"Bəlkə, özünüzü də monitorinq edəsiniz?" - Günaydan Monitorinq Mərkəzinə

"Bəlkə, özünüzü də monitorinq edəsiniz?" - Günaydan Monitorinq Mərkəzinə Şou
"Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru çox hörmətli professor, filologiya elmləri doktoru Sevinc xanım Əliyeva, zəhmət olmasa deyərdiniz "söz" olaraq tələffüz olunur yoxsa "sötz"? Biz sizlərdən öyrənirik axı. Daha öncəki açıqlamamda sizin qurumdan əsas gətirməyinizi, açıqlama verməyinizi tələb etdim. Rəsmi feysbuk səhifənizdə "rəsmi açıqlama" adlı xəbər paylaşdınız".

News24.az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli instaqram hesabında yazıb. Sənətçi mahnısının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısına salınmasına bir daha etiraz edib. 

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyevanın İTV-də qonaq olduğu anın videosunu yayımlayan Günay onun nitqində qüsur olduğunu iddia edib:

"Mütəxəssisiniz Kəmalə Onur mahnıda tələffüzdə yanlışlıqları olduğunu bildirdi və bu səbəbdən siyahıya adımın əlavə olunduğunu qeyd etdi. İlk dinləməsində iki səhv aşkarladığını bildirdi. Mən də istədim cüzi sizi monitorinq edim və ilk dinləməmdə sizdə tələffüz səhvləri aşkarladım. Nə təsadüf. Bəlkə, özünüz özünüzü də monitorinq edəsiniz? Qurumunuzun çox intellektual əməkdaşları var axı. Hörmətli Sevinc xanım, daha sonra saytlardan birinə müsahibə vermisiniz. O müsahibənizdə “O kimdir ki” adlı mahnımın məzmununu şərh etmisiniz və demisiniz ki, biz o ifadəni kimisə aşağılamaq istəyəndə bildiririk. Olduqca absurd və məntiqsiz bir şərhdi. Yenə əsas gətirə bilmədiniz.

O zaman ortaya sual çıxır, bu cür mötəbər və önəmli bir qurumun 3 bir-birinə uyğun olmayan, məzmunu fərqli açıqlaması ortaya çıxır. Birinci adımı və ifamı “pis vərdişləri təbliğ edən” siyahıya saldınız və yerli mediaya yönləndirdiniz. İkinci olaraq “rəsmi açıqlama” adı altında tələffüzü əsas gətirdiniz. Üçüncü də sizin açıqlamanız. Səbəb nə idi? Niyə mənə qarşı bir çirkin təbliğat etdiniz? Sonra absurd açıqlamalar gətirdiniz. Qurumun 1 rəsmi açıqlaması olar, 3 yox.

Ümumilikdə, 350-yə yaxın mahnı monitorinqə cəlb edildiyini söyləyirsiniz. Necə olur ki, qurumun tədbiri baş tutan ərəfədə, ordan 20 - 30 mahnı seçilir. "Zır kayfdayam", “Hallıyam”, “Ley pey olmuşam” kimi iyrənc məzmunlu mahnıların siyahısına gəlir mənim adım və ifam düşür. Sonra hansısa ağıllı əməkdaşınız bu siyahını mediaya göndərir. Ardı bəllidir".

Günay iddia edib ki, qurumun əməkdaşları ona qarşı "qara piar" hazırlayıblar:

Əməkdaşınız Kəmalə Onur söyləyir ki, o siyahı “zərərli vərdişlərdən istifadəni təbliğ edən” mahnılardan ibarət deyil, orfoepik, leksik, qrammatik səhvlər də buna aiddir. Yaxşı, ortaya yenə sual çıxır. Bu xəbər mediada işıqlananda, istinad sizin qurum gətiriləndə nə üçün o saytlara bildirmədiniz ki, o siyahı tək pis vərdişləri təbliğə aid deyil? Yaxud niyə o siyahı mediaya veriləndə bölgü etmədiniz? Məsələn, bu mahnı narkotiki təbliğ edir, bu mahnıda tələffüz səhvi var... Axı saytlar sizi istinad gətirir. Düzəldərdiniz də. Niyə düzəltmədiniz? Qurumun əməkdaşları vəzifə səlahiyyətlərini aşaraq mənə qarşı qaralama edib. Cəmiyyətə məni “pis vərdişləri təbliğ edən” bir sənətçi kimi aşılayıb. Amma cəmiyyət bunu qəbul etmədi.

Nəticə etibarı ilə, mənə qarşı etdiyiniz səhvlər göz qarşısındadır. Heç bir əsas gətirə bilmədiniz. Bir-birini təkzib edən açıqlamalar verdiniz və heç bir yeniləmə etməyərək, mediaya bildirmədiniz ki, siyahını yenidən paylaşın. Yanlışıqlar olub. Bilməmişik. Səhvi qəbul etmək çətindir? Yəqin ki, çətindir. Səhvi qəbul etmək alilik gərəkdirir".