“Ermənistanın təxribatı onun üçün tam məğlubiyyətlə başa çatdı” - Hikmət Hacıyev

“Ermənistanın təxribatı onun üçün tam məğlubiyyətlə başa çatdı” - Hikmət Hacıyev
SİYASƏT

01 avqust 2020, 16:41

Mətn ölçüsü

Rusiyanın “Nasionalnaya oborona” jurnalının avqust buraxılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat barədə müsahibəsi dərc olunub. 

Müsahibəni təqdim edirik: 

- Azərbaycan-Ermənistan sərhədində döyüşlərə gətirib çıxarmış səbəblər hansılardır?

- Bu yaxınlarda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yaranmış gərginlik erməni təxribatının nəticəsi idi. Rəsmi Yerevan bu hərbi avantüranı törətməkdə bir sıra məqsədlər güdürdü. Onları şərti olaraq daxili və xarici məqsədlərə bölmək olar.
Daxili məqsədlər Ermənistanda ağır siyasi və sosial-iqtisadi durum, COVID-19-la bağlı acınacaqlı şərait fonunda vəziyyətin gərginləşməsi ilə bağlıdır. Məlum olduğu kimi, 2018-ci ildə Paşinyan erməni xalqına verdiyi populist vədlər dalğasında hakimiyyətə gəldi. Lakin zaman göstərdi ki, onun hökuməti həmin vədləri reallaşdırmaq, ölkədə həyatı yaxşılığa doğru dəyişmək iqtidarında deyil. COVID-19-la bağlı vəziyyət Ermənistan hökumətinin səmərəsizliyini əyani şəkildə nümayiş etdirdi. Buna görə də Paşinyan hökuməti güclənən etirazlar fonunda əhalinin diqqətini daxili problemlərdən yayındırmağa çalışır.
Xarici səbəblər arasında Azərbaycanın beynəlxalq arenada çox böyük uğurlarını qeyd etmək lazımdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi baxımından bizim beynəlxalq mövqelərimizin güclənməsi Ermənistanda həsəd doğurur. Pozucu siyasət yürüdən və Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan bu fonda Ermənistan ilə Azərbaycan arasında yeni, lakin bu dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində gərginlik ocağı yaratmaq yolu ilə beynəlxalq birliyin diqqətini Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərdə vəziyyətdən yayındırmağa çalışır. Rəsmi Yerevan bu cür təxribatlarla belə bir rəy yaratmağa çalışır ki, guya Azərbaycan Ermənistanın ərazisinə hücumlar edir, beləliklə, Ermənistan özünün üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır.
Bundan əlavə, Ermənistanın məqsədlərindən biri də ixrac neft-qaz kəmərləri, Şərq-Qərb nəqliyyat dəhlizi kimi beynəlxalq əhəmiyyətli strateji layihələrə təhlükə yaratmaq idi.
İnamla deyə bilərik ki, Ermənistan qarşısına qoyduğu məqsədlərə çatmadı və onun təxribatı tam məğlubiyyətə uğradı.

-Vəziyyət lap əvvəldən necə inkişaf edib, kim birinci atəş açıb? Azərbaycan tərəfi necə hərəkət edib?

- Döyüş əməliyyatlarını birinci olaraq Ermənistan silahlı qüvvələri başlayıb. Onlar iyulun 12-də artilleriyanı cəlb etməklə Azərbaycan Ordusunun mövqelərinə zərbə endiriblər. Bu hücum cavab atəşi ilə dəf edilib. Lakin əvvəllər olduğu kimi, Ermənistan bu təxribata görə də məsuliyyəti Azərbaycanın üzərinə atmağa atıb, əsassız, hətta gülünc dəlillər gətirib. Ermənistan tərəfi iddia edir ki, guya Azərbaycanın iki hərbi qulluqçusu UAZ avtomaşınında Ermənistan ilə sərhəddə hərbi təxribat törətməyə çalışıb. Əlbəttə ki, bu, absurddur və heç bir məntiqə uyğun gəlmir. Hansı müasir ordu silahlı düşmənə zirehsiz nəqliyyat vasitələrindən istifadə etməklə hücum edər?
Xüsusi vurğulamaq istəyirəm ki, Ermənistan ilə dövlət sərhədində Azərbaycanın heç bir hərbi planı və ya məqsədi yoxdur. Delimitarizasiya məqsədilə Ermənistan ilə sərhədin bu hissəsinin qorunması Azərbaycan Sərhəd Qoşunlarına həvalə edilib. Azərbaycan-Ermənistan dövlət sərhədində eskalasiya Azərbaycanın maraqlarına uyğun deyil. Əksinə, artıq qeyd etdiyim kimi, sərhədin bu hissəsində gərginlik ocağının yaranması Ermənistanın mənafeyinə uyğundur. /Qafqazinfo/