İran İslam İnqilabının 41-ci ildönümü münasibətilə tədbir keçirilib

İran İslam İnqilabının 41-ci ildönümü münasibətilə tədbir keçirilib
SİYASƏT

11 fevral 2020, 01:50

Mətn ölçüsü

Fevralın 10-da İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – İslam İnqilabının qələbəsinin 41-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.


News24.az xəbər verir ki, əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.


Səfir Cavad Cahangirzadə İranın inqilabdan ötən 41 ildə keçdiyi inkişaf yolundan danışıb, bu müddətdə müxtəlif sahələrdə uğurlar qazanıldığını diqqətə çatdırıb.


İran-Azərbaycan münasibətlərindən danışan diplomat deyib ki, iki ölkə arasında dostluq və qardaşlığa, ortaq dini, mədəni və tarixi bağlara əsaslanan əlaqələr gündən-günə inkişaf edir, əbədidir və hazırda ən yüksək səviyyədədir. Dövlət başçılarının səmimi münasibətləri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm dayaq olub. Son illər qarşılıqlı turist mübadiləsinin artması, həmçinin rəsmi şəxslərin çoxsaylı qarşılıqlı səfərləri və böyük həcmdə ticarət əlaqələri dostluğun və yüksək münasibətin nəticəsidir. İki dövlət arasında imzalanmış çoxsaylı müqavilələr, müxtəlif sahələrdə icra olunan layihələr, o cümlədən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi bu əlaqələrin inkişafının göstəricisidir.


Baş Nazirin müavini Şahin Mustafayev əlamətdar gün münasibətilə İran xalqını Prezident İlham Əliyev və Azərbaycan hökuməti adından səmimi-qəlbdən təbrik edib. Qeyd edib ki, ötən dövrdə İran uğurlu və sürətli inkişaf yolu keçib. İranın əldə etdiyi nailiyyətlər yaxın dost və qonşu ölkə olan Azərbaycanı həmişə sevindirir.


Ş.Mustafayev bildirib ki, qarşılıqlı hörmətə və dostluğa, İslam irsinə əsaslanan tarixi və mədəni əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir. Bütün bunu şərtləndirən əsas amil kimi iki ölkə prezidentlərinin siyasi iradəsi xüsusilə vurğulanmalıdır.

 

Dövlətlərimizin başçılarının son illərdə 13 dəfə görüşməsi əlaqələrimizin inkişafına ən yüksək səviyyədə verilən böyük önəmin göstəricisidir.


Tədbirdə rəsmi şəxslər, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.