Deputatlarımız Almaniyaya səfər edəcək

Deputatlarımız Almaniyaya səfər edəcək
SİYASƏT

02 may 2019, 12:15

Mətn ölçüsü

Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev və ATƏT PA-da nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili Almaniya Bundestaqı və ATƏT PA-nın təşkilatçılığı ilə Almaniyanın Laynsvayler şəhərində keçiriləcək seminarda iştirak etmək üçün mayın 3-də bu ölkəyə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, "İqtisadiyyat – münaqişə mənbəyi, və ya münaqişələrin qarşısının alınması və münaqişədən sonrakı dövrdə reabilitasiyanın həyata keçirilməsi üçün alət – Avropa tarixindən öyrənilmiş dərslər” mövzusuna həsr edilmiş tədbirdə ATƏT regionunda, o cümlədən Avrasiyada davam edən münaqişələrin həlli istiqamətində ATƏT-in fəaliyyətinin rolu, nəqliyyat, qaz və neft layihələrinin dövlətlərarası əlaqələrə təsiri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.

 “Avrasiya məkanında qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlər: Şərq-Qərb qarşıdurmasının aradan qaldırılmasında ATƏT-in iqtisadi və ekoloji ölçülərinin yeni vəzifəsi və oynadığı rol” mövzusuna həsr edilmiş 3-cü sessiyaya Azay Quliyev sədrlik edəcək. 

Bununla yanaşı deputatımız “Qafqaz və Mərkəzi Asiyada nəqliyyat dəhlizləri, o cümlədən Yeni İpək Yolu layihəsi” mövzusuna həsr edilmiş 5-ci sessiyada  məruzə ilə çıxış edəcək.

 Səfər çərçivəsində Azay Quliyev Almaniya Parlamentinin deputatları və rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirəcək. 
Səfər mayın 8-də başa çatacaq.