"Bakını, küçələrini, əsas da insanların pozitiv ruhunu sevirəm" - Hindistan səfiri ilə MÜSAHİBƏ

"Bakını, küçələrini, əsas da insanların pozitiv ruhunu sevirəm" - Hindistan səfiri ilə MÜSAHİBƏ
SİYASƏT / MÜSAHİBƏ

27 yanvar 2021, 17:48

Mətn ölçüsü

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna News24.az-a müsahibə verib:

- Cənab səfir, bir ildən artıqdır ki, öz vəzifənizi Azərbaycanda yerinə yetirirsiniz. Bu müddət ərzində nələri sevib, hansı adətlər sizə xoş gəlib?

- Son 2 ildən bir az artıq müddət ərzində Azərbaycanda yaşadığım təcrübə son dərəcə müsbətdir. Azərbaycan xalqının ümumilikdə və əsrlər boyu mövcud olan tarixi əlaqələrimiz səbəbindən Hindistana və hindistanlılara qarşı çox mehriban və səmimi olduğunu düşünürəm. Hindistan filmlərinin və musiqilərinin populyarlığı Azərbaycan xalqını Hindistana daha da yaxınlaşdırır. Qısa müddət ərzində Bakıda və Azərbaycanın digər şəhərlərində baş verən sürətli inkişaf məni müsbət mənada heyrətləndirir. Bakını, Bakı küçələrini, şəhər ətrafını və ən əsası da bu günə qədər ünsiyyətdə olduğum insanların pozitiv ruhunu sevirəm. 

- Cənab səfir, bu gün koronavirus epidemiyası bütün dünya üçün əsas problemə çevrilib. Hindistanda hazırda vəziyyət necədir və ölkəniz koronavirusun gətirdiyi problemlərdən çıxmaq üçün hansı addımlar atır? 

- Koronavirus pandemiyası qlobal ictimaiyyət üçün böyük çətinliklər yaradıb və bu baxımdan Hindistan istisna deyil. Hindistan hökuməti və Hindistan xalqı pandemiya ilə mübarizə və pandemiyanın aradan qaldırılması istiqamətində bütün səyləri göstərir. Baş nazirimiz cənab Narendra Modinin rəhbərliyi ilə Hindistan, böhranın sürətli, miqyaslı və qətiyyətli həllini həyata keçirir. Hindistan virusun yayılmasının qarşısını almaq üçün mümkün hər addımı atmışdır. Hindistanın sağlam səhiyyə sisteminə sahib olmasına baxmayaraq, biz hərəkətə keçdik və işçi qüvvəsi ilə yanaşı infrastruktur baxımından da gücümüzü artırdıq. Nəticədə, Hindistanda bir milyon əhaliyə düşən yoluxma və ölüm sayı ən aşağıdır. Hindistanda həmçinin, sağalanların say nisbəti çox yaxşı səviyyədədir ki, bu rəqəm 96.78 %-dir.

Pandemiyanın başlamasından sonra Hindistan pandemiya ilə mübarizə aparmaq üçün səhiyyə infratrukturunu geniş şəkildə təkmilləşdirdi və bu gün, ölkədə xəstəxana çarpayıları, test imkanları, şəxsi qoruyucu vasitələr və s. kimi resurslar xeyli saydadır. Covid-19 əleyhinə peyvəndlərin hazırlanması məqsədilə Hindistanda akademiya və sənaye sahələrindən təxminən 30 qrup fəal şəkildə prosesə cəlb olunub və nəticədə AstraZeneca-Oxford-Serum İnstitutunun 'Covishield' və Bharat Biotech şirkətinin 'Covaxin' adlı iki peyvəndi artıq təcili istifadə üçün təsdiqlənib. Əlavə olaraq, ölkə daxilində hazırlanmış 3 vaksin daxil olmaqla, altı vaksin namizədi klinik sınaqlardan keçir. 16 yanvardan etibarən AstraZeneca-Oxford-Serum İnstitutu hazırda bu ilin avqust ayına kimi 300 milyon əhalimizi əhatə etməsi gözlənilən dünyanın ən böyük COVID-19 peyvənd proqramı üzərində işləyir. 

Bəlkə də məlumatınız var, Hindistan həmçinin 20 yanvardan etibarən qrant yardımı adı altında Butan, Maldiv adaları, Banqladeş, Nepal, Myanmar və Seyşelə peyvənd tədarük edərək qonşu ölkələri dəstəkləmək məqsədilə addımlar atır. Hindistan Braziliya, Mərakeş və digər ölkələri də Covid-19 əleyhinə peyvəndlə təchiz edir. İstehsal, tədqiqat və inkişaf və innovasiya sahəsində üstünlükləri olan Hindistan, Covid-19 pandemiyası dövründə qlobal səhiyyə təchizatı zəncirində etibarlı pay sahibi olaraq mövqeyini sübut edib. Bu müddət ərazində Hindistan, Covid-19 ilə mübarizə məqsədilə 150-dən çox ölkəyə tibbi və digər yardımlar etməklə “Dünyanın Əczaxanası” rolunu oynayıb. Bu gün Hindistan peyvənd üzrə tədqiqatlar və peyvəndin hazırlanması istiqamətində liderdir və qlobal peyvənd istehsalının 60 faizi Hindistanın payına düşür.

- Azərbaycan-Hindistan münasibətləri ilbəil daha da möhkəmlənir. Düşünürəm ki, son illər ərzində Bakıda Hindistan günlərinin, festivalların təşkili buna bariz nümunədir...

Hindistanın Azərbaycanla tarixi və əsrlərlə davam edən əlaqələri var. Bu gün, xüsusilədə insanlarası mübadilə sahəsində inkişaf etməkdə olan əməkdaşlığımız nəticəsində ölkələrimiz arasında yaxın münasibətlər qurulmuşdur. Hindistan Azərbaycan üçün əsas ixrac istiqamətlərindən biridir. Hindistan da öz növbəsində Azərbaycana düyü, əczaçılıq məhsulları, mobil telefonlar, mühəndislik məhsulları, ət, çay, ədviyyat və s. kimi çoxsaylı məhsullar ixrac edir. Hindistan faktiki olaraq Azərbaycana ən böyük düyü ixracatçısıdır. Pandemiyadan əvvəl Hindistan və Azərbaycan arasında iki tərəfli ticarətin həcmi hər il 1 milyard ABŞ dollarından yüksək olub. Hindistanın işgüzar nümayəndə heyətləri mütəmadi olaraq Azərbaycana səfərə gəlirdi və pandemiya dövründə Səfirlik, Hindistanın müxtəlif ticarət palataları ilə birlikdə ticarətin təşviqi üzrə bir sıra tədbirlər təşkil edib. Əminəm ki, iki ölkə arasında ticarət əlaqələrinin artırılması üzrə böyük potensial var. Hindistanın publik neft şirkəti ONGC Videş Azərbaycanın neft sektorunda iştirakçıdır. Əsas Hindistan şirkətləri Azərbaycanda layihələrin icrasında maraqlıdır. Növbəti illərdə iki ölkə arasında ticarət əlaqələrininin gələcəyinin parlaq olduğunu düşünürəm.

- Məlum böhran Azərbaycanla-Hindistan arasındakı əlaqələrə, xüsusilə iqtisadi-ticari sahəyə necə təsir göstərib? İki ölkənin nəzərdə tutulmuş hansı planları, layihələr təxirə salınıb? 

Koronavirus böhranını fürsətə çevirməli olduğumuz fikrindəyik. Covid-19 pandemiyasının səbəb olduğu probelmlər, ümumilikdə əlaqələrimizi və xüsusilə də Azərbaycanla iqtisadi əməkdaşlığımızı şaxələndirmək üçün fürsət yarada bilər və həmçinin, iki ölkə arasında biznes əməliyyatlarının həcmini artırmaq üçün uzunmüddətli imkanlar aça bilər. Hindistan Səfirliyinin fəal iştirakı ilə hər iki ölkənin biznes palataları və biznesmenləri ticarəti artıra biləcəyimiz potensial sektorların müəyyən edilməsi məqsədilə vəziyyəti yaxından müşahidə edir və gələn aylarda inkişafı görəcəyimizə ümid edirik. Yuxarıda da qeyd etdiyim kimi, Hindistanın biznes qurumları Azərbaycanlı həmkarları ilə bir sıra onlayn görüşlər keçirir və ticarət nümayəndə heyətimizinin Azərbaycana yenidən səfər edəcəyi zamanadək, səyahət məhdudiyyətləri aradan qaldırılanadək belə onlayn görüşlər davam edəcək.

- Azərbaycan və Hindistan arasında hansı oxşar və fərqli cəhətlər sadalaya bilərsiniz?
 
Qeyd etdiyim kimi Hindistan və Azərbaycan arasında əsrlərlə davam edən qədim mədəni əlaqələr var. Hindistanlı səyahətçilər 500 il əvvəl bu regionu ziyarət edərək Atəşgahda qalırdı. Səkkizbucaqlı Od Məbədinə açılan bir çox qapı üzərində Sanskrit, Devanagari və Puncabi yazılarını görə bilərsiniz. Hind və Azərbaycan dillərində xeyli ortaq sözlər var. Hindistan filmləri, musiqisi, rəqsi, mətbəxi və s. Azərbaycanda çox sevilir.

- Azərbaycanın hansı bölgələrində olmusunuz? Ümumən, ən sevdiyiniz bölgə, şəhər hansıdır? Eyni zamanda Azərbaycan mətbəxindən ən çox sevdiyiniz yemək hansıdır?

Artıq Azərbaycanın əksər hissələrinə, o cümlədən Qubaya, Qəbələyə, Qusara, Gəncəyə, Şamaxıya, Qazaxa, Lənkərana, Mingəçevirə, İsmayıllıyya, Naxçıvana və s. səfər etmişəm. Azərbaycan həqiqətən də qonaqpərvər ölkədir. Özüm də şahidi olmuşam, Azərbaycan xalqı qonaqları xoş qarşılayır. Azərbaycanda Hindistana qarşı ümumilikdə məhəbbət görmüşəm və Azərbaycan şəhər və rayonlarının çox füsunkar olduğunu düşünürəm. Azərbaycan mətbəxi çox maraqlıdır və ümumiyyətlə Azərbaycan mətbəxini sevirəm.

- Cənab səfir, bildiyiniz kimi, Hindistan istehsalı olan filmlər ölkəmizdə çox məhşurdur. Hətta bir neçə film də Bakıda çəkilib. Bəs, cənab səfirin sevdiyi film hansıdır?
.
Azərbaycan xalqının ümumilikdə və xüsusilədə qədim əsrlik tarixi əlaqələr səbəbindən Hindistanlılara qarşı çox mehriban və səmimi olması fikrindəyəm. Azərbaycan xalqının Hindistan film və mahnilarına qarşı sevgisi, onları Hindistana daha da yaxınlaşdırır. Hindistan filmləri Azərbaycanda çox izlənilir və bir çox Hindistan filmləri və televiziya serialları Azərbaycan dilinə dublyaj edilib. Azərbaycanda Hindistan filmlərinə olan böyük marağı nəzərə alaraq Bakıda Hindistan film həftəsi təşkil etdik. Pandemiya bitdikdən sonra Bakıda və digər şəhərlərdə bir çox belə film festivalları təşkil edəcəyimizə ümid edirik. Hindistan mədəniyyət truppaları da vaxtaşırı olaraq Azərbaycana gəlir və müxtəlif şəhərlərdə çıxışlar edirlər .

- Qeyd etdiyim kimi, istər yaşlı, istərsə də gənc nəsil hind aktyorlaru Azərbaycanda yetəri qədər sevilir. Gələcəkdə onların səfirlik yolu ilə ölkəmizə gətirilməsi mümkün olacaqmı?

- Rac Kapur, Mitxun Çaxraborti, Şahrux Xan və s. daxil olmaqla Hindistan aktyorlar nəslinin Azərbaycanda çox sevildiyi doğrudur. Səfirlik, filmlər və kinolar vasitəsilə mədəni əlaqələrin inkişafı istiqamətində Azərbaycanda maraqlı tərəflərlə işləməkdən məmnundur. 

- Cənab səfir, bildiyiniz kimi Azərbaycan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin vacib iştirakçılarındandır. Bu mənada qeyd edilən dəhlizin iki ölkənin ticari-iqtisadi əlaqələrində əhəmiyyətini necə dəyərləndirirsiniz? 

Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin təsisçi üzvlərindən biri kimi Hindistan, nəqliyyat əlaqəsini təkmilləşdirəcək və Avrasiya regionu ilə, o cümlədən Azərbaycanla ticarəti artıracaq Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinə yüksək əhəmiyyət verir. Dəhlizin tam fəaliyyətə başlaması ilə Hindistandan Azərbaycana və daha sonra Rusiyaya və Avropaya yüklərin daşınması müddətinin və xərcinin xeyli azalacağına ümid edilir.İranın Bəndar Abbas və ya Çabahar limanlarından Bakı vasitəsilə Mumbaydan Moskvaya Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi marşrutunun iqtisadi cəhətdən əhəmiyyətli dərəcədə daha səmərəli və mövcud dəniz yolundan 40 faiz qısa olacağı təxmin edilir. Beləliklə Dəhliz, Hindistan və Azərbaycan və daha böyük Avrasiya regionu arasında daha yaxşı nəqliyyat əlaqəsini təmin edərək Hindistanın Avrasiya və Avropa ilə ticarət və iqtisadi əlaqələrini asanlaşdıracaq. 

Teymur Məmmədov