Günay İbrahimli 50 min manat cərimələnə bilər – Müəllif hüquqları skandalı
Şou
RTV-də yayımlanan “Çərçivədən kənar” verilişinin növbəti qonağı bəstəkar Pərviz Mahmudov müğənni Günay İbrahimlini icazəsi olmadan mahnısını ifa etməkdə ittiham edib. Mahmudov bildirib ki, Günay İbrahimli reklam şirkəti ilə müqavilə bağlayaraq icazəsi olmadan çəkilən reklamda onun mahnısını ifa edib:
“Günay İbrahimli reklama çəkilərkən icazəm olmadan mahnımı ifa edib. Həmçinin reklam şirkəti ilə müqavilə imzalanarkən bəstəkar məsuliyyətini də öz üzərinə götürüb. Öncə, mənə dostunun reklamı olduğunu demişdi. Daha sonra öyrəndim ki, həmin çəkildiyi reklamdan müəyyən qonorar alıb və bunu məndən gizlədib.
Müəllif hüquqlarım müğənni Günay İbrahimli tərəfindən pozulduğu üçün “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinə (MHUİB) müraciət etdim. Artıq bu məsələnin həllində onlarla birgə çalışırıq”.
News24.az məsələ ilə bağlı MHUİB-ə sorğu göndərib. İctimai Birliyin idarə heyətinin sədr müavini Zamiq Yunisov bildirib ki, bəstəkar Pərviz Mahmudov müğənni Günay İbrahimli tərəfindən müəllif hüquqlarının pozulması ilə bağlı şikayətlə onlara müraciət edib:
“Mövcud faktlara əsasən, Günay İbrahimlinin Pərviz Mahmudova məxsus musiqi əsərinin müəllifliyini öz adına çıxarması Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 5-ci və 49-cu maddələrinin birbaşa pozuntusudur. Müəlliflik hüququnun mənimsənilməsi, yalan məlumat verilməsi və əsərin həqiqi müəllifinin adının gizlədilməsi qanun qarşısında ciddi məsuliyyət doğurur.
Qeyd edilməlidir ki, müəlliflik hüquqlarının pozulmasına görə məsuliyyət qanunvericilikdə iki formada nəzərdə tutulur: inzibati məsuliyyət və mülki kompensasiya.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsinə əsasən, müəlliflik hüququnun pozulması ilə bağlı inzibati cərimələr aşağıdakı kimidir:
Fiziki şəxslər: 80–150 manat
Vəzifəli şəxslər: 300–500 manat
Hüquqi şəxslər: 1 000–2 000 manat
Bununla yanaşı, “50 manatdan 50 000 manata qədər cərimə” barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil və qanunvericilikdə belə bir anlayış mövcud deyil. İnzibati məsuliyyət çərçivəsində maksimum cərimə hüquqi şəxslər üçün 2 000 manatdır.
Daha yüksək məbləğlər yalnız mülki məsuliyyət çərçivəsində məhkəmə tərəfindən təyin edilən kompensasiya kimi tətbiq oluna bilər. “Müəlliflik hüquqları haqqında” Qanunun 39-cu maddəsinə əsasən, pozuntuya görə:
110 manatdan 55 000 manata qədər kompensasiya müəyyən edilə bilər.
Bu məbləğ cərimə deyil, müəllifə dəymiş ziyanın ödənilməsidir.
Araşdırmalar göstərib ki, Günay İbrahimli müəllifin icazəsi olmadan əsəri reklam və kommersiya məqsədilə istifadə edib, üçüncü tərəflə müqavilə bağlayaraq qanunsuz gəlir əldə edib. Bu hal “qanunsuz kommersiya istifadə” və “əsasız gəlir götürmə” kimi qiymətləndirilir.
Pərviz Mahmudov MÜHİB-in üzvüdür və onun hüquqları İctimai Birlik tərəfindən qorunur. Toplanmış sübutlar və sənədlər yaxın günlərdə Füzuli Rayon Məhkəməsinə təqdim ediləcək.
Təşkilat olaraq tərəflər arasında razılaşma əldə olunmasını arzu etsək də, Günay İbrahimli tərəfindən indiyə qədər heç bir rəsmi addım atılmadığından proses məhkəmə qaydasında davam etdiriləcək.
Qanun pozuntusu təsdiqləndiyi təqdirdə, məhkəmənin kompensasiya, təkzib və müəlliflik hüququnun bərpası ilə bağlı qərar qəbul etməsi gözlənilir".