Biz "5 manat al, evdə otur” siyasətindən əl çəkməliyik
    • 23-10-2018, 12:10
    • 679

Biz "5 manat al, evdə otur” siyasətindən əl çəkməliyik

Birinci qrup əlilliyi olan şəxslərə evdə qulluq məsəələsi reallaşa bilər. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadi Rəcəbli məlumat verib. Millət vəkili bildirib ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna birinci qrup əlilliyi olan şəxslərə evdə qulluq məsələsi nəzərdə tutula bilər. Hazırda bu məsələ ətrafında müzakirələr aparılır.
Komitə sədri deyib ki, əlilliyi olan şəxslərə evdə qulluq məsələsini əsasən ailənin işləyən üzvləri qaldırır, bildirirlər ki, əgər onlara əlavə pul, müavinət verilərsə, özləri ailənin əlil üzvünə qulluq göstərər. Yəni, belə bir ideya mövcuddur. Yaxın günlərdə məsələ müzakirəyə çıxarılacaq.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov  ölkədə, ümumiyyətlə, əlilliyi olan şəxslərə münasibətin düzgün qurulmadığını dedi:
- Azərbaycanda "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun qəbul olunub. Əslində, bu qanun BMT-nin Əlillərin Hüquqları haqqında Konvensiyasına uyğun olmalıdır, beynəlxalq standartlara cavab verməlidir. Qanunda əlilliyi olan şəxslərə aktiv dəstək siyasəti nəzərdə tutulur. Amma görürük ki, aktiv deyil, passiv dəstəkdir. Mən əlilliyi olan şəxslərlə iş sahəsində çalışmışam, beynəlxalq təcrübəni öyrənmişəm. Məsələn, Xorvatiyada, niyə bu ölkəni misal çəkirəm, çünki o da Azərbaycan kimi gənc dövlətdir, Yuqoslaviyadan ayrılıb, müstəqilliyini elan etmiş ölkədir, birinci qrup əlillər, hətta psixo-sosial problemləri olan şəxslər (məsələn, daun sindromlu xəstələr) əməyə cəlb edilir. Bəlkə də onlar digər işçilər kimi gözlənilən, tələb olunan faydanı verə bilmir. Lakin Xorvatiya hökuməti tərəfindən yaradılmış xüsusi Fond bu zərəri qarşılayır. İşəgötürənlərə bildirilir ki, siz bu insanları işlə təmin edəcəksiniz, nə zərər olacaqsa, Fond onu ödəyəcək. Bizdə isə belə deyil. Əlilliyi olan şəxslərin işlə təminatında böyük çatışmazlıqlar, problemlər qalmaqdadı. 

Biz "5 manat al, evdə otur” siyasətindən əl çəkməliyik. Sosial müəssisələr yaradılmalıdır. Əlilliyi olan şəxslərin işə qəbulunda məhdudiyyətlər aradan qalxmalıdır. Lazım gəldiyi halda xüsusi Fond vasitəsilə bu şəxslərin əmək haqları ödənməli, əgər müəssisəyə məhz bu şəxslərin işi ilə bağlı hansısa zərər dəyirsə, ödənməlidir. Bax, bu olacaq aktiv siyasət. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası bu halda mümkündür. Ancaq bizdə nə edirlər? Başqa ölkələrdəki qanunları ştamplamaqla məşğuldurlar. Qanunlar ictimaiyyətə təqdim olunmadan, qeyri-hökumət təşkilatları ilə, vətəndaş cəmiyyəti institutları ilə müzakirə aparılmadan tələsik qəbul edilir. Bəzi alt məqsədlər üzə çıxmasın deyə. Hətta müəyyən terminləri də gərəkən tərzdə yazmırlar. Əlilliklə bağlı beynəlxalq standartlarda qəbul olunmayan terminlər bizdə hələ də işlədilir. Əlilliyi olan şəxslərə münasibətdə fərdilik, differensial yanaşma siyasəti olmalıdır.
//şərq.az