Qadın hərbi qulluqçularla GÖRÜŞ - FOTO
    • 17-12-2019, 13:47
    • 701

Qadın hərbi qulluqçularla GÖRÜŞ - FOTO

Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçuların və mülki işçilərin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri silsilə tədbirlər həyata keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, plana uyğun olaraq şöbənin nümayəndələri hərbi hissələrdən birində şəxsi heyətlə görüşüb.

Görüşdə Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən yüzlərlə hərbi qulluqçu və mülki işlərdə çalışan qadınlarımızın da əməyinin daim yüksək qiymətləndirildiyi qeyd olunub.

Şöbə müdiri Zümrüd Səmədova Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirən Azərbaycan qadının ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyümüzün bərpa edilməsində də yaxından iştirak etdiyini bir daha vurğulayıb.

Görüşdə Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçuların və mülki işçilərin bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqət göstərəcəklərinə əminlik ifadə olunub.
Sonda qadın hərbi qulluqçuların və mülki işçilərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.