Külək Mehdiabadda binaların damını uçurdu - VİDEO
    • 25-10-2018, 18:25
    • 1 239

Külək Mehdiabadda binaların damını uçurdu - VİDEO

Bu gün əsən güclü külək Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlərin yaşadığı “Qarant” şəhərciyindəki yeddi mərtəbəli dörd binanın dam örtüyünü qoparıb. Binalardan birinin dam örtüyü tamamilə, digərlərininki isə qismən dağılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, komitə sədrinin göstərişi ilə Komitənin Tikinti-təmir və kommunal xidmətlər şöbəsinin, Mənzil İstismar Departamentinin, Tikilməkdə Olan Müəssisələr Müdiriyyətinin rəhbərləri və məsul əməkdaşları dərhal hadisə baş verən şəhərciyə gediblər.

Hazırda hadisə yerinə cəlb edilmiş təmir-tikinti briqadalarının dam örtüklərinin qopmuş konstruksiyalarını şəhərciyin ərazisindən təmizlənməsi və binaların damındakı vəziyyətin araşdırılması ilə məşğuldur. Komitənin məsul əməkdaşları şəhərciyə və məcburi köçkünlərə dəymiş ziyanı müəyyənləşdirirlər.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılması, binaların dam örtüyünün bərpası işləri tam başa çatanadək Dövlət Komitəsinin nəzarətində saxlanılacaq.

Hazırda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də hadisə yerindədirlər.