Ordumuzda smartfon söhbəti və qovulan hərbçilər.... - Müşfiq Abbasov yazır

Ordumuzda smartfon söhbəti və qovulan hərbçilər.... - Müşfiq Abbasov yazır
SİYASƏT

16 sentyabr 2020, 12:04

Mətn ölçüsü

Bu yaxınlarda erməni əsgərinin bizim hərbçilər tərəfindən cəbhə bölgəsində saxlanılması və bu zaman onun görüntülərinin hərbçilərimizdən biri tərəfindən smartfon tipli mobil telefona çəkilərək cəmiyyətdə yayılmasından sonra həmin hərbçilər ordu sıralarından qovuldu. Bu isə cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmadı. Əksər insanlar hesab etdi ki, hərbçilərimizin bu formada ordudan uzaqlaşdırılması düzgün deyil və bu məhz düşmən əsgərini əsir götürdüyünə və təhqir etdiyinə görə həmin hərbçilərimizdən qisas alınmasıdır. Müdafiə Nazirliyi isə həmişə olduğu kimi bu məsələnin mahiyyətini insanlara tam olaraq başa salmamaqla və susmaqla cəmiyyətdə bu quruma qarşı yenə də mənfi fikirlər formalaşdırdı. Sanki bununla kimsə Azərbaycan Ordusuna qarşı qərəzli mövqe nümayış etdirməklə qarayaxma kompaniyası aparır.      

Müdafiə Nazirliyi əvvəlcə cəmiyyətə açıqlamalı idi ki, orduda smartfon tipli mobil telefonlar hansı səbəbdən qadağan edilib. Məlumat üçün deyim ki, bu tip mobil telefonlara kənardan asanlıqla müdaxilə etməklə telefonun yaddaşında olan bütün məlumatları, şəkil və videoları götürmək mümkündür. Bu səbəbdən orduda bu tipli smartfonlar qadağan olunub. Məqsəd düşmənin xüsusi xidmət orqanı əməkdaşlarının hərbçilərimizdə olan smartfon telefonlara müdaxilə edərək ölkəmizin təhlükəsizliyinə və ərazi bütövlüyünə təhlükə yaradacaq məlumatların götürmələrinin qarşısını almaqdan ibarətdir. Buna görə də, ilk növbədə bu məsələdə hərbi qulluqçularımız son dərəcədə diqqətli olmalı, düşmənə mobil telefonlarından hər hansı bir məlumatı götürmək imkanı yaratmamalıdırlar. Əgər doğrudan da bu hərbçilərin ordudan qovulmasının səbəbi smartfon telefonlardan istifadədirsə, burda qanunsuz bir şey yoxdur. Verilən əmrlər qeyri-şərtsiz yerinə yetirilməlidir.    

Cəmiyyətdə Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı formalaşan mənfi fikrin səbəbkarı elə Müdafiə Nazirliyinin özüdür. İstər general-mayor Polad Həmişovun şəhid olmasında, istər Aprel döyüşləri zamanı Talış kəndi istiqamətində Xüsusi təyinatlı hərbçilərimizin həlak olmasında, istərsə də Tərtərdə baş verən hadisələr barədə vaxtında cəmiyyətə açıq və dolğun məlumatların verilməməsi, susqunluq və məlumatsızlıq insanlar arasında şaiyələrin və söz-söhbətlərin formalaşmasına səbəb oldu. Odur ki, bu mənfi rəyin formalaşmasında cəmiyyətin günahı yoxdur. Orduda baş verən istənilən hadisə ilə bağlı insanlara operativ və dolğun məlumat verməsi Müdafiə Nazirliyinin borcudur. Ordu bizim qürur yerimizdir və cəmiyyətdə bir nəfər də olsun buna şübhə ilə yanaşmamalıdır.

Müşfiq Abbasov