“Atasının ölümünü gözləyən uşağa bir qəpik belə qoymaram”
Şou
“Atasının ölümünü gözləyən uşağa bir qəpik belə qoymaram”.
News24.az xəbər verir ki, bunu məşhur türkiyəli müğənni, aktyor və rejissor Mahsun Kırmızıgül “MagazinBurada” müxbirlərinin suallarını cavablandırarkən deyib.
Kırmızıgül ailədaxili miras mübahisələri və əmlak bölgüsü ilə bağlı diqqətçəkən fikirlər səsləndirib. Sənətçi mülkiyyət bölgüsünün valideynlər sağ ikən aparılmasının vacibliyini vurğulayaraq, sərvətinə göz dikən övladlara sərt reaksiya verib.
“Bəzi uşaqlar var ki, miraslarını ala bilmək üçün atalarının ölümünü gözləyirlər. Mən belə bir uşağa bir qəpik belə qoyub getmək istəməzdim. Allah hər kəsə sadiq, mərhəmətli və fəzilətli övladlar nəsib etsin”.
Ailələrdə fikir ayrılıqlarının çox vaxt övladlar evləndikdən sonra dərinləşdiyini qeyd edən sənətçi gəlinlər arasındakı rəqabətə diqqət çəkib: “Uşaqlar böyüyüb evləndikdə gəlinlər arasında inanılmaz rəqabət olur. Mən belə çox hadisələrin şahid olmuşam”.
Onun sözlərinə görə, gələcəkdə yarana biləcək mübahisələrin qarşısını almaq üçün əmlak məsələsi gecikdirilməməlidir: “Ən yaxşısı məsələni ata sağ ikən həll etməkdir”.
Kırmızıgülün bu açıqlamaları sənətçinin şəxsi sərvətini də yenidən müzakirə mövzusuna çevirib. İctimaiyyətə açıqlanan rəsmi rəqəm olmasa da, 2022-ci ildə Ece Binaydan boşanarkən sənətçinin villa və avtomobil daxil olmaqla, əmlakının təxminən yarısını keçmiş həyat yoldaşında saxladığı bildirilirdi.