50 milyondan çox insanın dili...
Siyasət
Bu gün 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.
News24.az xəbər verir ki, bu barədə paylaşım edən Prezident İlham Əliyev bildirib ki, bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir: “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti”.
Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsində Ümumilli Lider Heydər Əliyevin böyük xidmətləri olub. Belə ki, Ulu Öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması mühüm əhəmiyyət kəsb edib. Beləliklə, 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmana əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Dil siyasəti hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin də siyasi fəaliyyətinin əsas qayəsini təşkil edib.
Ölkə başçısı İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibələrdə dilimizin xarici təsirlərdən qorunmasının hər bir vətəndaşımızın vəzifəsi olduğunu daim diqqətə çatdırıb: “Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm. Nə üçün mübarizə? Çünki bugünkü dünyada sən qapalı məkanda yaşaya bilməzsən. Sən dəmir pərdə ilə özünü bağlaya bilməzsən - istər-istəməz təmaslar, ondan sonra internet resursları, sosial şəbəkələr və sair. İstər-istəməz xarici kəlmələr daxil olur və sonra orada həzm olunur və ondan sonra istifadə edilir. Mən bunun əleyhinəyəm”.
Bu istiqamətdə atılan növbəti addımlardan biri olaraq, Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərmanını nümunə göstərmək olar.
Sözügedən Fərmanda kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklərlə bağlı aidiyyəti qurumların təkliflər planı hazırlaması öz əksini tapıb.
Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, ana dilimiz sadəcə ünsiyyət vasitəsi deyil, milli kimliyimizin və dövlət müstəqilliyimizin mənəvi dayağıdır: “Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır”.
Bu baxımdan Prezidentin çağırışı həm dövlət qurumları, həm də cəmiyyət qarşısında istiqamətverici xarakter daşıyır.
Dövlət başçısının Azərbaycan dilinin qorunması ilə bağlı səsləndirdiyi fikirlər təkcə dil məsələsinə münasibət deyil, eyni zamanda milli təhlükəsizlik, milli kimlik və dövlətçilik fəlsəfəsinə dair mühüm çağırış kimi qiymətləndirilməlidir.