"Azərbaycan təcili Laçın dəhlizini nəzarətə götürməlidir" - POLİTOLOQ

"Azərbaycan təcili Laçın dəhlizini nəzarətə götürməlidir" - POLİTOLOQ
SİYASƏT

25 fevral 2021, 15:27

Mətn ölçüsü

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin baş naziri Nikol Paşinyanı istefaya çağırıb. Baş Qərargah N.Paşinyanın istefasını tələb edən bəyanat verib.
Sənədi Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan və 40-dan çox yüksək rütbəli hərbçilər imzalayıb. Onlar arasında 19 general və ordu korpuslarının komandanları da var. Silahlı Qüvvələrin Baş Qərargahı qurum rəisinin birinci müavininin vəzifədən azad olunmasına kəskin etirazını bildirib. Baş Qərargah ölkənin baş nazirinin bu qərarını dövlətə qarşı məsuliyyətsiz addım adlandırıb. Nikol Paşinyan isə onun istefasını tələb edən ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanı vəzifəsindən azad edib. 

 
Lakin hökumət başçısının sərəncamı hələlik qüvvəyə minməyib. Bunun üçün Ermənistan prezidenti Armen Sarkisyan O.Qasparyanın istefaya göndərilməsi barədə qərarı imzalamalıdır. Ermənistan dövlət başçısı hələlik qərarı imzalamayıb.
 

Politoloq Elxan Şahinoğlu məsələni News24.az-a şərh edib.
 
O bildirib ki, Moskva anlayır ki, Nikol Paşinyanın Ermənistanda olan reytinqi yüksəkdir: “Müxalifətin ətrafında toplaşanlar Paşinyanı sevənlərdən çox azdır.  Paşinyanın “İsgəndər” raketi ilə bağlı dediyi açıqlamalar Moskvanın xoşuna gəlməyib. Ola bilsin ki, Moskvadakı qüvvələr Ermənistan ordusundakı generallara müəyyən tapşırıqlar verib. Ancaq Ermənistan ordusunun Baş Qərargahının onun istefasını tələb etməsini Moskvanın xəbərdarlığı saysaq, bəs, Paşinyanın yerinə alternativ kim olacaq? Önəmli məsələ budur. Zənnimcə, Ermənistan bundan sonra sabitləşməyəcək və daha da qarışacaq. 
 
Bu məsələlərdə daha çox özümüzü düşünməliyik. Biz nə etməliyik? Təklif edirəm ki, elə bu gün, bu saatlarda vaxt itirmədən Laçın dəhlizi və bu dəhliz üzərindən sərhədi nəzarətə götürək. Çünki biz bilmirik orada sabah kim hakimiyyətə gələcək. Sərhədi nəzarətə götürəndən sonra biz biləcəyik ki, icazəsiz heç kim Azərbaycan tərəfinə keçə bilməyəcək”.