Bakıda dələduzluqda təqsirləndirilən vəkilə hökm oxunub
    • 2-08-2018, 11:51
    • 899

Bakıda dələduzluqda təqsirləndirilən vəkilə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəkillər Kollegiyasının üzvü Lətif Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, L.Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda olduqda) və 32.4 (ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətmə sövq etmə) maddələri ilə ittiham edilir.


İttihama aktına əsasən, L.Ağayev hazırda həbsdə olan Sabrina Alxasovanın həyat yoldaşı Mehdi Süleymanova qarşı dələduzluq edilib. M.Süleymanov həyat yoldaşının cəzasının yüngülləşdirilməsi üçün Ədliyyə Nazirliyinin sabiq böyük inspektoru Tahir Şəbiyevə 31 min manat pul verib.


Məlum olub ki, M.Süleymanov 31 min manatın 17 min manatını L.Ağayevə verib. L.Ağayev isə istintaq dövründə həmin pulun 8500 manatını geri qaytarıb.


Xatırladaq ki, S.Alxasovanın adı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə ilə birlikdə bir neçə dələduzluq əməlində hallanır. E.Nağızadə hazırda ölkəni tərk edib və onun barəsində də axtarış elan olunub. S.Alxasova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib.


T.Şəbiyev isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Buna səbəb T.Şəbiyevin S.Alxasovanın ərindən aldığı pulu geri qaytarması olub.