2019-un ən çox gözlənilən xarici bədii filmləri - VİDEO

2019-un ən çox gözlənilən xarici bədii filmləri - VİDEO
ŞOU-BİZNES / SİYASƏT

10 yanvar 2019, 14:08

Mətn ölçüsü

Yeni il - yeni filmlər deməkdir! 

2019-cu il maraqlı filmlərlə yadda qalacağını vəd edir. Onların arasında “Avengers:Endgame” kimi ən çox gözlənilən və həmçinin “Shazam” kimi yeni filmlər də var.

News24.az 2019-cu ildə ən çox gözlənilən filmlərin siyahısını təqdim edir.

“Captain Marvel” Təqdimat tarixi: 7 mart

“Oskar” laureatı Bri Larson Marvel kino kainatının yeni üzvü olacaq və Kapitan Marvel rolunu canlandıracaq (obrazın əsl adı Kerol Denversdir). Bu qəhrəman qadın komikslər aləmində ən güclülərdən biri hesab olunur. Onun düşmənləri isə Yer kürəsini ələ keçirmək istəyən “skrullar” olacaq. Bu varlıqlar istənilən cildə girə bildikləri üçün, qəhrəmanın işi biraz çətin olacaq. Filmdə həmçinin Cud Lou da rol alır. Onun canlandırdığı personaj Kerol obrazının təlimçisi olacaq. Gənc və hələ ki, iki gözlü Nik Fyurini isə həmişəki kimi Samuel L. Cekson oynayacaq. Kapitan Marvellə həm də ona görə tanış olmağa dəyər ki, o, yeni “Avengers:Endgame” filmində yer alacaq.



“Avengers: Endgame” Təqdimat tarixi: 25 aprel

Növbəti film “Qisasçılar”dır. Bu filmdə sağ qalan bütün super qəhrəmanlar son dəfə bir araya gələrək dünyanı xilas etməyə və hər şeyi əvvəlki vəziyyətə qaytarmağa çalışacaqlar. Filmdə rol alan bəzi aktyorlar oynadıqları obrazları son dəfə canlandıracaqlar. Məsələn, tamaşaçılar Kris Evansı Kapitan Amerika kostyumunda son dəfə görəcəklər.

“Men in Black: International” Təqdimat tarixi: 17 may

“Qara geyimli adamlar” qayıdır! 
Yeni filmdə hadisələr dünyanın müxtəlif hissələrində cərəyan edir. Agent M (Em) və agent H (Eyç) müəmmalı qətl hadisəsi ilə bağlı əhvalata cəlb ediləcəklər. Agentlər qətl hadisəsinin üstünü açmalı və sıralarında olan casusu tapmalı olacaqlar. Filmin baş rollarında Tessa Tomson və Kris Hemsvort oynayacaq. Qara geyimli adamların başçısı obrazını Liam Nison, mənfi obrazı isə Rebekka Ferquson canlandıracaq.

“Godzilla 2: King of the Monsters” Təqdimat tarixi: 30 may

Qodzillanın bədheybətlər arasında öz üstünlüyünü sübut etmək vaxtı çatıb! Həmçinin bəşəriyyəti xilas etmək də bu dəfə onun öhdəsinə düşür. Bu dəfə onun üç rəqibi olacaq: Nəhəng güvə Motra, uçan kərtənkələ Rodan və üçbaşlı ilan Kinq Qidora. İnanırıq ki, bu, əla film olacaq.

“Dark Phoenix” Təqdimat tarixi: 6 iyun

“X Adamlar” da qayıdır! Bizə tanış olan Mistik, Professor İks, Maqneto, Siklop, Heyvan və başqa obrazlardır. Süjetin mərkəzində isə Cin Qrey dayanır. Cin Qara Feniksə çevrilir və planetin ən qüdrətli mutantı olur. Belə bir qüvvə ətrafda olan hərkəs üçün təhlükə mənbəyidir. İndi İks Adamlar seçim etməlidir ya öz dostlarını, ya da bütün insanlığı xilas etməlidirlər. Filmdə baş rollarda Sofi Tyorner, Cenifer Lourens, Cessika Çesteyn, Djeyms Makevoy və Maykl Fasbender oynayıblar.


“The Lion King” Təqdimat tarixi: 18 iyul

Kino tarixinin ən populyar və sevimli cizgi filmi nəhayət kino halında təqdim olunacaq. Filmin süjeti və qəhrəmanları əvvəlki kimi qalacaq. Simba, Mufasa, Skar, Rafiki və əlbəttə ki, Timon və Pumba.
Necə deyərlər, Akuna Matata!

“Shazam” Təqdimat tarixi: 4 aprel

14 yaşlı Billi Betson adlı oğlan qədim cadugər sayəsində qeyri-adi bacarığa sahib olur. Filmin qəhrəmanı “Şazam” sözünü qışqıran kimi yetkin super qəhrəmana çevrilir. Bu qəhrəmanın çoxlu super bacarıqları var ki, Billi onlara öyrəşməlidir. Amma qəhrəmanlar olan yerdə zalımlar da var.
Filmdə baş rolu Zakari Levay canlandırıb.

“Star Wars: Episode IX” Təqdimat tarixi: 18 dekabr

Doqquzuncu epizod ilin sonunda işıq üzü görəcək, bu səbəbdən film haqqında hələ ki, məlumat azdır. Lakin film keçən hissədə (“The Last Jedi”) baş verən hadisələrin ardını davam edəcək. Filmdə Lyuk Skayoker, Kaylo Ren, Po Demeron və tamaşaçılara tanış olan başqa personajlar var. Filmin rejissoru Cey Cey Abramsdır.

“Spider-Man: Far From Home” Təqdimat tarixi: 4 iyul 

Piter Parker dostları ilə tətilə Avropaya yola düşür. Əlbəttə ki, məsələ təkcə istirahətdə deyil. Nik Fyuri Hörümçək adama gizli tapşırıq verib. Filmdə qəhrəmanımız yeni casus kostyumunda qarşımıza çıxacaq. Əsas mənfi obraz qismində isə mahir illüziya ustası Misterio olacaq. Bu obrazı Ceyk Cillenxol oynayacaq. Tom Holland, Zendaya və Marisa Tomey isə yenidən öz rollarını oynayacaqlar.

“Aladdin” Təqdimat tarixi: 23 may

Ərəb gecəsi... Disney studiyasının istehsalı olan növbəti cizgi filmi bədii film olacaq. Filmin aktyor heyyəti elə də tanınmış deyil, amma bəlkə də belə daha yaxşıdır. Təsəvvür edin ki, Ələddini Tom Kruz canlandırır(bu qəhrəmanı Tom Kruzun siması əsasında yaradıblar). Təkcə Cin obrazını Uil Smit canlandırır( əlbəttə ki, bu yaxşıdır). Hər halda, tamaşaçılar filmin rejissoru Qay Riççidən şedevr gözləyir.

“Once Upon a time in Hollywood” Təqdimat tarixi: 26 iyul

Kventin Tarantino yeni filmi ilə geri dönür. Filmdə hətta bir nəfər belə ulduz aktyor olmasaydı, tamaşaçılar yəqin yenə də onu seyr edərdi. Amma nəzərə alsaq ki, filmdə baş rolları Leonardo Di Kaprio, Bred Pit və Marqo Robbi oynayır, deməli kinoteatra nəinki getmək, hətta qaçmaq lazımdır! Bu dəfə Tarantino tamaşaçıları ötən əsrin 60-cı illərinə aparacaq. Filmin baş qəhrəmanları isə kino biznesində uğur qazanmaq istəyən aktyor və onun dublyorudur.

Hazırladı: Səməd AĞAYEV