Qulamhüseyn Əlibəyli:  “Əbülfəs Qarayev şəxsən məsuliyyət daşıyır”
    • 14-05-2020, 15:29
    • 791

Qulamhüseyn Əlibəyli: “Əbülfəs Qarayev şəxsən məsuliyyət daşıyır”

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının Mədəniyyət Nazirliyində yüksək vəzifəli şəxslərin korrupsiya əməlinə görə həbs olunmasına münasibət bildirib.

News24.az ilkxəbər-ə istinadən xəbər verir ki, partiya sədri deyib ki, Mədəniyyət Nazirliyində baş verən rüsvayçılıq adi korrupsiya əməli yox, milli mədəniyyətimizə qarşı ağır cinayətdir: "Mədəniyyətin inkişafı üçün ayrılmış büdcə vəsaitlərinin talan edilməsi, mədəni irs sərvətlərinin dağıdılması, sistemli xarakter daşıyan rüşvətxorluq və digər korrupsiya əməlləri son nəticədə Azərbaycan xalqının mədəniyyətinə bərpaolunmaz zərər vurur. Korrupsiya əməlləri bir sıra digər mərkəzi icra hakimiyyəti orqanlarında da baş verir. Lakin Mədəniyyət Nazirliyi sistemində bu cinayət əməlləri daha təhlükəli xarakter daşıyır, insanları mədəni dəyərlərdən məhrum etməklə onların mənəviyyatını korlayır. Mədəniyyət Nazirliyində baş verənlər həm də bu sistemin idarə olunmasının səriştəsiz və yarıtmaz təşkilinin nəticələri kimi də qiymətləndirməlidir. Məlum olduğu kimi mərkəzi icra hakimiyyəti orqanları sistemində idarəetmənin təşkilinə görə bilavasitə onun rəhbəri məsuliyyət daşıyır. Nazirlik təkbaşına rəhbərlik edilən mərkəzi icra hakimiyyəti orqanıdır. Buna görə də hər hansı bir nazirliyin sistemində idarəetmənin təşkilinə, müvafiq sahənin inkişafına və baş verənlərə görə bilavasitə nazir şəxsi məsuliyyət daşıyır. O cümlədən Mədəniyyət Nazirliyində törədilən cinayətlərə – büdcə vəsaitlərinin talan edilməsi, mədəni irs sərvətlərinin dağıdılması, rüşvətxorluq və sair əməllərə görə təkcə həbs edilən məmurlar deyil, həm də nazir Əbülfəs Qarayev şəxsən məsuliyyət daşıyır. Həm siyasi, həm mənəvi və həm də hüquqi məsuliyyət…"