YAP-ın Şəkidən namizədi: - Vüqar İskəndərovun UĞURLARI
    • 7-01-2020, 11:54
    • 2 496

YAP-ın Şəkidən namizədi: - Vüqar İskəndərovun UĞURLARI

Yeni Azərbaycan Partiyasının (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə təqdim etdiyi namizədlər arasında ən iddialı və ictimai dəstək qazanan şəxslərdən biri də 113 saylı Şəki şəhər seçki dairəsindən deputatlığa namizəd Vüqar İskəndərovdur. 

News24.az xəbər verir ki, Vüqar İskəndərovun namizədliyi Şəki şəhər ictimaiyyəti və sosial şəbəkələrdə böyük maraq və rəğbətlə qarşılanıb. Hazırda Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəki şəhər Təşkilatının sədr müavini olan V.İskəndərov həm uğurlu idmançı kimliyi, həm bir sıra mühüm yerli və beynəlxalq tədbirlərdə göstərdiyi yüksək peşəkarlığı, həm də aktiv və uzunmüddətli siyasi fəaliyyəti ilə nüfuz qazanıb.
Vüqar İskəndərov Şəki ictimaiyyəti və sosial şəbəkə iştirakçıları tərəfindən vətəninə və dövlətinə bağlı ziyalı, operativ, müasir düşüncəli, çalışqan, intellektual kadr, ölkəmizin idman və gənclər sektorunda müstəsna xidmətləri olan kimi xarakterizə olunub.

News24.az İskəndərov Vüqar Yapon oğlunun tərcümeyi halını təqdim edir:
İskəndərov Vüqar Yapon oğlu 30 dekabr 1972- ci ildə Şəki şəhərində anadan olmuşdur.
1979-cu ildə Şəki şəhər 17№-li tam orta məktəbin birinci sinfinə daxil olmuş,1989-cu ildə həmin məktəbin X sinfini müvəffəqiyyətlə bitirmişdir.
1991-1992-ci illərdə Sovet ordusunda hərbi xidmət keçmişdir.
1993-1999 –ci illərdə Azərbaycan Karate Do federasiyaları assosiyasının şimal-qərb bölgəsinin sədri olmuşdur.
Ali, huquqşünaslıq və iqtisadiyyat ixtisasları üzrə təhsil almışdır.
1999-cu ildən 2000-ci ilə kimi Şəki rayon Kooperativlər İttifaqında aparıcı hüquqşünas, 2001-ci ildən 2005-ci ilə kimi isə Şəki MRX-nın hüquq məsləhətçisi vəzifəsində işləmişdir.
Dəfələrlə Karate Do üzrə Azərbaycan çempionu, dünya üçüncüsü, 2003-cü ilin Avropa çempionudur. Karate Do üzrə V-Dan qara kəmər, Taekvondo üzrə II-Dan qara kəmər sahibidir. Beynəlxalq dərəcəli hakimdir, Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adına layiq görülmüşdür.
2001-ci ildə rayonlar arasında ilk dəfə olaraq şərq döyüşü növləri üzrə xüsusi məktəb yaratmışdır. Məktəbin 20-dən çox yetirməsi beynəlxalq dərəcəli qara kəmər ustalıq normasını ödəmiş, 30-dan çox tələbə isə beynəlxalq və respublika səviyyəli yarışların qalibləri və mükafatçıları olmuşdurlar.

2005-ci ildən Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışır.
Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatı İdarə heyəti sədrinin müavinidir, Şəki şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın üzvüdür, 2010-2015 ci illərdə Şəki Pedaqoji Kollecin Dövlət İmtahan Komissiyasının sədri olmuşdur.

41 ölkədə o cümlədən, ABŞ-da Yaponiyada, Rusiyada, İspaniyada və digər ölkələrdə həm idman, həm də ictimai fəaliyyəti ilə bağlı ölkəmizi təmsil etmişdir. ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərinin fəxri vətəndaşıdır.

“Liderlik”, “Vaxtın idarə olunması” və “ Karyera planlaşdırılması” proqramları üzrə təlimçidir.
Fəaliyyətinə görə dəfələrlə Gənclər və İdman Nazirliyinin, Şəki şəhər İcra Hakimiyyəti başçısının, Beynəlxalq və yerli təşkilatların fəxri fərmanları və diplomları ilə təltif olunmuşdur. Müxtəlif illərdə xarici və yerli mətbuatda dövlət gənclər siyasəti və digər mövzular barəsində məqalələri çap edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 31 yanvar 2019-cu il sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubiley medalı ilə təltif edilmişdir.

İngilis, rus və türk dillərində danışır.
Evlidir, 2 övladı var.