Ceyhun Bayramov Türkiyə parlamentinin sədri ilə görüşüb

Ceyhun Bayramov Türkiyə parlamentinin sədri ilə görüşüb
SİYASƏT

20 oktyabr 2020, 13:47

Mətn ölçüsü

Oktyabrın 20-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-dən News24.az-a verilən məlumata görə, türkiyəli qonaqları səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov dövlətlərimiz arasında əlaqələrin xüsusi önəm daşıdığını və bütün sahələrdə yüksək səviyyəli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib və bu səfərin qarşılıqlı əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.

Nazir Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq həyata keçirdiyi cavab əməliyyatları və bu xüsusda qardaş Türkiyənin Azərbaycana verdiyi dəstəyi, o cümlədən türkiyə respublikasının Prezidenti başda olmaqla bütün səviyyələrdə, habelə Böyük Millət Məclisi tərəfindən sərgilənən dəstəyi çox yüksək qiymətləndirib.

Mustafa Şentop Azərbaycana səfərinin öncədən planlaşırıldığını, lakin baş verən hadisələr fonunda onun xüsusi bir əhəmiyyət kəsb etdiyini söyləyib. Türkiyənin dost və qardaş Azərbaycanın hər zaman yanında olduğunu vurğulayan Türkiyə Böyük Millət Məclisinin Sədri Dağlıq Qarabağ bölgəsinin həm tarixi, həm də hüquqi baxımdan Azərbaycan ərazisi olduğunu söylədi və beləliklə də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyindən çıxış etdiyini səsləndirib.

Mustafa Şentop Ermənistanın son hücumlarının, xüsusilə də mülki əhalinin məqsədyönlü şəkildə hədəfə alınmasının Ermənistanın sadəcə Azərbaycan üçün deyil, bütün bölgə üçün təhlükə mənbəyi olduğunu vurğulayıb. O, Ermənistanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərləri və dinc əhalini atəşə tutmaqla məqsədinin münaqişənin coğrafiyasını genişləndirmək və üçüncü dövlətləri bu münaqişəyə cəlb etmək olduğunu bildirib. Türkiyənin Ermənistanın bu işğalçı siyasətinə qarşı olduğunu, bölgədə sülh və təhlükəsizliyin təmin olunması mövqeyindən çıxış etdiyi səsləndirən Türkiyə Böyük Millət Məclisinin Sədri məhz bu səbəbdən də ölkəsinin Azərbaycanın haqlı mövqeyini sonuna qədər dəstəkləyəcəyini vurğulayıb.

Ceyhun Bayramov Mustafa Şentopa minnətdarlığını bildirib. Azərbaycan və Türkiyə arasındakı yüksək səviyyəli tərəfdaşlığın bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunmasına xidmət edəcəyindən əminliyini ifadə edib.