Azərbaycan-Pakistan biznes forumu keçirildi

Azərbaycan-Pakistan biznes forumu keçirildi
SİYASƏT

29 aprel 2021, 18:30

Mətn ölçüsü

Bu gün İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Pakistan Ticarətin İnkişafı Qurumunun (TDAP) təşkilatçılığı ilə videokonfrans formatında Azərbaycan-Pakistan biznes forumu keçirilib.

News24.az-ın nazirliyə istinadən verdiyi məlumata görə, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, əczaçılıq, tekstil, sənaye, qida sənayesi və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin 90-dan çox nümayəndəsi iştirak edib.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Azərbaycan və Pakistan arasındakı sıx dostluq münasibətlərindən danışıb, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini vurğulayaraq, Pakistanın 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın mövqeyini birmənalı dəstəkləməsinin yüksək qiymətləndirildiyini, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Ölkələrimiz arasında həm iqtisadi, həm də digər sahələrdə əlaqələrinin daha da genişləndirilməsi üçün böyük potensial olduğunu diqqətə çatdıran R. Nəcəf işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayıb. Bildirilib ki, biznes təşəbbüslərinin stimullaşdırılması baxımından keçirilmiş tədbirlər yeni əməkdaşlıq imkanlarının yaranmasına, regionlararası tərəfdaşlıq sahəsində münasibətlərin inkişafına müsbət təsir göstərəcəkdir.

Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin inkişafı imkanlarından bəhs edən nazir müavini Pakistan iş adamlarını Azərbaycanda yaradılmış biznes mühitindən yararlanmağa, qeyri-neft sektorunun müxtəlif sahələrinə investisiya yatırmağa dəvət edib.

Pakistan İslam Respublikasının federal ticarət naziri Məhəmməd Saleh Əhməd Faruki çıxış edərək Pakistan-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin, qarşılıqlı investisiya əməkdaşlığının önəmini vurğulayıb, postpandemiya dövrü üçün nəzərdə tutulan layihələr, tədbirlər barədə məlumat verib.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ölkələrimiz arasında əlaqələrin inkişafına dair məlumat verib, bu cür tədbirlərin iki ölkənin biznes dairələri arasında əməkdaşlığln genişləndirilməsindəki əhəmiyyətli rol oynayacağını qeyd edib.

Pakistanın Azərbaycandakı Səfiri Bilal Haye iki ölkə arasında ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın həyata keçirildiyini, Pakistan iş adamlarının Azərbaycanda uğurlu layihələr reallaşdırdığını bildirib, iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi, qeyri-neft sektoruna investisiya yatırımın artırılması istiqamətində AZPROMO tərəfindən görülən işlər, Pakistan iş adamları ilə ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə həyata keçiriləcək layihələr dair məlumat verib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan tədbirləri, bu sahədə agentliyin fəaliyyətini, eləcə də KOB sahəsində Pakistanın müvafiq qurumları və sahibkarlıq subyektləri ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Sonda Azərbaycanın və Pakistanın biznes və investisiya mühitinə dair təqdimatlar edilib, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub.

Məhərrəm Əliyev Məhərrəm Əliyev