"Rusiya bunun riskli olacağını gözəl bilir" - ŞƏRH

"Rusiya bunun riskli olacağını gözəl bilir" - ŞƏRH
SİYASƏT

11 aprel 2021, 10:10

Mətn ölçüsü

“Rusiya seçkiqabağı proseslərdə Ermənistanda hökmranlığı ələ almağa çalışır”.

Bunu News24.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Rusiya Ermənistanda revanşist qüvvələri hakimiyyətə gətirmək istəyir: “Çünki seçkilərdə ən iddialı namizəd Paşinyandır. Onun reytinqi kifayət qədər yüksəkdir. Amerikanın “Gellap” şirkətinin iki dəfə keçirdiyi sorğuda Paşinyanın reytinqi 37 faizdən yüksək olub və bu reytinq artmaqda davam edir. Rusiya Ermənistanda Qarabağ klanını yenidən hakimiyyətə gətirmək istəyir. Amma bunun riskli olacağını gözəl bilir. Seçkilər saxtalaşdırılacağı təqdirdə bu, baş tuta bilər. Əks halda mümkün deyil. Bundan əlavə, Rusiya hərbi çevriliş vasitəsilə Köçəryanı hakimiyyətə gətirə bilər. Amma mən əminəm ki, bunlar olmayacaq. Erməni xalqı buna imkan verməyəcək. Seçkilərdə Paşinyan və onun “Mənim addımım" blokunun qələbə qazanmasına böyük ümidlər var. Bu blokun üzvləri kəndbəkənd, şəhərbəşəhər hər bir seçici ilə görüşür. Paşinyanın özünün də populist bir şəxs olduğunu da nəzərə alsaq, o, əhalini öz tərəfinə çəkməkdə mahir bir ustadır. Zənnimcə, Paşinyan özünün populizmindən istifadə edərək, seçkiqabağı kampaniyada partiyasının seçkiləri udmasını təmin edəcək”.


Q.Hüseynli bildirib ki, ədalətli, şəffaf seçkilər keçirilsə, Paşinyan çox böyük fərqlə qalib gələcək: “Rusiya Paşinyanın ölkə daxilindəki reytinqini və Qərb ölkələrinin ona münasibətini görür. Üstəlik Köçəryana olan münasibət də Rusiyaya məlumdur. Köçəryan haqqında cinayət işi qaldırılmışdı. O, 2010-cu ilin martında, seçkilərdən sonra əhalini gülləbaran etdirmişdi. 31 nəfərdən çox şəxsin qatilidir. Onun haqqında olan cinayət işi hələ qapanmayıb. O, əli dirsəyinə qədər qana batmış bir canidir. Köçəryan Azərbaycan ərazisində erməni xalqına qarşı canilik edib. Bu nöqteyi-nəzərdən onu heç seçkiyə buraxmaq olmaz. Ermənistanda yaşayan ermənilər Köçəryana da, Serj Sərkisyana da nifrət edir. Serj Sərkisyan məsələni başa düşdü, ona görə də yaxasını kənara çəkdi. Daha sonra isə elan etdi ki, Köçəryana dəstək verməyəcək. Bununla özünü sığortaladı".

Siyasət şöbəsi