"Hədəf bu qurumları büdcəyə yük olmaqdan qurtarmaqdır" - EKSPERT

"Hədəf bu qurumları büdcəyə yük olmaqdan qurtarmaqdır" - EKSPERT
SİYASƏT / İQTİSADİYYAT

30 mart 2021, 17:54

Mətn ölçüsü

“Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları”, “Bakı Metropoliteni” QSC-lərin, eləcə də, Bakı Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC-nin nizamnaməsi və strukturu dəyişəcək.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb. Sərəncamlarda deyilir ki, Azərbaycan İnvestisiya Holdinqi adları çəkilən dövlət şirkətlərinin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün dövlət başçısına təqdim etsin.
 
İqtisadçı Elman Sadıqov News24.az-a açıqlamasında alınan qərarların yaranma zərurətlərini izah edib. 


O qeyd edib ki, hər bir dövlət müəssisəsinin müstəqil olaraq idarə olunması daha məqsədəuyğun olardı: “Ancaq biz görürük ki, adları çəkilən qurumlar bu günə qədər müstəqil olmasına baxmayaraq, təəssüf ki,  bundan istifadə edib, müasir idarəetmə standartlarna keçə bilmədilər. Məlum qurumlarda risklərin idarə edilməsi, ölçmə-analiz, marketinq məsələləri yox səviyyəsindədir. Məsələn, AZAL-ın yaxşı marketinq həyata keçirməyə, öz risklərini düzgün hesablamağa, fəaliyyətini daha effektli qurmağa ehtiyacı var idi. Görünən odur ki, pandemiyaya qədər ən bahalı biletlərin satılmasına baxmayaraq, səmərəlilik çox aşağı oldu. Prezident dəfələrlə bu mövzu ətrafında çıxış etdi. Konkret mesajlar verildi ki, biz artıq əvvəlki dövrlərdə yaşamırıq. Neft erası bitmək üzrədir. Neft istehsalımız da aşağı düşüb və neftin qiyməti bir daha 80-100 dollara qalxmayacaq. Buna görə də konkret olaraq, hər bir dövlət müəssisəsi öz xərclərini optimallaşdırmalı, gəlirlərini isə artırmalıdır. Ancaq bunu qiymət artımı hesabına yox, fəaliyyətini daha effektiv qurmaqla əldə etməlidir. Son 3-4 il ərzində təssüf ki, bu istiqamətdə addımlar atılmadı”. 
 
E.Sadıqovun fikrincə, bizim bir çox dövlət müəssisələrində beynəlxalq standartlara cavab verən mühasibatlılıq demək olar ki, yoxdur: “SOCAR istisnadır. Çünki xarici investorlarla çalışdığı üçün orada mühasibatlılıq fərqli xarakter daşıyır. Sərəncamda adları sadalanan qurumlar iqtisadi strukturlardır. Onlar öz fəaliyyətlərini elə qurmalı idilər ki, faktiki olaraq gəlir gətirməli və büdcədən asılılıqları azalmalı idi. Ən əsas məsələlərdən biri kooperativ idaretmə standarlarının tətbiqidir. Bu, günümüzün tələbidir. Tələb isə yeni deyil, son 30-40 ilə aiddir. 4 qurumda nailiyyətlər əldə edilmədiyi üçün həmin strukturların İnvestisiya Holdinqin tərkibində birləşdirilməsi zərurəti yarandı”.
 
İqtisadçı bildirib ki, növbəti 3 il ərzində Azərbaycan İnvestisiya Holdinqinin əsas vəzifəsi həmin müəssisələri dərindən analiz etmək, risklərini ölçmək, potensialını müəyyənləşdirmək, şəffaflığı təmin etmək, xərcləri optimallaşdırmaq, daha effektiv mühasibat hesabatlılığını formalaşdırmaq və xarici auditorların həmin müəssisələrin fəaliyyətinə cəlb olması kimi önəmli addımlardan ibarətdir. Ən son hədəf isə həmin müəssisələri büdcə üçün yük olmaqdan qurtarmaqdır. Bu, önəmli nüansdır. Çünki büdcə uzun müddət bu yükə tab gətirə bilməz”.

News24.az