maraqlıdır, amma hara qədər belə getmək olar? Mən üç, dörd günün müğənnisi deyiləm. Və az öncə də vurğuladığınız kimi indiyə qədər heç bir qalmaqalın tən ortasında məni görməmisiniz. İndi o dövrüm deyil ki, telefonumu dostuma verim deyim ki, mən indi burda “şpaqat” açacağam, sən də bunu çək, sosial şəbəkələrdə yayaq, reklam olunum. Belə gündəm mənə lazım deyil. 2006-cı ildən peşəkar səhnədəyəm və hər halda sözümü deməyə haqqım çatır. Mənə maraqlı deyil kim harda nə etdi. Çünki bu cür ucuz reklamların artıq vaxtı bitib, hətta arada belə xəbərləri oxuyanda çox gülürəm. Bunu etməklə sən nə əldə edə bilərsən? Heç nə. Əvvəllər hətta maqazin proqramların çox baxıldığı vaxtlar idi. Anonslara baxırdın ancaq şok effektli səslər və keçidlərdən hazırlanılıb. Daha sonra süjetin içinə baxıb görürsən ki, hər şey quraşdırılıb. İnsanlar reallığı sevir. Qalmaqalsız müğənnilərə hər zaman tələbat olub, olacaq da. Elə yaşamaq lazımdır ki, sabah cəmiyyət arasına çıxanda utanmayım, övladım, valideynim mənə görə xəcalət çəkməsin. Eybi yoxdur çox məşhur olmayaq, hər yerdə görünməyək, amma sambalımız olsun. Yoxsa ki, hər gün soyuducunu açanda səsimiz gəlsin, amma yolumuz düz olmasın, belə olmaz.  

- Yaşar Yusub səhnədə şou göstərə bilir? 

- Xeyr. Bizdə ümumiyyətlə şou göstərən çox az sənətçi var. Onlardan biri Xalq artisti Aygün Kazımovadır. İkinci elə bir insan yoxdur. Bizim şou-biznes xaricdən çox geridədir. Birinci həvəs olmalıdır, sonra isə maliyyə. Hər şey pul deyil.  

- Sizcə solo konsert keçirsəniz, biletlər satılar? 

- Düzünü desəm istəyirdim, amma çəkindim. Məncə, hələ o məqam deyil. Sözün düzünü desəm qorxdum. Bizdə konsertdən qazanmaq çox çətindir. Heç olmasa çalışıb onu ziyansız keçirməlisən. Hesab edirəm lo, bizdə konsertdən böyük gəlir əldə edən müğənni yoxdur.  


- Övladınızı əvvəllər mediadan çox gizlədirdiniz, amma son zamanlar tək-tük də olsa şəkillərini paylaşırsınız. Gözdən, nəfsdən qorxursunuz? 

- Bir az. Mən ümumiyyətlə ailəmi, övladımı nümayış etdirməyi sevmirəm. Narahat oluram, kompleksə girirəm. Göstərən həmkarlarıma pis baxmıram, əksinə. Tanınmağı sevmirlər, narahatlıq keçirib, sıxılırlar. Biz daha çox rahatlığı sevirik. Amma onu da deyim ki, oğlum çox istedadlıdır. Açığını desəm oğlumun gələcəkdə müğənni olmasını istəmərəm. Çünki, çox çətin, sözlü-söhbətli və ağır peşədir. Başı sakit vəzifəni seçsə məncə daha yaxşı olar. Yox əgər, istedadı olsa, istəsə ona dəstək olarıq.

- Bilirsiz ki, hazırda musiqili meyxana janrı çox dinlənilir, amma bir o qədər də çox tənqid və müzakirə olunur. Qonşudan qalma geri prinsipini nəzərə alaraq sizdən də belə bir mahnı gözləyəkmi?   

- Bəzən görürsən ki, hətta konservatoriyanı belə bitirən müğənnilər musiqili meyxana oxuyur. Onları qınamıram, çünki pul qazanıb evinə çörək aparmalıdırlar. Amma sırf gəlirə görə də, hər şeyi oxumaq məncə düzgün deyil. Düzdür, zövqlər müxtəlifdir, amma mən oxumaram. Çünki tərzim deyil. Amma ümumiyyətlə meyxana çox çətin sənətdir, onu hər kəs bacara bilməz. 

 
- Üzeyir Mehdizadəni dinləyirsiniz? 

- Hər gün dinləmirəm, amma mahnılarını eşitmişəm. Hətta bu yaxınlarda Üzeyirin bir videosunu gördüm. Görüntülərdə insan izdihamı var idi. Görün, onu necə sevirlər. Ona görə mən də çox sevindim. Üzeyir çox yaxşı insan, dostdur xətrin əzizdir. Radioda mahnısını eşitsəm keçirtmərəm, amma tərzim deyil.  

- Sizi nə vaxtsa Yaşar Cəlilovla səhv salıblarmı? 

- Xeyr. Hər kəsin özünəməxsus auditoriyası var. Azərbaycan şou-biznesi çox böyük deyil ki, səhvlik olsun.  

- İndiki yerinizdən razısınız? 

- Bu günümə şükür.  


- “Şeron” qrupundan ayrılmağınızın səbəbi nə oldu?

- Xüsusi bir səbəb olmadı. Heç nə daimi deyil. Dörd, beş il normaldır. “Şeron”un yaradıcılığımda xüsusi yeri var. Tanındığıma görə qrupa, rəhbərimiz Rüstəm Zeynallıya borcluyam.  

- Rüstəm Zeynallıyla hazırda əlaqəniz varmı? 

- Təbii var. Görüşürük, danışırıq, incikliyimiz yoxdur. Bir böyüyüm kimi ona çox böyük hörmətim var, müəllimimdir. Rüstəm Zeynallı hazırkı bir çox ulduzlarımıza, “A” kateqoriyalı müğənnilərimizə dəstək olub.  


- Bəzi həmkarlarınız özlərinə bəstəkar deyirlər buna münasibətiniz necədir? 

- Onlar çox ciddi qəbul olunmurlar. İndi çox təəssüf ki, Üzeyir Hacıbəylinin dövrü deyil. O, bizim musiqimizin banisidir. Görəsən, Üzeyir Hacıbəyli olmasaydı, musiqimizin bu günü necə olardı? Böyük bəstəkarlarımız olub, var və olacaq da. Amma təəssüf ki, peşəkarlar hazırda çox azlıq təşkil edir. Məsələn, Aygün Səmədzadəni çox sevirəm. Düzdür, repertuarımda mahnısı yoxdur, amma olmasını çox istəyirəm. O da mənim günahımdır, üzərinə düşməmişəm. Daha sonra Vaqif Gərayzadənin adını çəkə bilərəm. O, həqiqətən də sənətkar, böyük peşəkardır. Belə adlar haqda danışmaq ümumiyyətlə bizə düşməz. Bəzi gənclər bizə mahnı göndərirlər, inanın ki, dinləyəndə utanıram. Mahnının əvvəli var, sonu yoxdur. Belə şey olar? Ona görə də gərək bir işi görəndə də peşəkar yanına gedəsən. Düzdür, istedadlılar var, amma çox azdır.

Sevda Bayramova
FOTO: Fərid Şabanov