Zakir Həsənov Meksikanın Azərbaycandakı səfiri ilə GÖRÜŞDÜ
    • 2-10-2019, 16:37
    • 593

Zakir Həsənov Meksikanın Azərbaycandakı səfiri ilə GÖRÜŞDÜ

Oktyabrın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə münasibətlərin daim inkişaf etdiyini qeyd edən Müdafiə naziri ikitərəfli hərbi əməkdaşlığın hüquqi bazasının yaradılması ilə əlaqədar hazırda müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Öz növbəsində səfir fəaliyyəti dövründə Azərbaycanla Meksika arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin genişləndiyini bildirib. Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edən diplomat regionda sabitliyin təmin olunması üçün beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsinin vacibliyini bildirib.

Görüşdə tərəflər Azərbaycan ilə Meksika arasında hərbi sahədə əlaqələrin hazırkı vəziyyəti və perspekivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.