Günel Zeynalova: - “Eqonu deyil, sənətini göstərməlisən” - VİDEO
Şou
Türkiyədə fəaliyyət göstərən müğənni Günel Zeynalova Yeni il konsertindən öncə mətbuat nümayəndələri ilə görüşüb.
News24.az xəbər verir ki, müğənni Türkiyədəki və Azərbaycandakı komandası ilə möhtəşəm konsert proqramı hazırladığını deyib: "Yeni ildə Bakıda məkanların birində konsert proqramı ilə çıxış edəcəyəm. Konsertdə Tunar Rəhmanoğlu və türk müğənni Yusuf Güney də iştirak edəcək. Proqramda orkestrimdə 15 nəfər Türkiyədən, 15 nəfər isə Azərbayandan təmsil olunacaqlar".
"Son zamanlar məni Azərbaycanda daha çox sevirlər" deyən müğənni vətəndə çıxış etməyin zövqü bir başqadır deyib: "Öz vətənimdə də fəaliyyət göstərmək istəyirəm. Üç aydır ki, Bakıya gəlmişəm. İnsanların içində gəzirəm. Məncə, bir sənətçi xalqın içində olmalıdır. Vətənimdə bu dəfə doğma hissləri daha çox gördüm".
Sənətçi İbrahim Tatlısəslə küsülü olması haqqında yayılan xəbərlərə də aydınlıq gətirib: "İbrahim bəy məndən küsəndə Tunara zəng edir. Onunla danışmırdıq, amma "İbo şou"ya dəvət edən zaman getdim. Hazırda münasibətimiz yaxşıdır və yaxın günlərdə onunla layihəmiz olacaq. Mənə ilk və son məsləhəti o olub ki, şöhrət heç vaxt səni ərköyünləşdirməsin. Şöhrət toz kimidir. Səni parıldadır və bir anda sönə bilərsən".
Günel Zeynalova Türkiyədə ifaçılarımızın tanına bilməməsinə də aydınlıq gətirib: "Türkiyəyə uşaqlıq illərimdə getdiyim üçün məni qəbul etdilər. Bizim müğənnilərdə eqo var. Bu eqo ilə gedəndə isə qəbul etmirlər. Eqonu deyil, sənətini göstərməlisən. Mənə Rəşid Behbudov, Şövkət Ələkbərova, Əzizə Mustafzadədən danışanda qürur duyuram. Necə ki, Röya Ayxan, Brilliant Dadaşova Türkiyədə verilişlərə çıxanda qürurlanıram".
İfaçı sonda Qarabağda konsert vermək istədiyini də açıqlayıb.
Nicat NİFTƏLİYEV