Professor İlham Rəhimov: “Milyarder olmağı heç zaman arzulamamışam” - MÜSAHİBƏ - FOTOLAR

Professor İlham Rəhimov: “Milyarder olmağı heç zaman arzulamamışam” - MÜSAHİBƏ - FOTOLAR
SİYASƏT / MÜSAHİBƏ / Foto

13 yanvar 2020, 11:26

Mətn ölçüsü

“Vəzifə xatirinə Azərbaycan vətəndaşlığından imtina etmərəm” 
 
 Onu nəinki Azərbaycanda, hətta respublikamızın hüdudlarından kənarda da çox yaxşı tanıyırlar. Elmi fəaliyyətdəki uğurları, müəllifi olduğu çoxsaylı kitabları, iş adamı kimi qazandığı nüfuzu… Onu həm də dünyanın ən böyük ölkələrindən birinin prezidenti olan Putinin 50 illik dostu kimi də tanıyırlar. 

O, Azərbaycanın ən imkanlı insanlarından biridir həm də. Amma buna rəğmən,  nə cah-cəlallı kabineti var, nə də dəbdəbəli ofisi. Çünki göstərişlərdən uzaq, sadəliyi daha üstün tutan Azərbaycan milyarderidir professor İlham Rəhimov. 
 
Həm Yeni il, həm də yeni yaşı ərəfəsində görüşdük onunla. Müsahibədə də hər kəsin bildiyi tərəfləri deyil, həyatının bu zamana kimi bilinməyən məqamlarından danışdıq. 

Beləliklə, Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun News24.az-a eksklüziv müsahibəsini təqdim edirik. 
 
- Sizinlə görüşümüz Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il bayramı və ad gününüz ərəfəsinə təsadüf edir. Hər ilin sonu özünüzə hesabat verirsinizmi? Və 2019-cu ili necə qiymətləndirirsiniz?  

- Təbii, hər bir insan hesabat verməlidir. O cümlədən də, mən. Belə düşünürəm ki, keçmişdə baş verənləri yada salıb düşünmək lazım deyil. Ümumiyyətlə, keçmişdə “bu oldu”, “belə olmamalıydı” və ya “belə olsa yaxşı olar”, “görəsən, belə olacaqmı?” kimi düşünənlər ağılsız insanlardır. Ən ağıllı insanlar bu gün reallıqla yaşayanlardı. Təbiidir ki, insanın mütləq məqsədi olmalıdır. İnsan hansısa bir fəaliyyətlə məşğuldursa, deməli, o, bu işlərə yekun vurmalıdır ki, gələcəkdə bu işlə bağlı başqa planlar da qursun.  

- Ötən il həyata keçirmək istədiyiniz, amma reallaşmayan planınız oldumu? 

- Ötən il haqda  “çox yaxşıydı” və ya “narazıyam” deyə bilmərəm. Normal qəbul edirəm. Təbii, reallaşmayan bəzi planlarım oldu. Amma 2019-cu ildə həm elm, həm biznes sahəsində planımda nə var idisə, demək olar, 90 faiz həyata keçdi.  

- 90 faiz çox gözəl göstəricidir. Bu planların reallaşmasını məhz İlham Rəhimov olduğunuz üçün bacarmısınız?  

- Söhbət mənim elmi fəaliyyətimdən gedirsə, bəli. Yox, əgər biznesdən söhbət gedirsə, o zaman özümü və tərəfdaşlarımı deyə bilərəm.  

- Bəs, 2020-ci ildə qarşınızda dayanan prioritet məsələ nədir?  

- Hazırda mənim həyat tərzim iki istiqamətdə davam edir – elm və biznes. Elmlə bağlı 2020-ci ildə planımda yeni bir kitabı yazıb yekunlaşdırmaq var. Bunu çox arzulayıram. Həyatımda ən sevindiyim an kitabım çapdan çıxdığı andır. Yeni çap olunmuş kitabımı əlimə alanda özümü çox xoşbəxt hiss edirəm. Bu il yeni kitabımın yekununu gözləyirəm və onu bitirəcəm. İşlə bağlı Moskvada bir neçə layihələrimiz olacaq.  Bunlarla yanaşı ayrıca çox böyük bir layihəmiz də var ki, onu reallaşdırmağı planlaşdırırıq.   

- Yeni il Rusiyada daha təmtəraqlı qeyd olunur, deyirlər. Nə əcəb Yeni ili Moskvada qarşılamadınız?  

- Açığı, təntənəli, təmtəraqlı bayram keçirməyi sevmirəm. Əlbəttə, buna imkanım var. Hətta çoxları məndən nəsə istəyirlər, qalmağa hotel xahiş edirlər, ailələriylə gedirlər. Hələ indiyə kimi kimsə deyə bilməz ki, mən yeni ildə harasa gedib təntənəli və təmtəraqlı qeyd etmişəm. Sakitlik sevirəm. 

- Yanvarın 14-də, yəni sabah doğum gününüzdür həm də. Ad günü Sizin üçün nədir və necə qeyd etməyi xoşlayırsınız?  

- Təmtəraqlı ad günü keçirməyi sevmirəm, ona görə də həmin günü sıradan bir gün kimi yaşayıram. Yəni, həmişəki kimi səhər idmanı, yüngül səhər yeməyi... İdman mənim gündəlik həyatımın çox mühüm bir hissəsidir. Bunun ardınca bir neçə saatımı elmə sərf edirəm. Əgər hansısa görüşlərim varsa, ofisə gəlirəm. Axşam da evdə oluram. Zəng vurub təbrik edənlər çox olur. Kimlərsə canlı təbrik etmək istəyəndə bağa gəlirlər. Ancaq təntənəli mərasim təşkil etmək, kimlərisə dəvət etmək... Bunları heç zaman etməmişəm.   

“Hər şeyi qurban verməyə hazıram təki həmin vaxta qayıdım”
 

- Azərbaycanın gözəl guşələrindən olan Tovuzda dünyaya gəlmisiniz. Tovuz Sizin üçün nə anlam daşıyır?  

- Tovuz mənim üçün yurd-yuvadır. 7 yaşıma qədər orda yaşamışam. Uşaqlığımsa Qarabağda keçib, Bərdədə yaşamışıq, orta məktəbə də orda getmişəm. Çox vaxt o illər yadıma düşür... O illər çox gözəl idi. Tam səmimi deyirəm, hər şeyi qurban verməyə hazıram, təki o vaxta qayıda biləydim... Məktəb illərim, uşaqlıq dostlarım...  İndi o dostlarımın əksəriyyətini işə götürmüşəm, yanımdadılar. Həmin dövr həyatımın ən xoşbəxt illəridir.   

- O günləri niyə yenidən yaşamaq istəyirsiniz, hansı səbəbdən?  

- Çünki o illərdə səmimi uşaqlıq dostlarım vardı.  Düzdür, indi onların hamısı burdadı,  amma təəəssüf ki, vaxt, zaman, məkan o deyil.  

- İlham Rəhimov necə ailədə böyüyüb? 

- Birincisi, heç kim heç bir yerdə nə eşidə, nə də oxuya bilməz ki, mən hardasa özümü “milyarder” adlandırım. Deyəm ki, “milyarderəm”, “varlı insanam”. Milyarder olmağı heç arzulamamışam da. Nə hüquq fakültəsində oxuduğum vaxtlarda bunu arzulamışam, nə də oranı bitirəndə gedib hansısa böyük vəzifədə işləyəndə. Sadəcə, tələbə vaxtımdan elmə çox meyilli olmuşam. Tale elə gətirdi ki, ən çox elə elmlə məşğul oldum. O ki qaldı ailəmə,  mən imkanlı ailədə böyümüşəm. Heç zaman çətinliyimiz olmayıb. Kasıblığın nə olduğunu hiss etməmişəm. Ailədə bizə verilən tərbiyənin əsası isə təhsil idi. Bizə yalnız bir yol görünürdü – o da elm. Evdə bizə yalnız “oxuyun” deyilib. Uşaqlıqdan ən çox tarixi əsərlər və fəlsəfə ilə bağlı kitabları oxuyardım. Bunlar da hüquqa bağlıdır. Çoxları dedektiv sevir, amma mən bu janrdakı əsərləri heç zaman xoşlamamıışam. Tarixi əsərləri isə çox sevirəm. Niyə? Məsələn, Aleksandr Makedonskidən kitab oxuyuram. Özümü həmin dövrdə və o tarixin bir parçası hiss edirəm. Əgər insan özünü bu tarixdə yaşamış kimi hiss edirsə, gör, o zaman neçə əsrdir yaşadığını zənn edir?... Söhbət təkcə Aleksandr  Makedonskidən getmir, ayrı-ayrı tarixi dövrləri oxuyanda da eyni hissləri keçirirsən.  

- Hansısa tarixi dəyişmək istəyiniz olubmu?  

- Əlbəttə olub. İstənilən tarixi kitabda hansısa bir qəhrəman olur və bütün hadisələr onun ətrafında cərəyan edir. Və sözsüz düşünürsən ki, mən olsaydım bunu elə yox, belə edərdim. Amma sonradan daha dərin analiz edirsən və bu qənəatə gəlirsən ki, belə etsəydi, tarix olmazdı. Çünki o artıq tarixdə elə qalıb.  

- Sizcə tarixi saxtalaşdırmaq mümkünsüzdür?  

- Mümkündür və saxtalaşdırırlar da. Alimlərdən biri deyirdi ki, tarix divar saatındakı ox kimidir – istəsən sağa, istəsən sola çəkə bilərsən. Amma zamanı çatanda o ox yenə öz yerini tutur.  

“Məcburiyyət qarşısında qalıb Azərbaycandan getmişdim”
 
- Bizdə hüquq fakültəsində oxuyanların ailəsinin istəyi, təzyiqi ilə bu peşəni seçirlər. Bə siz necə? Bu, öz istəyiniz idi, yoxsa... 

- Hüquqşünas olmaq mənim öz seçimim olub. Məktəbdə oxuduğum illərdə humanitar fənnlərə daha çox həvəsim vardı. Amma Leninqradda təhsil almaq valideynlərimin istəyi idi. Mən öz seçimimi açıqlayanda bilmişəm ki, elə valideynlərimin də niyyəti bu olub, daha doğrusu, ögey anamın.  Ögey anam rus idi, Leninqraddan. Bu qərarla bağlı çox fikirləşdim və sonra gördüm ki, düz eləmişəm. Birinci kursda oxuyanda anladım ki, Leninqrad Universitetinin hüquq fakültəsi Sovetlər dövrünün ən məşhur fakültəsi idi. Həmin fakültədə Lenin oxumuşdu, ona görə də burada oxumaq çox böyük uğur və prestij idi.  


- Və İlham Rəhimov da orada oxuyub...  

- Niyə Putini demirsiz? (Gülür – Ü.Q) Sonralar mənə aydın oldu ki, ordakı müəllimlər, alimlər, professorlar dünyanın ən tanınmış alimləri, professorlarıdır. Mənim üçün o dövrdə fərqi yox idi, çünki o qədər də müqayisə edə bilmirdim. Qərarım o idi ki, hüquqşünas olmalıyam. Lap Azərbaycanda da ola bilərdim, amma o dövrdə vəzifəli şəxslərin uşaqlarının hüquq fakültəsində oxuması mümkünsüz idi, heç sənədlərini belə götürmürdülər. 1970-ci ildən danışıram. Məcburiyyət qarşısında qalıb Azərbaycandan getdim. Seçim də məhz bu səbəbdən olundu. Evdəkilər dedi ki,  “Leninqrada gedəcəksən”. Təsəvvür edin ki, məktəbi təzəcə qurtarmış yeniyetmə gəncin valieynləri burda qalır, özü isə Leninqrada gedir... İndi kimi görsən, soruşursan harda oxuyursan? Deyir hüquqda. Amma 70-ci ildə Leninqrad Dövlət Universtetinin hüquq fakültəsində təhsil alan yeganə azərbaycanlı mən idim. Qafqaz millətindən ayrı nümayəndə yox idi. Bu faktın özü üzərimə ikiqat məsuliyyət qoyurdu. İndi heç Tovuzda kənddə bilmirlər ki, kim harda oxuyur. O dövrdə isə bütün kənd, rayon, qəhum-əqrəba bilirdi ki, filankəsin uşağı gedib Leninqradda hüquq fakültəsində oxuyur. Bu həm prestij, həm də çox böyük məsuliyyət idi. Ona görə də düşünürdüm ki, yaxşı oxumaqdan başqa çıxış yolum yoxdur. Pis oxusam, universitetdən qovulub Azərbaycana qayıdacam və bununla da hər şey bitəcək... 
Məktəbdə, eləcə də universitetdə oxuyan vaxtdan bir şeyi fikirləşirdim – özümü təsdiq etmək. Məqsədim bu idi. Bugünə qədərki həyatımda özümü təsdiq etmək istəyim hər zaman uğurlu olub.  Hesab edirəm ki, özünü təsdiq etməyi qarşısına məqsəd qoyan insan mütləq nailiyyət qazanacaq. 
 
- Hüquqşünas kimi indiyədək bir çox insanların haqqını qorumusunuz. Nə zamansa kiminsə hüquqlarını müdafiə etməkdə çətinlik çəkmisinizmi?  

- Əlbəttə, olub. Mən hüquq-mühafizə orqanlarında, Ədliyyə Nazirliyində 16 ildən çox müxtəlif vəzifələrdə işləmişəm. Elə olub ki, öz tabeliyimdə olanların hüquqlarını müdafiə eləmişəm. Ədliyyə Nazirliyinin 9 il “partkom”u olmuşam. “Partkom” da insanların hüquqlarını kimdən qorumalıdır? Nazirliyin rəhbərliyindən. Mən həmişə onları müdafiə etmişəm, indi də onlar arasında yaşayanlar var və onlar bunu bilir. Onlara qarşı ədalətsiliyi heç zaman qəbul etməmişəm və məhz bu səbəbdən də mübarizə aparmışam.  

- Ədalətsizliyi sevmirsiniz?  

- Qətiyyən. İnsan anadan olandan o ədalətli yaranır. Sonra isə həyat, cəmiyyət, ətraf o insanın daxilindəki ədalət hissini, prinsiplərini dəyişə bilər. Amma prinsip etibarı ilə bütün insanlar ədalətlidir.  

“Mənə dostlarım, müəllimlərim və düşmənlərim yardımçı olub”
 
- Siz fəaliyyətinizə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutundan elmi işçi kimi başlamısınız. Və sonradan fəaliyyətinizdəki pillələrin sayı artıb. Bu pillələri qalxmaqda İlham Rəhimova kimlərsə və ya nələrsə yardımçı olubmu?  

- Hər şeydən əvvəl Allaha minnətdaram, ikincisi xasiyyətimə. Mən uşaqlıqdan psixoloji çətinliklər görmüşəm. 7 yaşından ögey anayla böyümüşəm.  Bu, istənilən insana təsir edir, o ki qaldı 7 yaşında uşaq ola. O vaxtdan artıq başa düşmüşəm ki, mən öz-özümü təsdiq etməsəm, güclü xarakterim olmasa heç nəyə nail ola bilmərəm. Mən həm də çox dözümlü və səbirli insanam. Bir işi başladımsa, mütləq axıra çatdırmalıyam. Heç bir işi yarı yolda qoymuram. Mənə dostlarım, müəllimlərim və düşmənlərim yardımçı olub. Bəli, düşmənlərim də. Onlar məni möhkəmləndirib.  

- Ananızı 7 yaşında itirmisiniz?  

- Xeyr, anam sağ idi, amma atam ikinci dəfə ailə qurmuşdu. Anam 91 yaşında rəhmətə gedib. Atam belə qərar qəbul elədi ki, mən ögey ana yanında böyüməliyəm. Onda uşaq idim və qərarları mən vermirdim. Həyat belə gətirib. 7 yaşından Tovuzdan Bərdəyə köçmüşəm və orda yaşamışam. Həmin yaşda belə şeyləri bir o qədər anlamırsan, amma sonradan xatırlayırsan. Anamı tez-tez gedib görürdüm. Uşaqlığımın əsas illəri atamın ailəsiylə keçib. Amma bu o demək deyil ki, anamla əlaqəm olmayıb.  

- Bildiyimizə görə, atanız, mərhum Məmmədhəsən müəllim insanlara çox xeyirxahlıq edib.  

- Atamın  xeyirxahlığını çox görmüşəm və yaxşı xatırlayıram. Bizi də elə tərbiyələndirib. Amma mən onun qədər ola bilmərəm.   

- Siz də bu gün Tovuzda bir çox ailələrə dəstək olursunuz.  

- Təkcə Tovuzda yox, məktəbə getdiyim, böyüdüyüm, çoxlu uşaqlıq dostlarımın olduğu Bərdədəki bir çox insanlara indi də köməklik edirəm.  

“Azərbaycanda insanlara yararlı bir layihə olsa, məmnuniyyətlə razılaşaram”
 
- Bu gün Rusiyada çox böyük bir iş adamısınız. Niyə bu işin analogiyasını Azərbaycanda həyata keçirmirsiniz? Sizə Azərbaycanda iş qurmağa nə mane olur?  

- Azərbaycanda iş görənlər çoxdur. Onların çörəyinə şərik olmaq düz çıxmaz axı... Bu da var, ayrı səbəblər də. İnsan hansı sahədə pul qazanırsa, çalışmalıdır yatırımı da ora qoysun. Amma onun qazancını, pulunu öz vətənində xərcləyə bilər. İnvestisiyanı artırmaq məqsədi ilə bu belə olmalıdır. Harda sən pul qazanırsan, harda iş yerin var, ora öyrəşirsən, oranın atmosferini bilirsən. Amma buna baxmayaraq, Azərbaycanda, Bakıda elə bir layihə olsa, bilsəm ki, onun insanlara, soydaşlarıma xeyri olacaq, təbii ki, orda iştirak edərəm.  Belə təkliflərə, əlbəttə ki, açığam. Elə bir şey olsa, məmnuniyyətlə razılaşaram.  

- Siz Azərbaycan, ya Rusiya vətəndaşısınız?  

- Rusiya vətəndaşı olmaq imkanlarım çoxdur. Amma Azərbaycanı çox sevirəm və ona görə də buranın vətəndaşıyam. Yeri gəlmişkən, bir çox insanların Rusiya vətəndaşlığı almasına mən kömək etmişəm.  


- Sizə Rusiyada vəzifə təklif olunub?  

- Bəli, təklif olunub. Amma vətəndaşlığa görə qəbul eləməmişəm. Bu faktdır!  

- Amma çoxları bu təkliflə düşünmədən razılaşardı...     

- Düzdür, razılaşardı, bu sözünüzlə razıyam. Mənə belə təkliflər 2000-ci ildə olub. Daha doğrusu, 1999-cu ildə. O vaxt buna razılıq vermək olardı. Həm də çox böyük vəzifələr idi, amma bir fakta görə etiraz elədim. Mənə təklif olunan dövlət məmurluğu görəvi üçün Rusiya vətəndaşlığı şərt idi.  
Bəziləri buna belə don geyindirirdilər ki, guya mənim  Azərbaycanla bağlı siyasi planlarım və iddialarım olduğu üçün Rusiya vətəndaşlığını qəbul etmirəm. Amma həyat və zaman bunun belə olmadığını göstərdi. Azərbaycanda da mənə vəzifələr təklif olundu, amma mən ona da razı olmadım. 
 
- Bəs, Azərbaycanda təklifləri dəyələndirməmənizin səbəbi nə idi?  

- Bayaq dediyim kimi, uzun illər dövlət işində çalışmışam və onun nə demək olduğunu bilirəm. Sonra bir müddət ki, heç bir vəzifədə işləmədim, bax, onda həyatın gözəlliyinin, sərbəstliyinin, azadlığın nə olduğunu anladım. Sərbəstlik, azadlıq, heç kimə tabe olmamaq necə də qiymətlidir. Hansı vəzifədə olursan ol, azadlığını itirirsən. Deyirik, qulluq, dövlət qulluğu. Bu nə deməkdir? Bu o deməkdir ki, sən kiməsə tabesən,  azadlığını itirirsən.  

- Azadlığınızı vəzifəyə qurban verməmisiniz.  

- Heç bir vaxt. Heç bundan sonra da vermərəm. O özgürlüyün nə demək olduğunu bilmək üçün gərək uzun müddət vəzifədə işləyəsən, məmur olasan, sonra isə bu məsuliyyətdən, yükdən azad olasan. Məhz o zaman azadlığın qiymətini anlayırsan. Mən bunu yaşadım və gördüm. Siz bilirsiniz, bizdə bir müddət vəzifədə işləyib sonra işdən çıxanlar ruhdan düşürlər, xəstələnirlər, nəylə məşğul olacaqlarını bilmirlər. Mən vəzifədən öz istəyimlə çıxmamışdım, çıxarılmışam. Ekspertiza İnstitutunun direktoru işləyirdim, o zaman məni  qanunsuz olaraq işdən çıxarmışdılar. Həmin vaxt elə bildim, dünyanın axırıdır. O vaxt artıq professor idim. Onda anladım ki, dövlət işində olmasam da, professor kimi gedib hardasa dərs deyəcəm. Elə də oldu. Bir müddətdən sonra heç heyfslənmədim. Hər şeyi necə var, elə də qəbul elədim. Ümumiyyətlə, insan taleyində baş verən hadisələri çox soyuqqanlı qəbul etməlidir. Artıq bir hadisə oldusa oldu və sən onu geri qaytara bilmərsən. Onun üçün də heyfslənmək, dərd eləmək, ağlamaq, özünü öldürmək, bunlar hamısı boş şeylərdir. Heç bir vaxt gedib kiməsə ağız açmamışam ki, məni bu vəzifədən başqa vəzifəyə keçirin. Ümumiyyətlə, o dövrdə belə şeylər az olurdu. Biz nə qədər istməsək də, tənqidi yanaşsaq da, o dövrdə fəaliyyətini görüb səninlə bağlı müəyyən qərarı verirdilər. Əvvəllər elə idi, indi elə deyil. Ədliyyə Nazirliyinin ən böyük idarəsinin rəisi idim. Təbiidir ki, özüm də anlayırdım ki, ömürlük burda otura bilmərəm və nə zamansa işim dəyişəcək. O zaman “partkom” idim, məni Mərkəzi Komitəyə işə dəvət edə bilərdilər. Ora aparmasalar da, Ədliyyə nazirinin müavini ola bilərdim. Bunlar hamısı təbiidir. Açığı, Allah məni işdən çıxaran Ədliyyə nazirini əvəz edən Südabə Həsənovadan razı olsun. Yaxşı ki, o vaxt elə edib. Əgər məni işdən çıxarmasaydı, yəqin ki, hələ də orda idim. Məndən sonra, 1996-cı ildə ora gələn hələ də orada işləyir. İşdən çıxarılmasaydım, mən hələ də elə o kabinetdə və o işdə idim. İndi düşünürəm ki, nə yaxşı hər şey belə oldu. Rusların bir sözü var: “net xuda, bez dobra”, yəni şər deməsən, xeyir gəlməz. O sözə qüvvət.  

- Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Deyirlər, tovuzlular sizin millət vəkili olmağınızı istəyirlər. Siz necə, deputat olmağı düşünürsünüz?  

- Onların müraciətindən əvvəl “Deputat olmaq istəyirsinizmi?” sualına “belə bir fikrim yoxdur” deyə cavab vermişdim. Bir də demişdim, bunun üçün iki şərt var. Görsəm ki, o şərtlərin ikisi də var, o zaman  razı olaram. Hələ vaxt var və mənim hansı qərarı verəcəyimi bilmək üçün o iki şərtlə tanış olmalısınız...  

“Deputat olan şəxs “bəli, baş üstə” sözlərindən istifadə etməməlidir” 
 
- O şərtlər nədir? Ümumiyyətlə, sizcə, deputat nəyi bacarmalıdır və necə insan olmalıdır?  

- Birincisi, dünya təcrübəsində də belədir ki, deputatlar əksər hallarda hüquqşünaslar olur. Ona görə ki, parlament qanunvericilik orqanıdır. Deməli, hüquqünaslar çox olsa, daha yaxşı olar. İkincisi, parlamentin əsas funksiyalarından biri də büdcəyə nəzarət edib, onu təsdiqləməkdir. Deməli, orda iqtisadçılar da olmalıdır. Əgər effektli parlament istəyiriksə, bu iki kateqoriyaya aid şəxslər parlamentdə daha çox olmalıdır. Bu o demək deyil ki, hər hüquqşünas və ya iqtisadçı elə deputat ola bilər. Təbiidir ki, deputat intellektli, çox sərbəst, öz sözünü deməyi bacaran şəxslər olmalıdır. Həmişə “baş üstə”, “bəli” sözlərindən zəhləm gedib. Və çox gözəl olardı ki, deputat olan şəxs “baş üstə” sözünü ümumiyyətlə istifadə etməsin. Heç kim deyə bilməz ki, indiyədək mən kiməsə “baş üstə” demişəm. Mən Ədliyyə Nazirliyində -  işləyən dövrdə keçmiş Ədliyyə naziri var idi, Nəriman Yusifov,  bu yaxınlarda rəhmətə getdi, yaşı 90-ı keçmişdi. O məni nazirliyə dəvət edib şöbə müdiri qoydu. Artıq bir neçə gün idi işləyirdim, Nəriman Yusifov da uzun müddət Moksvada Kremldə işləmişdi. Nazirlə birbaşa telefon əlaqəsi vardı. Bir dəfə zəng gəldi, dedim bəli. Sonra mənə bir neçə tapşırıq verdi, mən də dedim “baş üstə”. Dərhal dedi, “dur, gəl bura”. Mən 3-cü, o isə 2-ci mərtəbədə otururdu. Düşdüm otağına, gənc oğlan idim. Dedi, bir müddətdir işləyirik, sənin işindən razıyam, xasiyyətin də xoşuma gəlir, amma bir də səndən “baş üstə” sözünü eşitsəm, daha səninlə işləməyəcəm. Təkcə mən yox, sənə birinci katib belə zəng etsə, ona da “baş üstə” desən, səninlə qurtardıq. Mən o zamandan “baş üstə” sözüylə qurtarmışam. Sonra müxtəlif nazirlərlə işlədim, o sözü bir daha işlətmədim. Nəsə tapşırıq verilirdi, deyirdim bir saata hazırdı... 

Müsahibənin II hissəsi sabah, yanvarın 14-də məhz professorun doğum günündə yayımlanacaq. Bir çox maraqlı sualların cavabı növbəti hissədə dərc olunacaq.

Müəllif: Ülkər QASIMOVA