MOİK rəsmiləri Vyetnamda səfərdə olub
    • 2-05-2019, 12:05
    • 647

MOİK rəsmiləri Vyetnamda səfərdə olub

Aprelin 22-dən 30-dək Vyetnamın Xo Şi Min şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CISM) 74-cü Baş Assambleyası və Konqresi keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, 137 ölkənin üzv olduğu şuranın illik tədbirində Azərbaycanı Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi, polkovnik-leytenant Rəşad Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

MOİK rəsmiləri Baş Assambleya və Konqres çərçivəsində təşkil olunan debatlarda fəal iştirak edib, müəyyən məqamlarla bağlı toplanan təcrübəni bölüşüblər.

Qeyd edək ki, CISM dünya miqyaslı üçüncü hərbi idman təşkilatı, dünya səviyyəsində, qitələrarası və regional yarışları keçirən ən böyük idman təşkilatlarından biridir.

Qurum 1948-ci il fevralın 18-də yaradılıb. Ali rəhbər orqanı hər il çağırılan Baş Assambleyadır. Qısa zaman ərzində fəaliyyətini genişləndirərək Beynəlxalq Olimpiya Komitəsi tərəfindən də tanınan şuranın məqsədi idman və fiziki məşqlər vasitəsilə iştirakçı ölkələr arasında daimi əlaqələr yaratmaqdır.