33 illik oğul dərdi, amansız xəstəlik - Yaşasaydı 72 yaşı olacaqdı - FOTOLAR
    • 4-08-2018, 11:30
    • 1 997

33 illik oğul dərdi, amansız xəstəlik - Yaşasaydı 72 yaşı olacaqdı - FOTOLAR

Bu gün mərhum diktor, Xalq artisti Rafiq Hüseynlinin doğum günüdür. Əbədiyyətə qovuşan sənətkar yaşasaydı, 72 yaşı tamam olacaqdı.

Mərhum diktoru xatırlayan aparıcılar onunla bağlı xatirələrini bölüşüblər. 
Aparıcı Pərvin Əsgərli şəxsi "Instagram" hesabında bu sözləri yazıb:

"Ad gününüz mübarək, Rafiq müəllim. Təbrik edirəm sizi, müəllim. Sağlam yaşayın, uzun ömür sürün. Yox, ay Pərvin, mən yaxşı deyiləm... Keçənilki təbrikində belə demişdi Rafiq Hüseynli. Çox təəssüf. Özü olmadan qeyd etdiyimiz ilk ad günüdür. Ad gününüz mübarək, Rafiq müəllim. Məkanınız cənnət olsun. Sizi unutmayacağıq". 
Sənətkarın sağlığında onunla sıx münasibət saxlayan aparıcı Ceyhun Əli isə bunları qeyd edib:

"Çox darıxırıq Sizin üçün... Doğum gününüz mübarək, Rafiq müəllim".

DOSYE: Rafiq Hüseynov 1946-cı ildə Şuşa şəhərində anadan olub. Şuşada doğulsa da, Bakıda - İçərişəhərdə böyüyüb. 17 yaşında Azərbaycan Televiziyasında çalışdıqdan sonra 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. Təkrarolunmaz səsiylə tamaşaçıların sevimlisi, televiziya diktoru kimi çalışmaq istəyən gənclərin kumiri olub. Rafiq Hüseynov keçmiş sovetlər ittifaqı məkanında ən yaxşı diktorlarından biri idi. Moskvadan mərkəzi televiziyada işləməyə dəvət alsa da, bu təklifi qəbul etməmiş, doğma televiziyanı üstün tutmuşdu... 2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülüb. 


AİLƏ HƏYATI: Rafiq Hüseynovla diktor Roza Tağıyeva elə televiziyada bir-birlərini sevib ailə qurub. Onların bu evlilikdən Rövşən adlı oğlu dünyaya gəlib. O vaxt teleekranda Roza Tağıyeva və Rafiq Hüseynovanı görən tamaşaçılar, mütləq "yazığın oğlunu da doğradılar” deyirdilər. Özü bu haqda danışmağı xoşlamırdı. Məlumat üçün bildirək ki, sənətkarın oğlu Rövşən 18 yaşında - 1984-cü ildə amansızlıqla qətlə yetirilmişdi. Növbəti dəfə aralarında çox böyük, 30 yaş fərqinə rəğmən bütün sədləri keçib Səbinə adlı xanımla ailə həyatı qurur və onların Leyli adlı qızları dünaya gəlir. Müsahibələrində “Mən bundan sonrakı həyatımı qızım üçün yaşıyıram” - deyən Rafiq müəllim qızı ilə nəfəs aldığını, ona həddindən çox-çox bağlı olduğunu bildirib.


SON NƏFƏS: Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən sənətkar 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib. 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Azərbaycana gətirilib. 3 noyabr 2017-ci ildə isə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında onunla vida mərasimi keçirilib, sehrli səsi ilə hamının sevimlisi olan Rafiq Hüseynov son mənzilə yola salınıb. O, bəlkə də ilk dəfə olaraq “Gələn görüşlərədək” demədən həyatdan getdi...

BAKU.WS