"Ermənistan təcavüzkarlığı, barbarlığı siyasət olaraq həyata keçirən dövlətdir" - Adil Əliyev

"Ermənistan  təcavüzkarlığı,  barbarlığı  siyasət olaraq  həyata keçirən dövlətdir" - Adil Əliyev
SİYASƏT

21 noyabr 2020, 15:01

Mətn ölçüsü

Sentyabrın 27-dən başlayan Vətən uğrunda müharibədə əldə etdiyimiz  Qələbələr silsiləsi hazırda da çox böyük uğurla davam etməkdədir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz müharibə dövründə cəbhədən cəbhəyə müvəffəqiyyətlə irəliləyib, yüksək döyüş hazırlığı nümayiş etdirərək düşmənin müqavimətini qətiyyətlə dəf edib. Ermənistana müharibə dövründə vurulan ziyanın bərpası üçün ən azı 10 illiklər lazım olacaq. Bu gün Ermənistanda xalqın etirazlarına səbəb cəbhədəki məğlubiyyətlə yanaşı, həm də maddi itkilərlə bağlıdır. Düşmənin sıradan çıxarılmış, məhv edilmiş və yaxud da Şanlı Ordumuz tərəfindən qənimət olaraq ələ keçirilmiş texnika ilə bağlı dəymiş  zərərin ödənilməsi üçün uzun illər lazım olacaq.
Biz cəbhədə qazandığımız qalibiyyətləri, eyni zamanda, diplomatik müstəvidə də davam etdiririk. Belə ki, Ermənistan məğlub ölkə olaraq kapitulyasiyanı imzaladı və bununla da işğal etdiyi Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxmaq məsələsini öz üzərinə öhdəlik olaraq götürdü.  Bu öhdəliyin icrası zamanı növbəti mərhələdə Ermənistan ordusu Ağdam rayonunun Ağdamın mərkəzi də daxil olmaqla bütün inzibati ərazi vahidlərindən çıxarılıb.

Bu qələbə həm də ona görə əhəmiyyətlidir ki, artıq torpaqlarımızın  işğaldan azad edilməsi döyüşsüz həyata keçirilir. Yəni, 44 günlük müharibədə Azərbaycanın qazandığı zəfər nəticəsində Ermənistan Ordusu təslim olaraq, işğal etdiyi bütün ərazilərin istisnasız olaraq boşaldılmasını qəbul edib.

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz müraciətində Ağdam rayonunun tam olaraq işğaldan azad edildiyini elan etdi və xalqımızı bu qələbə münasibətilə təbrik etdi. Ağdam rayonu işğal edilmiş rayonların arasında əhalinin sayına görə ən böyük rayondur,  işğaldan əvvəl bu rayonda 143 min insan yaşayırdı, hazırda isə rayon əhalisinin sayı 204 mindir. Ağdamın bir şəhər və 80 kəndi olmaqla ərazisinin 78 faizə qədəri ermənilərin əlinə keçmişdir. 

Təəssüflə qeyd etmək lazımdır ki, ermənilər işğal etdikləri ərazilərdə yalnız insanlara qarşı terror etməmiş, həm də tarixi, mədəni abidələrə qarşı da  öz barbar və vandal siyasətlərini həyata keçirmişlər. Düşmənlərimiz tarixi məbədlərimizi  vəhşicəsinə darmadağın edərək, ərazilərimizin geri qaytarılması zamanı  abidələrin daşlarını belə söküb aparmışlar. Ağdam rayonunda fəaliyyət göstərən  tarixi-mədəni abidələri talan edərək bütün infrastrukturunu məhv etmişlər. İşğala qədər Ağdam rayonunda fəaliyyət göstərən  Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, həmçinin digər dini abidə və ziyarətgahlar darmadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən, qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də qəddarcasına uçurulmuşdur. Xurşidbanu Natəvan türbəsinin indiki vəziyyətinə baxdıqda insanın ürəyi parçalanır. Ermənilər niyə bu cür türbə və abidələri məhv etmişlər, hansı səbəbdən mədəni irsin yox olması istiqamətində bu cür özbaşınalıqlar etmişlər? 

Məlumat üçün bildirmək istəyirəm ki, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolu var. Ermənistan bu protokolu ratifikasiya edib və bununla da həmin protokolun tələbinə əməl etməyi öz üzərinə vəzifə olaraq götürüb. Lakin, Ermənistan beynəlxalq hüququn digər normaları kimi, bu normaların da tələbini kobud şəkildə pozaraq, öz vandallıq siyasətini davam etdirib.
Yuxarıda göstərilənləri nəzərə alaraq, xüsusilə qeyd etmək lazımdır ki, Ermənistanın işğalçı siyasəti yalnız ərazilərin işğalı ilə yekunlaşmayıb. Onların  əsas hədəfləri sırasında işğal edilmiş ərazilərin talan edilməsi, maddi dəyəri olan bütün əmlakların qənimət olaraq ələ keçirilməsi və daşınması, əks halda məhv edilməsi nəzərdə tutulub. Bu işğal nəticəsində təkcə Ağdam rayonuna dəyən ziyanın məbləği 13 milyard 135 milyon ABŞ dollarıdır. 
Azərbaycanın işğaldan azad edilən bütün ərazilərinə nəzər yetirdikdə  görürük ki, Ermənistan işğal etdiyi rayonlarda, şəhərlərdə, kəndlərdə mövcud olan bütün tikililəri dağıdıb, tarixi-mədəni abidələri məhv edib. Bu isə onu deməyə əsas verir ki, Ermənistan yalnız işğalçı deyil, eyni zamanda, vandal və barbarlığı dövlət siyasəti səviyyəsində həyata keçirən ölkədir.