Yeni Ceyms Bond Robert Pattinson olacaq- VİDEO
Şou
Britaniyalı aktyor Robert Pattinson növbəti Ceyms Bond olacaq.
"Reuters" agentliyinin məlumatına görə, bu barədə noyabrın 16-da “Amazon MGM Studios” kinostudiyası açıqlama yayıb. Pattinson uzun illərdir davam edən casus filmləri seriyasında Daniel Kreyqi əvəz edəcək.
Ceyms Bond franşizası ilk dəfə 1962-ci ildə ekranlaşdırılıb. Şon Konnerinin 007 nömrəli agent obrazını canlandırdığı “Dr. No” filmindən bəri franşizaya daxil olan filmlər dünya üzrə 7 milyard dollardan çox gəlir əldə edib. İndiyədək Ceyms Bond haqqında 20-dən çox film çəkilib.
Qarşıdan gələn yeni filmin rejissoru “Dune” trilogiyası və “Arrival” filmləri ilə tanınan, Oskar mükafatına namizəd olmuş Denis Villeneuve olacaq. Filmin ssenarisini britaniyalı Stiven Nayt yazacaq.
Qeyd edək ki, bu, 2025-ci ildə franşizanın yaradıcı nəzarətinin “Amazon MGM Studios”a keçməsindən sonra studiyanın istehsal edəcəyi ilk Ceyms Bond filmi olacaq. Şirkət bu hüquqları franşizanın uzunmüddətli hüquq sahibləri Maykl Uilson və Barbara Brokkoli ilə yeni birgə müəssisə çərçivəsində əldə edib.
Pattinson açıqlamasında Ceyms Bond obrazını canlandırmağın onun üçün böyük şərəf olduğunu bildirib:
“Ceyms Bond kinonun ən əfsanəvi personajlarından biridir və 007 rolunun mənə etibar edilməsi həyatımın ən böyük şərəfidir”.
O, həmçinin rejissor Denis Villeneuve, prodüserlər Emi Paskal və Devid Heyman, icraçı prodüser Tanya Lapoint və “Amazon MGM Studios” kollektivinə ona göstərdikləri etimada görə təşəkkür edib. Aktyor bu rolun onun üçün arzusunun gerçəkləşməsi olduğunu və qarşıdakı əməkdaşlığa böyük həvəslə yanaşdığını bildirib.