"Korrupsiya, talançılıq və rüşvətxoqluğun kökü KƏSİLMƏLİDİR" - PREZİDENT

"Korrupsiya, talançılıq və rüşvətxoqluğun kökü KƏSİLMƏLİDİR" - PREZİDENT
SİYASƏT

21 may 2020, 16:35

Mətn ölçüsü

"Mən sizi bu gün Ağstafa və İmişli rayonlarının icra hakimiyyəti başçısı vəzifəsinə təyin edirəm. Sizə böyük etimad göstərilir. Siz bu etimadı öz işinizlə doğrultmalısınız".

News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Ağstafa və İmişli rayonlarının icra hakimiyyəti başçıları həbs olunub. Bu barədə ictimaiyyətə məlumat verilib: "İndi istintaq gedir və hüquq mühafizə orqanları hər şeyi müəyyən edəcək. Artıq ictimaiyyət məlumatlandırılıb. Ağstafa və İmişli rayonlarında icra hakimiyyəti başçıları tərəfindən edilmiş bu pozuntular digər rayonlarda da mövcud olub və bir neçə icra hakimiyyəti başçısı artıq istintaqa cəlb edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bu mübarizə bundan sonra da aparılacaq. İndi həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırılır və yol verilmiş bütün pozuntular üzə çıxacaq. 
Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bütün xoşagəlməz hallara qarşı öz işinizlə ciddi mübarizə aparmalısınız. Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. Bu sahədə sizin dövlət tərəfindən böyük dəstəyiniz olacaqdır, eyni zamanda, geniş ictimaiyyəti də bu işlərə cəlb edin. Çünki ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir. Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir. Birinci növbədə siz vəziyyəti təhlil etməlisiniz və insanları narahat edən problemləri həll etməlisiniz. Sizin həll etməyə gücünüz çatmayan məsələlər barədə müvafiq mərkəzi icra orqanlarına məlumat verin ki, bu məsələlər operativ şəkildə öz həllini tapsın".