USD 1.7
EUR 1.9066
TRY 0.2519
RUB 0.0248
  • Bakı 22°C
  • ŞUŞA 20°C
  • GƏNCƏ 29°C
  • LƏNKƏRAN 25°C
  • ŞƏKİ 31°C
  • QUBA 21°C
  • NAXÇIVAN 34°C

Büdcəyə proqnozdan əlavə 200 milyon manata yaxın vəsait daxil olacaq- NAZİR

SİYASƏT

Mətn ölçüsü

“Siz 2020-ci il 19 mart tarixli Sərəncamınızla, həmçinin bizim qarşımızda hədəf qoymuşdunuz ki, biz ortamüddətli iqtisadi proqramı və strategiyanı da hazırlayıb təqdim edək. Diqqətinizə məruzə edirəm ki, onun da konturları müəyyənləşdirilib. İlk növbədə, ağ formal iqtisadiyyatın, rəqabətədavamlı və dayanıqlı iqtisadiyyatın qurulması bütün təklif olunan tədbirlərdə hədəf olaraq qırmızı xətt kimi keçir. İqtisadiyyatımızın ixrac yönümlülüyünü saxlamaqla və genişləndirməklə daxili istehsal və istehlakın həvəsləndirilməsinə yönəlmiş tədbirlər daha geniş yer alır. Vurğuladığınız kimi, məşğulluğun qorunmasını və genişləndirilməsini başlıca vəzifəmiz kimi görürük”.

News24.az məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda deyib.

Nazir neft-qaz gəlirlərinin əvəz edilməsinə yönəlmiş siyasəti həyata keçirmək niyyətində olduqlarını bildirib: “Spesifik olaraq kölgə iqtisadiyyatı mövzusu da müzakirə edilib. Bu gün Sizin diqqətinizə məruzə etmək istərdim ki, bu müzakirələr zamanı istər özəl sektor nümayəndələri, istər bank sektorunun nümayəndələri, Azərbaycan Banklar Assosiasiyasının təmsilçiləri kölgə iqtisadiyyatının azaldılması və aradan qaldırılması prosesində vacib bir alətin, kapital və əmlak amnistiyasının baxılması vəsatətini qaldırıblar. Biz ümumi paketdə onu da hökumətə və Sizin diqqətinizə təqdim edəcəyik.

Həmçinin diqqətinizə məruzə etmək istərdim ki, bu gün birinci rübün son iş günüdür. Bizim operativ məlumata əsasən dövlət vergi xidmətinin xətti ilə proqnoz tam yerinə yetirilibdir və Azərbaycan Respublikasının büdcəsinə təxminən 200 milyon manat ətrafında proqnozdan artıq yığılmış vəsaitin təmin olunması gözlənilir.

Əsas istiqamətlər olaraq biz, həmçinin keçən ildən Dövlət Sosial Müdafiə Fondunun ödənişlərinin yığımını həyata keçiririk. Bu istiqamət üzrə də birinci rüb ərzində ünvanlı dövlət sosial müdafiə fonduna təxminən 120 milyon manat daha çox vəsait yönəldilib. İstiqamətlər olaraq orta müddətdə həm kənd təsərrüfatı emalı sahəsinin genişləndirilməsi vacib prioritet kimi görünür, həm tikinti sektoruna dəstəyin artırılması və bu sahədə fəaliyyətin genişləndirilməsi. Mən bir daha Sizə təşəkkürümü bildirmək istəyirəm ki, bu istiqamətlərdə, həmçinin ticarət, tranzit və logistika sahələrində bizə artıq aydın göstərişlərinizi vermisiniz. Yük və karqonun daşınmasına gəldikdə bugünkü şəraitdə biz hətta keçən ilin martı ilə müqayisədə bu trendlərin artmasını görürük. Bu da Sizin həyata keçirdiyiniz uzaqgörən siyasətin birbaşa nəticəsidir.

Təbii olaraq Azərbaycanın ixrac potensialının artırılmasına, genişlənməsinə, eyni zamanda, bölgələrdə daha çox iş yerlərinin yaradılmasına, onların müasirləşdirilməsinə və sənaye potensialının gücləndirilməsinə xidmət edən dağ-mədən sənayesi istiqamətində də bir sıra layihələr hazırlanır. İnanıram ki, biz onları bu paket çərçivəsində təqdim etmək iqtidarında olacağıq”.

Xəbəri paylaş: