Makoley Kalkin yenidən "Evdə tək" filmində çəkiləcək

Makoley Kalkin yenidən "Evdə tək" filmində çəkiləcək Şou

"20th Century Studios" kino studiyası "Evdə tək" filminin davamını çəkəcək. Yeni filmdə Makoley Kalkin yenidən rol alacaq. Yetkinlik yaşına çatmış Kevinin həyatından bəhs edəcək layihə hazırda ilkin hazırlıq mərhələsindədir.

News24.az "Deadline"a istinadən xəbər verir ki, filmin ssenari müəllifləri və prodüserləri Set Roqen və Evan Qoldberq olacaq. Süjetin təfərrüatı hələlik açıqlanmayıb.

Qeyd edək ki, bir il əvvəl Kalkin "Evdə tək" filminin davamında Kevin Makkallister roluna qayıtmağa etiraz etmədiyini bildirmişdi. O, yetkinləşmiş qəhrəmanın övladını təkbaşına böyütdüyü, lakin ona lazımi diqqət ayırmadığı bir süjet təklif etmişdi.

Hadisələrin birində uşaq atasından o qədər inciyir ki, onu evə buraxmır və müxtəlif tələlər qurur.

Bununla belə, "Evdə tək" filminin rejissoru Kris Kolambus franşizanın yenidən çəkilməsini istəmədiyini bildirmişdi.

"Mən hesab edirəm ki, "Evdə tək" özünəməxsus, tarixdə təkrarlanması mümkün olmayan xüsusi bir hadisədir. 35 il əvvəl çəkdiyimiz işi yenidən yaratmağa çalışmaq səhv olardı. Düşünürəm ki, bu layihəni olduğu kimi saxlamaq daha yaxşıdır", - deyə Kolambus qeyd etmişdi.