"Ağ atlı oğlan, dörd otaqlı ev, "Gelandewagen" - MƏŞHURLAR ŞAXTA BABADAN HƏDİYYƏ İSTƏDİLƏR

"Ağ atlı oğlan, dörd otaqlı ev, "Gelandewagen" - MƏŞHURLAR ŞAXTA BABADAN HƏDİYYƏ İSTƏDİLƏR Şou
Yeni il deyəndə, təbii k, ağla ilk növbədə "Şaxta baba" və "Qar qız" gəlir. Uşaqdan - böyüyə hər kəsin ürəyinə yol tapmağı bacaran qəhrəmanlar 12 ayda cəmi bir dəfə yanımıza gələrək bizi sevindirirlər. Maraqlıdır, bəs, görəsən ilin 12 ayını deyib-gülən, "çal-çağır" edən şou əhli "Şaxta baba"dan nə arzu edir?
 

Məhz bu suala cavab tapmaq üçün News24.az tanınmışlara müraciət edib.  

İlk olaraq adı daha çox qalmaqallarda hallanan müğənni Kərim Abasov arzularını dilə gətirib: "Mənim Şaxta babam Allahımdır. Allahımdan isə xoşbəxtlik, sağlamlıq, ruzi-bərəkət istəyirəm. Maddi mənada isə tezliklə evimin təmir olunmasını arzulayıram. Evimiz nəhayət ki, hazır olsun, mən də ailəmlə ora köçüm". 

Aparıcı Zümrüd Bədəlova "Şaxta baba"dan daha böyük hədiyyə umur: "Çox istəyirəm ki, evim olsun. Hazırda ailəmlə yaşayıram, amma arzu edərdim ki, qızımla birgə ikimizə aid bir mənzilimiz olsun".
 
İl ərzində tamaşaçıları güldürən aktyor Elməddin Cəfərovun da arzusu maraqlıdır: "Şaxta babadan qar istəyirəm. Bakı bir az qar görsün. Arzu edirəm ki, paytaxtda ab-hava dəyişsin. Əgər, bu iş “şaxta baba”lıqdırsa “pes” yəni... (gülür) Yox əgər, məsələ qlobal istiləşməyə gedib çıxırsa, demək, yazıq kişilik bir şey yoxdur? O, özü də əriyəcək".
 
Tarzən Humay Qədimovanın istəyi xeyli təəccüblü olub: “Şaxta babadan” nə istəyəcəm? Təbii ki, ağ atlı oğlan”.
 
Ölkəmizi “Eurovision”da qalib edən gənc müğənni Eldar Qasımov da arzularını bizimlə bölüşüb: “Uşaqlıqdan "Şaxta baba"nın varlığına inanmıram. Hər il hədiyyələri babamın aldığını bilirdim.  Amma belə bir qüvvə olsaydı, istəyərdim ki, canım sağlam, ətrafımdaki insanlar xoşbəxt olsun, bir də ölkəmizdə əmin - amanlıq hər zaman hökm sürsün. Çünki bunlar olmayanda, insanlar məyus olur. Və heç olmasa bir dəfə güclü qar yağsın. Qışı sevmirəm, amma gözəlliyi sevirəm. Düşünürəm ki, Bakımızı ağ qar bürüsə, çox gözəl mənzərə yaranacaq".


Teleaparıcı Lalə Əlimuxtarova isə "Şaxta baba"nı əməlli-başlı xərcə salmaq istəyir: "Gelandewagen" istəyirəm özü də ağ rəngdə". 



Əməkdar artist Elnur Kərimovun da istəyi az deyil: "Ən böyük arzum mənzildir. 11 ildir kirayədə qalıram və hər il arzulayıram ki, bayramı ailəmlə birgə öz evimdə qeyd edim. Bu arzu reallaşana qədər onu istəyəcəm. İstəyirəm ki, "Şaxta baba" gəlsin və dörd otaqlı evin açarlarını mənə versin. Desin ki, "Ay bala, keç otur, öz evində, işinlə məşğul ol". 



Əməkdar artist Müşfiq Abbasov isə "Şaxta baba"dan pulsuz hədiyyə gözləyir: "Nə olur-olsun, pulsuz olsun". 

Aktyor Fərda Xudaverdiyev sualımızı bu cür cavablandırıb: "Şaxta baba"dan bir arzumun reallaşmasını istəyərdim. Dünyanın hər yerində yaşayan azərbaycanlıların hamısıı varlı olsun. Xalqımıza maddi ehtiyacsız həyat arzu edirəm". 

Teleaparıcı Cavid Gül arzularını belə dilə gətirib: "Qoy, "Şaxta baba" bizim efirləri düzəltsin, normal zövq formalaşsın, maarifləndirmə işinə özü baxsın". 

Müğənni Nadir Qafarzadənin sualımıza cavabı isə belə olub: "Bütün insanlar kimi, əlbəttə, mənim də arzularım var. Amma mən onları "Şaxta baba"dan yox, Allahdan istəyirəm. Gec olsa da, arzu etdiyim xəyallarımın çoxusu reallaşıb. İki balam, gözəl ailəm, karyeram, azdan-çıxdan hörmətim var. Övladlarımı evləndirmək istəyirəm. Qayınata, baba olmaq arzusundayam". 

Aktyor Müşfiq Şahverdiyev də Yeni il öncəsi bunları arzulayıb: "Şaxta baba" bizə bu il yaxşı reklam və film təklifləri gətirsin. Yaxşı iş nə qədər çox olsa, bir o qədər yaxşıdır. Düzdür, bu il sıçan ilidir. Deyirlər sıçan xəsisdir, amma İnşallah elə olmaz". 

Biz də şou əhlinə siçan kimi xəsis yox, qıvraq, qoçaq olmağı və tələyə düşməməyi arzulayırıq.

Sevda Bayramova