Bu gün Müslüm Maqomayevin anım günüdür
    • 25-10-2018, 10:58
    • 2 781

Bu gün Müslüm Maqomayevin anım günüdür

Oktyabrın 25-də görkəmli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) vəfatının 10-cu ili tamam olur.

News24.az xəbər verir ki, bu münasibətlə I Fəxri xiyabanda, sənətkarın məzarı önündə anım mərasimi keçiriləcək. Mərasimdə mədəniyyət və incəsənət xadimləri, dahi musiqiçinin yaxınları və dostları iştirak edəcəklər.

Müslüm Maqomayev zəngin yaradıcılığı ilə mədəniyyət salnaməmizdə məxsusi yer tutur. Böyük musiqiçi ecazkar səsi, geniş vokal imkanları və yüksək səhnə mədəniyyəti ilə adını Azərbaycan ifaçılıq sənətinin korifeyləri sırasına yazdırıb.

Müslüm Maqomayev 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın sinfində bitirib. 1963-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayan müğənni C.Rossininin “Sevilya bərbəri” operasında yaratdığı Fiqaro obrazı ilə populyarlıq qazanıb.

Müğənninin ifasında “Koroğlu” (Ü.Hacıbəyli), “Şah İsmayıl” (M.Maqomayev), “Toska” (C.Puççini), “Aleko” (S.Raxmaninov) operalarından ariyalar,  Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarca estrada mahnıları xüsusi yer tuturdu. Keçmiş SSRİ-nin ən populyar estrada müğənnilərindən biri olan Müslüm Maqomayev xalqın sevimlisinə çevrilmişdi.

O, 1974-cü ildə təşkil etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri ilə birgə ABŞ, Kanada, Fransa, Almaniya, Finlandiya, İsveçrə, İspaniya, İtaliya, Portuqaliya, Argentina, Braziliya, Polşa və başqa ölkələrdə böyük uğurla çıxış edib.
Görkəmli sənətkar 1973-cü ildə “SSRİ Xalq artisti” fəxri adına layiq görülüb, 1997-ci ildə Azərbaycanın “Şöhrət”, 2002-ci ildə “İstiqlal” ordenləri ilə təltif olunub.