Azərbaycanda Slovakiya səfirliyinin açılış mərasimi KEÇİRİLİB
    • 28-11-2019, 13:38
    • 1 249

Azərbaycanda Slovakiya səfirliyinin açılış mərasimi KEÇİRİLİB

Bakıda Slovakiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.

News24.az
xəbər verir ki, açılış mərasimində Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak, Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər şəxslər iştirak ediblər.

Azərbaycan və Slovakiyanın dövlət himnləri səsləndikdən sonra M. Layçak və R. Həsənov səfirliyin rəmzi açılışını bildirən lenti kəsiblər.

R. Həsənov Azərbaycanda Slovakiya səfirliyinin fəaliyyətə başlamasını yüksək qiymətləndirib.

O bildirib ki, Azərbaycan səfirliyin səmərəli fəaliyyət göstərməsi üçün lazımı dəstək və yardım göstərməyə hazırdır.

Azərbaycanın Slovakiya ilə əlaqələrə yüksək önəm verdiyini vurğulayan nazir müavini qeyd edib ki, ölkələr arasında münasibətlər inkişaf edir və yüksək səviyyəli səfərlər əlaqələrin inkişafına öz töhfəsini verir.

O deyib ki, iki ölkə arasında enerji, humanitar və turizm sahələrində əməkdaşlıq mövcuddur, bu əməkdaşlığın daha da dərinləşməsi və müxtəlif sahələri əhatə etməsi üçün imkanlar var.

Qeyd edək ki, 2019-cu ilin 1 oktyabr tarixindən etibarən Slovakiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.